Əridi, qalmadı dağların qarı... - Səməd Məlikzadə yazır
Tarix: 17-07-2025 07:35 | Bölmə: Xəbərlər
Əridi, qalmadı dağların qarı...
Səməd MƏLİKZADƏ

Həyatda, yaşadığımız ağlı-qaralı illərdə Allah bizə çox şey bəxş edir: ata-ana, bacı-qardaş, övlad, nəvə-nəticə... Amma dostu özümüz qazanırıq. Təəssüf ki, illərlə çörək kəsdiyimiz, ürəyimizdəki ən pünhan arzularımızı dərdi-dil elədiyimiz bəzi dostlar sonralar xırda giley-güzar ucbatından "nimdaş paltar kimi süzülüb gedir", unudulur, illərin sınağından çıxa bilmir. Halbuki, gözəl dost güvəndiyin dağ, hər zaman arxasınca gedə biləcəyin adamdır. Dost sevincinə sevinib, dərdinə ortaq olandır. Məncə, dost yaxşı gündə, yaman gündə yanında hiss etdiyin hənirdir. Dost işıqdır, əzmdir, cəsarətdir, təkliyimizi unutduran sirdaşdır. Dost aynadır. Dostsuz qalsaq, qapımızın zəngi pas atar, qəlbimizi hər zaman qəm-qüssə göynədər...

Gəncliyimin ən qaynar illərində rastlaşdığım, sonralar ən əziz adamım kimi bağrıma basdığım, övladlarımın hər zaman ağızdolusu "əmi" dediyi bir insan vardı- Ziyadxan müəllim.

Onunla tanışlığımın qırx ildən çox tarixi var. Bakı Dövlət Universitetini bitirib, Şamaxıda çıxan "Yeni Şirvan" qəzetində işləyirdim. O illər Şamaxının qaynar çağları idi. Onda Ziyadxan Əliyev orta məktəbdə təsviri sənətdən dərs deyirdi. Eyni zamanda Leninqraddakı Repin adına Rəssamlıq Akademiyasında qiyabi təhsil alırdı. Bir il olardı ki, ailə qurmuşdu. Tez-tez redaksiyaya gəlir, Şamaxının memarlıq abidələri, sənət və söz adamları, el sənətkarları haqqında maraqlı yazılar gətirirdi. Bu səpgili yazıları arabir "Ədəbiyyat və incəsənət" qəzetində çap olunurdu. Onun yazıları maraqla oxunurdu. Ziyadxanla söhbətim tuturdu. Bəzən saatlarla mənim iş otağımda müxtəlif mövzularda söhbət edirdik.

Bir gün dedi ki, sabah Kəlbəcərə, İstisuya gedirəm... Təxminən 20 gün sonra İstisudan qayıtdı və səhəri gün redaksiyaya gəldi. Dedi ki, Aşıq Şəmşirdən müsahibə almışam, söhbətin lent yazısını da gətirmişəm... Sən demə, orada o vaxtkı maqnitafonların birini kimdənsə xahiş-minnət alıb və onu bir atın üstünə qoyaraq aşığın görüşünə gedib. Məncə, söhbətin tam mətni respublika qəzetlərindən hansındasa çap olundu.

Bir gün sevincək halda yanıma gəlib dedi ki, məni Maarif Nazirliyinin Uşaqların Estetik Tərbiyəsi üzrə Metodik Mərkəzinə işə dəvət edirlər. Tezliklə Ziyadxan ailəsi ilə Bakıya köçdü. Onun sənət yolunda ən uğurlu addımları bundan sonra başladı. Sonra Xalq rəssamı Kazım Kazımzadə onu Azərbaycan Dövlət İncəsənət Muzeyinə işə dəvət etdi...

O gedəndən sonra mən onun üçün darıxdım. İki il sonra mən də Bakıya üz tutdum. Ziyadxan o il Sankt-Peterburqda Rəssamlıq Akademiyasını bitirdi və macar hekəltaraşı İştvan Kişin yaradıcılığı barədə yazdığı diplom işi "əla" qiymətləndirildi. Onun bu uğuruna çox sevinənlərdən biri, şübhəsiz ki, mən oldum. Ona bu məşhur sənət ocağında qalıb işləməyi təklif etmişdilər, lakin o doğma Bakını seçmişdi.



