18:26 / 03-06-2025
Baş nazir istefa verib
15:36 / 03-06-2025
Xankəndiyə dolu düşüb
12:59 / 03-06-2025
Sabah yağış yağacaq
Eşşəkcanın vəsiyyəti - Barat Əlioğlu yazır
Tarix: 02-06-2025 12:15 | Bölmə: Xəbərlər
Eşşəkcanın vəsiyyəti
Barat ƏLİOĞLU

(Barat Əlioğlu klassika ilə müasirliyin vəhdətidir - Vaqif Aslan, şair, nasir, tərcüməçi)

Gün vurur, həm acından, həm də fikirdən başım gicəllənir. Qabağımdakı nərdtaxtalarını da sata bilmirəm...

Turistlər çoxdur, amma nərd oynaya bilmirlər, mən də dil bilmirəm.

Əvvəllər çağırıb bir-iksini öyrətmək istədim, amma yenə də bu dil məsələsi aləmi bir-birinə qatdı. Səhər hirslənib nərdtaxtanı çırpdım, səsindən eşşəyim qorxdu. Elə mən də eşşəyimə görə qorxdum, dedim, bu dəqiqə şıllaq atıb aləmi bir-birinə qatacaq...

Bu gün nə eşşək qorxub, nə də mən. Guya hər şey yaxşıdır. Amma heç nə satılmır. Heç yaxına gəlib baxan da yoxdur. Axırıncı iki gündə vur-tut bir cüt zər satmışam. Onu da oynamaq üçün almayıblar, fransız qızı aldı. Qız zəri almamışdan qabaq biləyini göstərdi.

Əcnəbilərin dilini bilməmək məni yaman pis vəziyyətə salır. Yazıq qız biləyini göstərirdi, mən isə ovcumu. Sən demə, zəri qolbaq kimi biləyindən asacağını demək istəyirmiş. Eşşəyim də fransız qıza maraqla baxırdı, deyəsən xoşuna gəlmişdi.

Zərdən qazandığım pula da kartof aldım. Sərfəlisi elə kartofdur, içini özümüz yeyirik, qabığını da atırıq eşşəyin qabağına. Kartofun qabığını yeyib şellənir özü üçün. Axşamın sərinində də malları yükləyirəm belinə, ikimiz də qayıdırıq evə.

Sağ olsun bu yolu, ən pis vaxtlarda belə bizi evə çatdırır. Özünün xəbəri yoxdur, amma mən bu yoldan utanıram. Dəfələrlə dolanışıqdan şikayətlənib donquldana-donquldana tüpürmüşəm hər şeyə. O da gəlib-getdiyim yola düşüb. İndi də utandığımdan gedəndə başımı dik tutmağa çalışıram ki, yolu görməyim...

Oturub fikrə getmişdim, fransız qızı yadıma düşdü. Birdən bu zalım balası içini elə tökdü ki... Şəhər yerində buna deyəsən anqırmaq deyirlər. Bunların iç tökməkləri iki istəkdən baş verir – birincisi, vaxtı çatanda, ikincisi, vaxtı keçəndə. Deyəsən, bu dəfə ikincisi idi. Eşşəyin səsindən səksəndim və gözüm uzaqdan görünən evimizə sataşdı. Yadıma düşdü ki, nəsə yadımdan çıxıb.

Evimizə çatdıq, həmişəki kimi birinci həyətə mən girdim, sonra o. Çünki mən də öz yerimi bilirəm, o da. Masanın arxasına keçən kimi arvada dedim ki, tez ol yemək gətir. Dopdolu qrafindən də su tökdüm özümə. Çünki mənim adətim var, yemək yeyəndə gərək su içim. Arvadın yemək gətirməsini gözləyəndə ağlıma qəribə bir fikir gəldi. Öz-özümə fikirləşdim ki, dünyanın qəribə işinə bax e, insanlar yemək yeyəndə su içir, heyvanlar isə ya yeməkdən əvvəl, ya da sonra...

Bizim uşaq da oturub televizora baxırdı.
- O nədir orda göstərirlər? Bizim eşşəyə yaman oxşayır...

- Zebradır, - deyə, uşaq cavab verdi.

