Əlli vurulsun... - Etibar Cəbrayıloğlu yazır
Tarix: 07-04-2025 16:50 | Bölmə: Xəbərlər
Əlli vurulsun...
Etibar CƏBRAYILOĞLU

Seymur Verdizadə bu məmləkətin populyar adamlarından biridir. Ölkənin ən tirajlı qəzetləri, oxunaqlı saytları üçün köşələr yazıb, reytinqli televiziya verilişlərində ekspert kimi çıxışlar edib. Rəsmi qurumda vəzifəyə gedənə kimi belə idi hər halda.

Seymur qardaşımla Bakıda, Xızıda, Xaçmazda, Yevlaxda, Lənkəranda, Cəlilabadda... hara getmişəmsə onu tanıyıblar, hörmətlə yanaşıblar, məhrəm adam kimi mehribanlıqla yaxınlaşıblar. Dostuma göstərilən bu xoş münasibətə həmişə, hər yerdə sevinmişəm. Çünki...



Çünki Seymur Verdizadənin bu populyarlığa çatana qədər mətbuatda necə əziyyətlərə qatlaşdığının, istedadı və zəhmətkeşliyi hesabına buralara gəldiyinin şahidlərindən biriyəm. İndi məmləkətimizin hər yerində populyar jurnalist kimi qəbul edilən Seymur Verdizadəni 90-cı illərin sonundan tanıyıram.

Bu gün əziz dostumun 50 illik yubileyinə sayılı günlər qalmış “Bu gün” qəzetindəki birgə çalışdığımız zamanları xatırlayıram. Qəzetin baş redaktoru Nəsib İsmayılov gənc və istedadlı jurnalistlərdən ibarət komada formalaşdırmışdı. Seymur redaksiyanın rəhbərliyində idi və şöbəsinə çox bacarıqlı, çalışqan gəncləri toplamışdı. Bu gün “Bu gün”dəki günləri xatırlayanda yadıma Sərhəd Xidmətinin hərbi qulluqçusu geyimində redaksiyamıza gəlməyi düşür.



Seymurla “Cümhuriyyət”də də yollarımız kəsişib. Jurnalistikadakı “Cümhuriyyət” günlərimiz özü bir ayrıca yazı mövzusudur. Həm “Bu gün”də, həm də “Cümhuriyyət”də Seymur Verdizadə baş redaktorlar Nəsib İsmayılovla Könül Xəlilovanın yaratdığı demokratik mühit və səlahiyyətdən yararlanıb jurnalistika prinsiplərinə xəyanət eləmədi, seçdiyi həyat kredosuna sadiq qalmağı bacardı.

Əlli yaşına çatan Seymur Verdizadə bu gün də həmin prinsiplərə sadiqliyini qorumağı bacarır. Əlli rəqəminin neçəyə vurulacağına, üstünə neçə gəlinəcəyini yalnız Allah bilir. Amma Seymur qardaşımı illərdir tanıyan biri kimi arxayınam ki, o, hər yaşında, bütün çətin vəziyyətlərdə həmin prinsipial, mərd, zəhmətsevər insan kimi qalacaq.

Seymur xoşbəxt insandı, doğulduğu Cəbrayılın Soltanlı kəndinin erməni işğalından azad olunduğunu gördü, ilk addımlarını atdığı həyəti, ata-baba yurdunu ziyarət elədi. Seymur məni və digər dostlarını da çox yaxın zamanlarda axarlı-baxarlı Soltanlıya aparacaq, qonaqpərvərliyini göstərəcək inşallah.

Yaşamaq gözəldi, qardaşım! Yola davam!






Bölməyə aid digər xəbərlər