Həmin vaxtlarda Ziyadxan ardıcıl olaraq respublika mətbuatında yazılarla çıxış edirdi. Müxtəlif sənət adamlarının yaradıcılığı barədə məqalələri demək olar ki, hamı tərəfindən bəyənilirdi. Buna görə də rəssamlar, heykəltaraşlar, xalçaçı rəssamlar onu həvəslə öz emalatxanalarına dəvət edirdilər. Bu görüşlərdə bəzən mən də iştirak edirdim. Onu da əlavə edim ki, o vaxtlar Ziyadxanın nəinki SSRİ-nin müttəfiq respublikalarında, eləcə də xarici ölkələrdə nəşr edilən dərgilərdə elmi-publisistik məqalələri çap olunurdu.

Biz arabir ailəliklə Buzovnaya gedirdik. Onların həyətində uşaqlarımız - Səttar, Nicat, Könül, Aytac, Aysel bir-birinə qoşulub gizlənpaç, qaçdı-tutdu oynayırdılar. Daha sonra Xəzərin sahili boyu narın qumluqlarda ayaqyalın gəzib dolanır, dənizin ürək rahatlayan havasını udurduq.

Mən tez-tez uşaqlarımla İncəsənət Muzeyinə gedirdim. Hər yeni sərgi olanda Ziyadxan mənə zəng edirdi. O sərgilərə həvəslə tamaşa edirdim. Rəssam və heykətaraşların emalatxanalarına gedişim və İncəsənət Muzeyində sərgilərə tamaşa etməyim mənə çox şey verirdi. Bütün bunlara görə dostuma çox borcluyam. O vaxtlar keçirilən "Əzizim Vətən yaxşı..." adlı sərgini isə heç unuda bilmirəm.

Gərək ki, 1989-cu ilin yayı, belə demək olarsa, Sovetin laxlayan vaxtıydı. Qorbaçovun saxta "perestroyka"sından bəhrələnən ermənilər bizimlə açıq torpaq davasına başlamışdılar. Nankor qonşularımız silah gücünə soydaşlarımızı doğma yurdlarından qovub çıxarırdılar. Azadlıq havası hələ ürəklərdə kükrəyib meydanlara axmamışdı. Qəzetlərdə arabir azadlıq və müstəqilliklə bağlı yazılar çap olunurdu. Ziyadxanın təşəbbüsü və təşkilatçılığı ilə İncəsənət Muzeyində respublikamızda ilk dəfə olaraq xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi təşkil olunmuşdu. Sərgiyə münasibət birmənalı deyildi. Muzey rəhbərliyi, eləcə də Ziyadxan yuxarıların bu işə mənfi yanaşacağından qorxurdu. Ziyadxan sərgi üçün gözəl kataloq hazırlamışdı. Sərgiyə bir neçə saat qalmış muzeyin həyəti, bir neçə zalı tamaşaçılarla dolmuşdu. Hamı Ziyadxanı təbrik edirdi. Sərginin açılışı alqışlarla keçdi. Tamaşaçıların çoxu kövrəlmişdi. Çünki sərgidə təqdim olunan əsərlərdə insanın azadlıq ruhu, qürbətin ürəklərdə yaratdığı silinməz nisgil, vətən həsrətilə yaşayan soydaşımızın arzuları vardı. O əsərlərdəki rənglər də sanki qürbətin havası ilə yoğrulmuşdu.

Sərgi haqqında mətbuatda çoxsaylı yazılar getmişdi. Mən də bu xeyirxah sərgi ilə bağlı "Bakı" qəzetinə geniş yazı yazdım. Bu gün də həmin sərgidən aldığım kövrək təəssürat ürəyimdə şirin xatirə kimi yaşayır. Bu xatirəyə görə dostuma minnətdaram.