Televizorda bu heyvanın zebra olmasından, camaatın dünyanın hər yerindən gəlib onlarla şəkil çəkdirmələrindən, heç olmasa bir neçə dəqiqəlik də olsa zebraya minmək istəmələrindən, onları görmək üçün pul xərcləmələrindən danışırdılar.

Yediyim çörək ilişib qaldı boğazımda, nə yuxarı qalxdı, nə aşağı getdi. Bir yandan da fikir məni götürdü. Dedim ki, burda nə isə var, amma mən bilmirəm. Eşşək həmin eşşək, turistlər də həmin turistlər. Oturduğum yerdən dik atılıb sevincək udqundum. Bir istədim qaçam dükana tərəf, onsuz da getməliyəm də. Bayaqkı yadıma düşüb, yadımdan çıxanı almağa. Hava alatoran olduğundan axşamın xeyrindən sabahın xeyri yaxşıdır-deyib, dik atıldığım yerə qayıtdım. Zalımın qızı əhvalımın heç də yaxşı olmadığını dərhal anladı, səhərəcən yatmadım... Sübh tezdən eşşəyin yanına getdim. Çöldəki əl-üz yuyanın yanında talvar kimi bir yer var, orda gecələyir. Məni görən kimi yanıma gəlməyə başladı. Kölgədən çıxmışdı, qapqara tükləri günəşin altında par-par parıldayırdı. Əlimlə işarə etdim ki, dur, dayan. Uzaqdan baxıb fikrim həyata keçəndən sonra eşşəyimin necə görünəcəyini əvvəlcədən təxmin etmək istəyirdim. Yanımda eşşək, daha doğrusu, eşşəyin yanında mən getdik dükana. Hələ səhər tam açılmamışdı, dükanın qabağında oturdum, gözlədik. Gəlib-gedən salam verib keçir, qıyqacı eşşəyə baxırdı, xoşlarına gəlirdi eşşək. Həmişə onu yük altında görüblər, səhər işə gedəndə də, axşam işdən gələndə də. İndi elə bil zalım balası toya gedirdi. Tərtəmiz, heç nəsiz. Özünə də ləzzət edirdi. Fikirləşdiyim baş tutsa, eşşək gərək mənim kimi yüksüz getsin, mən isə eşşək kimi yüklü.

Dükan açıldı, ağ rəngli boyanı aldım. Bir neçə ölçüdə fırça da aldım və getdik məktəbə. Məktəbdə ingilis dili müəllimi var, qəbiristanlıqda işləyir, oraları rəngləyir. Elə bilir qəbiristanlığı rəngləyəndə təzə görünəcək. Uşaq vaxtı elə bilirdim qəbiristanlıq yerin altındadır. Girirsən tunel kimi bir yerə və sağda, solda qəbirlər görürsən. İndi də elə fikirləşirəm, axı yerin üstündə ancaq baş daşlarıdır. Qəbirlər yerin altındadır.

Eşşəknən getdim məktəbə, heç kim təəccüblənmədi. Elə bil öyrəşmişdilər. Hüseynqulu müəllimi çağırdım.

- Xeyir ola, ay Sabir? Eşşəknən məktəbə niyə gəlmisən?

Bir eşşəyə baxdı, bir mənə, bir də əlimdəki vedrəyə və soruşdu:
- Nə etmək lazımdı? Nə sən, nə eşşək ingilis dili öyrənən deyilsiniz, mənlik nə var? Adə, eşşəyi də rəngləyərlər?

- Rəngləmək lazımdır. Özü də kruqavoy, zebra kimi.

- Ayə, apar maşın rəngləyənlərin yanına, qoy onlar rəngləsinlər.

- Yox, ay Hüseynqulu, burada əl işi lazımdır. Özü də boyaya-boyaya bir az ingiliscə danış onnan, gələcəkdə lazım olar.

- Yaxşı, axşamüstü gətir qəbiristanlığa, görək neynirik.

Bütün günü boş idik deyə məktəbdən getdik işə. Heç nə aparmamışdıq, elə-belə getmişdik. Birinci dəfə idi ki, eşşəknən gəzməyə gəlmişdik. Öz yerimizə çatanda iş qonşum Cəlil:

- Nə əcəb belə gec, özü də heç nəsiz?

- Nə bilim əşşi, başıma bir fikir gəlib, istəyirəm onu edim.

- Allah sənin canını sağ eləsin, Sabir. Sənin fikirlərindən çox adam istifadə edib, çörəkpulu qazanıb. Amma sən özünə bir gün ağlamadın.

- Nə bilim, ay Cəlil? Özüm üçün fikirləşə bilirəm ki? Bir də özüm üçün fikirləşəndə dünya balacalaşıb olur fındıq boyda. Yaxşısı budur qoy fikirləşim fikirləşdiyim kimi.

Bir az ordan-burdan danışıb evə qayıtmaq istəyirdim ki, eşşəyin turistlərə baxdığını gördüm. Toşş!...-dedim, eşitmədi əə... Elə bil o da fikirləşirdi. Böyrünə bir dümsük vurdum. Başını döndərib mənalı-mənalı: - Deyəsən, bunlar üçün hazırlaşırıq, - dedi. Təbii ki, nə dediyini danışa bilmədiyi üçün gözlərindən oxudum. “Lalın dilini anası bilər”,- deyirlər. Mən də bunun dilini bilirəm. Eşşəyi olanlar məni yaxşı başa düşərlər. Başına əlimi yellədib: - Hardan bildin?- deyə soruşdum. Gülümsündü. - Gəl düş qabağıma gedək,- dedim. Yavaş-yavaş yerimiz dəyişir, deyəsən. Başa düşmədim, niyə ona “gəl düş qabağıma gedək”,- dedim. Axı həmişə qabaqda mən getmişəm, işlərim də alınmayıb. Bəlkə indiyənəcən səhv etmişəm? Qabaqda eşşək getməli imiş. Nə isə...

Axşam oldu. Fırçaynan boyanı götürüb kəndin mərkəzinə-qəbiristanlığa tərəf getdik. Hər yerdə qəbiristanlıq kəndin qırağında olur, bizdə isə kəndin ortasındadır. Elə bil kəndi qəbiristanlığa görə salıblar. Qəbiristanlıq da son illər böyüyüb küçələrə girib. Qəbiristanlıqdakılar kənddəkiləri keçib.

- Sabir, burdayam!- Hüseynqulunun səsi gəldi. Ora-bura baxdım görmədim. Qəbiristanlıqda bu qədər adamın içində onu tapmaq asan deyil. Axır ki, gördüm, Hüseynqulu əlində lom gülə-gülə bizə tərəf gəlirdi.

- Səhərdən gülmək tutub məni ədə. Heç eşşəyi də rəngləyərlərmi? Bəlkə bu yazıq necə var elə qalsın?

- Birincisi, Hüseynqulu heç vaxt yazığa yazığın gəlməsin.

İkincisi, bu dünyada sənin bilmədiyin şeylər var.

Üçüncüsü, indi eşşəklər də dəyişir, zəmanə belədir. Vaxt itirmə, kim tapsa qaytarmayacaq.

İnsafən Hüseynqulu da heç nə demədi, başını yelləyə-yeləyə başladı işini görməyə. Gec qurtardıq. Camaatın çoxu yatmışdı, qalanı da evdə idi.

Hüseynqulu işini bitirdi. Ay işığında eşşəyim qəribə görünürdü. O həm eşşək idi, həm də eşşək deyildi. Birinci dəfə idi ki, eşşəyimin eşşək olduğuna şübhə edirdim. Hərdən bir ağzını açıb içini boşaltmaq istəyirdi, amma dərindən nəfəs alıb susurdu. Başqa cür görünməyinə rəğmən hələ də daxilən eşşək qaldığını göstərmək istəyirdi. Amma şəraitə uyğun olaraq adamlar arasında yerini qorumaq naminə hələ ki, dərindən nəfəs almaqla kifayətlənirdi. Yerişi də dəyişmişdi deyəsən. Bərk girmişdi bu zebra obrazına. Deyəsən, boya quruduqca sıxırdı onu. Yerində qurcunurdu. Amma sağ olsun Hüseynqulunu, elə bil yüz ildi eşşək boyayırdı, heç pul da almadı.