Günlərin bir günü Ziyadxanın işlədiyi müxtəlif səpgili əsərlərə baxırdım. Rəssamlıqdan o qədər başım çıxmasa da, onun əl işlərinə valeh olmuşdum. Onda mənə elə gəlmişdi ki, o, gələcəkdə məşhur rəssam olacaq. O əsərlərdə böyük Səttarın sənət ruhu duyulurdu. Onu da deyim ki, Ziyadxan Rəssamlıq Texnikumunda Səttar müəllimin ən sevimli tələbələrindən olub.

Həmişə bu qənaətdə olmuşam ki, Ziyadxan fırçanı qələmə qurban verib. İllər ötdükcə o, Azərbaycan sənətşünaslığının ən aktual problemləni bir borc kimi çiyninə götürdü. Onun yazdığı elmi-publisistik araşdırma yazıları bir yerə toplansa, ən azı on cildlik kitab yaranar. Bu kitablar ömrünün qırx ildən çoxunu sənətə vermiş dostumun narahat günlərinin və yuxusuz gecələrinin bəhrəsidir.

O, uzun illər, pedaqoji fəaliyyətlə də məşğul olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. 2006-cı ildə Ziyadxan müəllim "Əməkdar incəsənət xadimi" fəxri adına, ötən il isə "Kaspi" mükafatına layiq görülüb.

Ziyadxan Əliyev Azərbaycan mədəniyyətinə həmişə vicdanla xidmət edib, hər bir işdə haqqın, haqlının tərəfində durub. Buna görə də başı çox ağrıyıb, haqqı olduğu kürsüləri, vəzifələri ona tapşırmayıblar. Layiq olduğu mükafatları ona əsirgəyiblər. Xatırlayıram ki, bir vaxt Ziyadxanı Dövlət İncəsət Muzeyinə direktor təyin etmək istəyirdilər. Lakin kimin göstərişi oldusa, bu fikirdən daşınıb, müavin olmağı təklif etdilər. Ziyadxan isə razılıq vermədi. Buna görə də acığa düşüb onun şöbəsini bütünlüklə ixtisar etdilər. Uzun məhkəmə çəkişmələrindən sonra o, işinə bərpa olundu, lakin sonra özü ərizə verib müzeydən ayrıldı.

O, canlı sənət ensiklopediyası idi...

Yorulmaq bilmədən işləyir, daim harasa tələsirdi. İllərlə unudulmuş sənət adamlarını axtarıb tapır, müəllifi mübahisəli qiymətli əsərləri tədqiq edir, onları bizə yenidən tanıdırdı. İnamla deyə bilərəm ki, yaxşı bilmədiyi mövzu, yaradıcılığına hərtərəfli bələd olmadığı fırça və tişə ustası, xalq sənətkarı haqqında yazmazdı.

Qısaca deyim ki, Ziyadxan müəllim ildə ən azı yeddi-səkkiz dəfə bölgələrimizə sənət və sənətçi axtarışlarına çıxırdı. Getdiyi şəhərlərdə olan ali və orta təhsil ocaqlarında mühazirələr oxuyur, yerli rəssam və xalq sənətkarları ilə görüşürdü. Bu səfərlər həm onun yaradıcılığını zənginləşdirir, həm də dostlarının sayını artırırdı.

Bəzi həqiqətləri yazması müəyyən dairələr, vəzifəlilər tərəfindən etirazla qarşılanır, ona başağrısı gətirirdi. Bununla belə o, hər zaman sənətə vicdanın gözü ilə baxır, milli sərvətlərimizin qorunması üçün çalışırdı. Milli İncəsənət Muzeyində baş verən qalmaqallı oğurluq barədə mətbuatdakı çıxışları özünün başına nələr gətirmədi... Onu dəfələrlə təhdid etdilər. Ələ almaq istədilər, bacarmadılar.

Gənc istedadların üzə çıxarılmasına xüsusi fikir verirdi. Azərbaycan Televiziyasında təsviri sənətlə bağlı aparıcısı olduğu veriliş istedadlı məktəblilər tərəfindən böyük diqqətlə izlənirdi. Müxtəlif səpgili sərgilərdə çıxışları daim alqışlanırdı. Çünki Ziyadxan Əliyev təsviri sənətdə cərəyanları, üslubları çox yaxşı bilirdi və özü də gözəl rəssam idi.