Dedim: - Niyə pul götürmürsən?

Dedi: - Neçə vaxt idi ki, işdən belə ləzzət almamışdım. Bu iş puldan da artıqdır.

Dedim: - Sağ olasan ay Hüseynqulu! İşlərim alınsın əvəzini çıxaram.

Daha eşşəyimə eşşək kimi baxa bilmirəm. Zebraya daha çox oxşayır. Deyirəm, görəsən zebranı da rəngləyib eşşəyə oxşatmaq olurmu? Nə isə... Bir az pərt olmuş kimiyəm, elə bil eşşəyə xəyanət etmişəm. Həyətə girəndə arvad bizi görüb ağzını açdı və sonra da yumdu. Birinci dəfə idi ki, deməyə söz tapmadı. Fürsətdən istifadə edib dedim:

- Donquldanma, pis başa düşər. Onsuz da kefi yoxdur.

- Niyə bu günə salmısan bunu?

- Zebra etmişəm, belə lazımdır. Sabah aparacam turistlərin yanına.

- Nə zəbra? Bütün kənd gülər bizə.

- Arvad, zəbra yox e, zebra! Üstünə bir şey salaram təzə-təzə, sonra baxarıq. Həm də nə pis iş görmüşəm ki? Eşşəyi dəyişib biznesmen etmək istəyirəm də! Pul qazanacam, pul. Öz aramızdı, adını yaxşı qoymusan a zəbra.

- Vallah Sabir biabır olacağıq.

- Niyə? Eşşəyi eşşək kimi işlədəndə biabır olmadıq, indi gül kimi zebra olanda biabır oluruq? Az danış, yemək gətir, öldüm acından.

Səhər tezdən yuxudan qalxıb getdim eşşəyin yanına, zolaqları qurumuşdu. Dəyişmişdi eşşək. Bir gecəyə mən də dəyişmişdim. Elə bil Hüseynqulu ikimizi bir yerdə rəngləmişdi. Açığı, özümü artıq şirkət sahibi kimi aparırdım. Böyük bir işin astanasında olduğumu hiss edirdim. Darvazadan çıxıb bazara yollandıq. Bazar deyəndə ki, bir neçə piştaxtadır yolun qırağında. Turistləri gəzdirən bütün avtobuslar burda saxlayır, bulaqdan su içir, dincəlirlər. Biz də əlimizdə nə var, hamısını turistlərə təklif edirik. At nalından tutmuş kirkirəyəcən. Nalı alan çox olur, kirkirəni fırladan. Bu dəfə nərdtaxtanı və yükü özüm daşıyırdım. Hamı bizə baxırdı, biz də bir-birimizə. Əlimdəkiləri yerə qoydum. Onları yerbəyer etmək istəyirdim ki, üç-dörd turistin və qonşu iş yoldaşımın bizə tərəf gəldiyini gördüm.

- Bu nədir, ay Sabir? Əəə... nə qəşəng görsənir.

- Sən Allah yavaş, hələ təzədir axı.

Turistlərdən biri əlindəki çörəyi eşşəyə uzatdı. O birisi şəkil çəkdirmək istəyirdi ki, qəfildən özüm də gözləmədən qışqırdım.

- Ten dollar.

Gülməyə başladılar, amma biri cüzdanını açmağa başladı. O dəqiqə fikirləşdim ki, deyəsən az dedim. Amma cəhənnəm, işə təzə başlayıram deyə olar. Turist ten dolları uzatdı mənə. Beş dənə bir dollar idi, bir dənə də beş dollar. Siftədir deyə bir dolların Vaşinqton tərəfini sürtdüm eşşəyin arxasına. Xalçalara və milli geyimlərə tamaşa edən turistlər də biz tərəfə baxmağa başladılar. Özümü tox göstərməyə çalışırdım, amma əl-ayağımı tər basmışdı.

Yanımda bir tütək çalan oturur-Əşrəf. O da tütək çala-çala pul qazanır. Kordur. Amma insafən gözəl çalır. Əşrəf gəlməyəndə buralar maraqsız olur. O, tütək çalanda gözləri açılır elə bil, dünyanı görür, başını dik tutur, uzaqlara baxır. Çalıb qurtaran kimi də yenidən kor olur. İndi həvəslə çaldığı aşıq havasıdı - “Göyçəgülü”.

Armudu stəkan satan var - Tariyel. Heyvərəyə Tarzan deyirik. Tarzan, gəl kömək elə, göz-qulaq ol, qoyma havayı şəkil çəkdirsinlər,- dedim. Tariyel də elə bil bunu gözləyirmiş, anındaca bitdi eşşəyin yanında. Yaraşırdılar bir-birinə. Bir qız da şəkil çəkdirmək istəyirdi. Eşşək dönüb mənə baxdı. Yadıma fransız qızı düşdü. On dollar da bu qızdan aldım. Dərhal gəlirimi-çıxarımı hesabladım, deməli, cəmi on dəqiqədir girişmişəm bu işə, artıq iyirmi dollarım var. Axşama qədər iki yüz bir dollar qazandım. Uçurdum... Ancaq eşşəyin ritmində getməliydim, özümü qudurmaqdan qorumalıydım. Axı işi görən eşşəkdi, mən sadəcə kassir idim. Bu dəfə nədənsə yol çox uzun gəldi mənə. Özümü evə tez çatdırmaq istəyirdim. Arada istədim ki, qaça-qaça evə gedim, amma eşşəkdən utandım. Nə olsun ki, eşşəkdir? Dönüb birdən deyər ki, həmişə bir yerdə gedirdik, indi nə oldu? Nə isə, gəlib çatdıq. Eşşəyi qabağa buraxdım, girdik həyətə. Arvad bizi gözləyirdi. Tez cumdu eşşəyin üstünə.

- Sabir, nə təhər oldu? Bir şey çıxdımı?

- Ay arvad, bir şey nədir? Pul çıxdı, pul!

Cibimdən dolları çıxardım, xırda olduğuna görə çox görünürdü. Arvad başladı eşşəyin üzündən öpməyə:

- Halal olsun, mən bilirdim əvvəl-axır bizi bir günə çıxardacaq. Özü də Sabir, bu gecə yuxu görmüşdüm. Gördüm ki, həyət doludu təzəknən...

- Ay arvad, təzəyin bu məsələyə nə dəxli var?

- Deyirlər yuxuda təzək görəndə ələ çoxlu pul gəlir.

- Arvad, pul olandan sonra yuxuda nə görürsən gör, hamısı uyğun gəlir. Sən get eşşəyi rahatla.

İşlərim çox yaxşı gedirdi. Tez-tez də fransız qızı yadıma düşürdü. Bir neçə il idi ki, çoxlu pul qazanmağa başlamışdım. Artıq ona nə zebra deyirdim, nə də eşşək. Ona Eşşəkcan deyirdim. Keçən həftə Eşşəkcan dedi ki, Sabir, əvvəllər heç kim bizə yaxın düşmürdü, indi isə mənə də salam verirlər.

Yavaş-yavaş qohumlar çoxalmağa başlamışdı. Dostlarımın sayı və danışıqları dəyişmişdi. Hətta borc pul istəyənlər də olurdu. Mən də: - Mənim pulum deyil, verə bilmərəm, gedin özündən istəyin,- deyib Eşşəkcanı göstərirdim. Borc istəyənlər də elə bil bir-birilərinə oxşayırlar. Onlar eyni cümlələri deyir, eyni cürə yeriyir, eyni cürə yazıq olurlar. Eyni cürə alır və eyni cürə də qaytarmırlar. Yaxşı ki, Eşşəkcandan borc ala bilmirlər. Eşşəkcanın dostu da yoxdur. Bir tanışı var, o da eşşək deyil, hərdənbir küçədə görüşürlər.