Tələbələri onu çox sevirdilər. Ona görə ki, Ziyadxan müəllim bir sənət ensiklopediyası, belə ifadə etmək olarsa, bir universitet və tələbələrinin ən yaxın dost idi.

Son illərdə onu çox yorğun görürdüm. Bununla belə, daim hərəkətdə, axtarışda idi.

Bəzən gəzə-gəzə Filarmoniya bağından keçib, sahil parkına düşürdük. Məndən böyük olsa da, onu "danlayırdım", deyirdim, Ziyad, az işlə, istirahət elə, sanatoriyaya, səfərlərə get. Deyirdi ki, əlimdə iki-üç kitab var, gərək onları tez qurtarım... Qırxa yaxın kitabı nəşr olunmuşdu, özü də necə qiymətli əsərlər - “Sənətin Məcnunu” (2009), “Günahlı dünyanın günahsız adamı” və yaxud “Səttar Bəhlulzadə romantizmi” (2014), “Naməlum Səttar” (2006), “Tənha döyüşçü” (Zakir Hüseynov, 2011), “Cizgilərə hopan ömür” (Cəmil Müfidzadə, 2011), “Azərbaycan rəqs geyimləri” (2010), “Altay Hacıyev” (E.Qasımova ilə birlikdə, 2011), “Azərbaycan incəsənəti ensiklopediyası” (A.Xəlilovla birlikdə) I-II-III cildlər (2011), “Boyalı gülüşlər” (2014), “Sabir təsviri sənətdə” (2012), ”Fəxrəddin Məmmədvəliyev” (2012), “İlmələrin hikməti” (2013), “Cizgilərin hikməti”, “Rənglərin simfoniyası” (2020), “Səttar Bəhlulzadə” (2019), ”XX əsr Azərbaycan heykəltəraşlığının inkişaf mərhələsi” (2016), “M.M.Nəvvabın rənglər aləmi” (1996), “Bəhruz bəy Kəngərli taleyi” (N.Alıyevlə birlikdə, 2016), “Nəsimi dünyası rənglərin işığında” (2019), “Gennadi Brijatyuk və onun mənəvi dəyərlər dünyası” (2020) və s.



O, müxtəlif elmi-nəzəri konfransların iştirakçısı və məruzəçisi olub, ölkəmizin sərhədlərindən çox-çox uzaqlarda təşkil olunan rəssamlıq sərgilərinin təşkilində yaxından iştirak edib.

Alim kimi 20-dən monoqrafiyanın, 600-dən çox elmi məqalənin müəllifidir. Həmin məqalələr həm Azərbaycanda, həm də xarici dövlətlərin nüfuzlu jurnallarında dərc olunub.

İnanıram ki, "Əzimzadə məktəbi"nin 100 illiyinə həsr etdiyi "İstedadlar ocağı"nı oxuyanlar bu fikri təsdiq edərlər ki, bir redaksiya iki ilə həmin kitabı yazıb ortaya qoya bilməz, amma o, bunu bir neçə ayda bacarmışdı.(Kitab haqqında ötən yay "Xalq qəzeti"ndə ürək sözlərimi yazmışdım. Ziyad yazıya görə mənə təşəkkür eləmişdi və çox sevinmişdim)..

....

Altı nəfər idik - Rəssamlıq Akademiyasının professoru Ziyadxan Əliyev, dosenti Samir Sadıqov, qəzet redaktorları, jurnalist həmkarlarım - İlqar Hüseynov, İlham Quliyev, Natiq Muxtarlı və köhnə qəzetçi Səməd Məlikzadə.

Bizi həyat üz-üzə gətirmişdi. Ağsaqqalımız Ziyadxan müəllim idi. Təxminən ayda bir dəfə Bakıdan çıxıb, hansı bölgəyəsə üz tuturduq. Bu səfərlərdə məmləkətin tarixi yerlərini gəzir, insanlarla görüşür, görkəmli adamların qəbirlərini ziyarət edir, rayon muzeylərinə gedir və təbiətin qoynunda müxtəlif mövzularda söhbətlər edirdik. Səfərlərdə həm də Vətənin hər hansı bölgəsi barədə yeni məlumatlar alır, təzə dostlar qazanırdıq...

Ziyadxan müəllimin sənət adamlarının həyatından bəhs edən söhbətləri keyfimizi daha da duruldurdu. O gülməli zarafatların bəzisi Ziyadxan müəllimin oxucular tərəfindən böyük rəğbətlə qarşılanan və sürətlə satılan "Boyalı gülüşlər" kitabında var. Amma eləsi də var ki, heç yazıya, kitaba düşməyib.

Əlavə edim ki, Masallı, Sabirabad, Şamaxı, Ağsu və İsmayıllı rayonlarına səfərlərimiz haqda yazmışam, bəziləri qəzetlərdə də çıxıb- "Markdan incimişəm", "7 mart - Sabirlər günü").

Elə ki, başımız işə-gücə qarışır, görüş-səfərin vaxtı uzanırdı, Ziyad zəng edib zarafatla deyirdi ki, dostlar, əridi qalmadı dağların qarı... Bu, bizim üçün bir çağırış idi. (Dinləyənlər bilir, bu misra bir türkünün sözlərindəndi. Mən həmin misranı eşidən kimi xəyalımda o türkünü sanki yenidən dinləyirdim:

- Əridi, qalmadı dağların qarı.
Çox zaman dolaşdım səhranı, bağı.
Dəruni könüldən sevərdim yarı.
O da məni sevərmi, görən?!..

Ziyad bu türkünü çox sevirdi. Amma mənə sirr kimi qalan bu idi ki, görən onu bu sızıltılı oxumaya bağlayan nə idi? Bəlkə bunun bir tarixçəsi vardı və hər dəfə məlum misranı təkrarladıqca o olayı yenidən yaşayırdı...

Yeri gəlmişkən qeyd edim ki, Ziyad klassik Azərbaycan musiqinin dəlisiydi. O, müxtəlif müğənnilərin çox məharətlə ifa etdikləri xalq mahnılarını, muğam parçalarını bir yerə toplamışdı və biz səfərə çıxanda həmin diskdəki musiqi parçalarını bizdən diqqətlə dinləməyi xahiş edirdi. Sonralar o, həmin diskin nüsxələrini çıxartdırıb hər birimizə hədiyyə etdi. Onu da əlavə edim ki, Ziyadxan Əliyevin Alim Qasımov və Elnarə Abdullayevanın ifaları ilə bağlı məqalələri var. O, bu yazıları hər iki sənətkarın hələ məşhur olmadığı vaxtlarda yazıb.

Ziyad xəstə yatdığı günlərin birində mən onun yanında oturmuşdum. Onun ağappaq saçlarına, son aylarda daha da arıqlamış üzünə baxırdım... O, yuxu görürmüş kimi bəzən özü-özünə danışırdı. Arabir də gözlərini açmadan su istəyirdi. Amma sudan bir-iki qurtum içirdi. Arada gözlərini açıb dedi ki, Səməd, ürəyim qar istəyir, dağ qarı! Onun bu sözləri məni kövrəltdi. Mən yavaşca:"Əridi qalmadı dağların qarı..." misrasını söylədim. Gülümsünən kimi oldu. Sonra dedi ki, dondurma varsa, verin yeyim..". Böyük qızı Könül: "Yaxşı, ata, beş dəqiqəyə alıb gəlirəm...",- deyib getdi və tezliklə qayıtdı.

2021-ci il martın 7-də Orta əsr Ağsu şəhəri Dövlət Qoruğuna getdik.. Biz o gün əvvəlcə Şamaxı şəhəri ilə üzbəüz "Yeddi günbəz" məzarlığında bənzərsiz şairimiz, "ağlar-güləyən"i- Sabiri ziyarət etdik, onun heç vaxt solmayan şeirlərindən parçalar söylədik, sonda həmin torpaqda yatan insanların ruhuna dualar oxuduq.

O gün Ağsu dolaylarının quzey yamaclarında, az da olsa, qar vardı.