Bir şeyə çox heyfislənirəm, Eşşəkcanın balası olmadı. Dəfələrlə hiss etmişəm ki, o da bu barədə düşünür. Mən də nə edim? Çarəsizəm bu məsələdə. Nə isə, xoşuma gəlir bunların xasiyyəti, müasir dövrün qayda-qanunlarına da uyğundur. Özlərini eşşək kimi göstərib altdan-altdan pul qazanırlar. Mənim kimi adamları da özlərinə kassir qoyurlar. Kassir kimi işim-gücüm pul saymaqdı. Eşşəyin kassiri olmuşam. Mənim başqa kassirlərdən bir fərqim var, saydığım pulun hamısı mənə qalır. Maşın da almışam, villa da tikdirmişəm, uşağı xaricə oxumağa da göndərmişəm. Dünən uşaqla telefonla danışdıq, dedi ki, papa, universiteti qurtardıqdan sonra nə edirsən et, mənə beş-altı eşşək tap. Başqa heç nə lazım deyil.

Bir neçə ildir ki, adam kimi yaşayırıq. Bu illər ərzində eşşəklərin sayını azaldıb, zebraların sayını çoxaltmışam. İşlər yaxşı gedir, Eşşəkcanla birgə yeddi zebram var. Hamısını da Hüseynqulu rəngləyib. Yazıq bu yaxınlarda elə qəbiristanlıqda da ölüb, heç kimi narahat eləməyib. Bu kənddə bəlkə elə yeganə adamdı ki, ölməli yerdə ölüb.

Əşrəf də zurnasını dəyişib, qəhvəyi rəngdədir. Amma Əşrəf deyir ki, qara zurnadır. Yoxdur buralarda, amma o, yadıma düşəndə eşidirəm onu.

Arvad daha yuxuda təzək görmür. Mən də artıq tez-tez saçımı düzəltdirirəm, maşının açarı da əlimdən düşmür. Eşşəkcan da çox razıdır. Maşınla aparıb gətirirəm, yeməyi-içməyi, televizorlu otağı, hər şeyi yerli yerindədir. Amma on günə yaxındır ki, qanım bərk qaradır. Həkimlər deyib ki, çarəsi yoxdur, öləcək. Aparmadığım yer qalmayıb, Türkiyədən gətirilən həkimə də göstərdim. Hansı həkim baxırsa, deyir, qocalıqdandır.

Hər gün bir neçə dəfə qapını bağlayıb hönkür-hönkür ağlayıram. Onsuz necə yaşayacağımı düşünə bilmirəm. Məni adam edən Eşşəkcanı itirmək istəmirəm. Bilirəm ki, hər şeyim ola-ola heç nəyim olmayacaq. Ayrılmaq istəmirəm ondan. Bir neçə gündür gecələr də yanında yatıram. Görürəm ki, günü-gündən vəziyyəti bir az da pisləşir. Bu gün günorta məni çağırdı yanına. Dedi ki, Sabir, mənə çox yaxşı qulluq etmisən. Üzündən öpdüm. Mən sənə yaxşılıq etmişəm, sən də məni adam eləmisən,- dedim.

Adamlarla heyvanların fərqini indi bilmişəm. Təzə-təzə başa düşməyə başlamışam dünyanı. Təbiətin təbiəti bu imiş. Hamımız bir-birimizə hörmətlə, izzətlə yanaşmalıyıq. Sənin mənə öyrətdiyini heç bir kitabdan oxuyub öyrənə bilməzdim. Bizim sizə hələ çox ehtiyacımız olacaq.

- Sabir...

- Ay can.

- Bir xahişim var.

- De, nə istəsən hamısını can-başla edəcəm.

- Sabir, apar yu bu zolaqları, mən kişi kimi ölmək istəyirəm! Məni eşşək kimi dəfn eləyərsən.

Qəhərləndim. Yanında ağlamayım deyə özümü ələ almağa çalışdım, amma bacarmadım, sarıldım boynuna. Nə istəmişdisə hamısını elədim.

Yuyurdular onu. Su damlalarının arasından göz yaşlarını seçirdim. Fərqli parıldayırdı, tez-tez başını qaldırıb mənə baxırdı. Yuyan öz işində idi. Hönkürürdüm. Qəribədir, o dönüb eşşək olmaq istəyir, mən isə əvvəlki Sabir olmaq istəmirdim. İndi ayda bir neçə dəfə gedirəm onu basdırdığım yerə. Şəkilinə baxıb söhbətləşirəm. Axşamüstü gedirəm, axşamaltı qayıdıram. Hər dəfə də fransız qızı yadıma düşür...




Bölməyə aid digər xəbərlər