Biz dolayları enib Pirhəsənli kəndinin yaxınlığındakı qəbiristanlıqda şair Sabir Sarvanın məzarını ziyarət etdik. Sonra Orta əsr Ağsu şəhəri Dövlət Qoruğu ilə tanış olduq...

Axşama yaxın dolayları arxada qoyanda dağlara qar yağırdı.

Yazının bu yerində bir olay düşdü yadıma. Deməli, Ziyad Leninqraddakı İlya Repin adına Rəssamlıq Akademiyasını bitirəndən sonra bir daha ora qayıdıbmış. Bir gün hansısa salonda Polşa rəssam və heykəltəraşlarının sərgisinə baxmağa gedib. Orada nümayiş olunan bir büst Ziyadın diqqətini çəkir. Ad göstəricisini oxuyur: "Azərbaycan şairi, mütəfəkkiri İmadəddin Nəsimi". Deyirdi ki, büst mənə elə doğma gəldi ki...



O, heykəltəraşın ünvanını öyrənir və Bakıya qayıtdıqdan sonra ona məktub yazır. Məktubda qeyd edir ki, əsərinizi Azərbaycan xalqına hədiyyə edərsinizmi? Heykəltəraş cavab verir ki, əgər Bakıda əsərlərimin sərgisi təşkil olunarsa Nəsiminin büstünü muzeyinizə hədiyyə verərəm. Cavab məktubundan sonra Ziyadxan Əliyev bu mövzuda "Ədəbiyyat və İncəsənət" qəzetinə bir məqalə yazır. Yuxarıda oturanlardan biri yazını oxuyub onu Mərkəzi Komitəyə çağırıb soruşur ki, bu həqiqətdir, yoxsa özündən quraşdırmısan?

Ziyad heykəltəraşın məktubunu və büstün foto-şəkilini göstərir... (Sonrası nə olub- olmayıb, onu bilmirəm).

Bu hadisəni xatırlatmaqda deyəcəyim odur o, hansı ölkəyə, şəhərə səfər etsəydi orada Azərbaycanla bağlı nə isə axtarıb tapmağa çalışırdı... (Bu barədə onun Macarıstana səfərləri zamanı da bəzi eşitdiklərimi əlavə edə bilərəm. Onu da deyim ki, hələ gənclik illərində Ziyadın Macarıstan mətbuatında iki geniş yazısı çap olunmuşdu. Birinin adı "Nizami yurdunun boyaları" idi).

Mən bu qənaətdəyəm ki, Ziyadxan müəllimin yaradıcılığı Azərbaycan sənətşünaslığında zəngin bir mərhələdir. Lakin o, zəhməti qədərincə qiymətləndirməyən alimdir. Onun əsərləri yenidən olunmalıdır. Düşünürəm ki, vəfatından sonra da olsa, Ziyadxan müəllimin böyük sənətkarlarımız Səttar Bəhlulzadə, Bəhruz Kəngərli yaradıcılığına "Əzimzadə məktəbi"nin 100 illiyinə həsr etdiyi dəyərli əsərlər Dövlət mükafatına təqdim olunmalıdır. Bundan əlavə, Rəssamlar İttifaqı ilə Rəssamlıq Akademiyası sənətşünaslıq sahəsində "Ziyadxan Əliyev mükafatı"nı təsis etsələr çox gözəl olar. Bu, həm də fədakar alimin ruhunu sevindirər.

Baharın çağlayan çağıdı. Günlər ötdükcə təbiət daha da canlanır. Günəşin ilıq telləri zirvələrdəki qarı da əridib dərələrə yönəldir. Çaylar sel sularını arana doğru aparır. Əməkçi insanlar bu günlər, belə demək olarsa, bir əllə bir neçə işi görməyə, bol məhsulun əsasını qoymağa çalışırlar. Şəhərdə isə adam paytaxtın ağır, yorucu havasından uzaqlaşmaq, rahatlanmaq istəyir. Bir neçə gün əvvəl Bakıdan kəndə qayıdırdım. Şamaxını keçəndən sonra yolboyu gözəl mənzərələrə baxdıqca doymurdum. Dağların sinəsi xalı kimi bəzənmişdi. Yadıma dostumuzun çox sevdiyi "əridi qalmadı dağların qarı..." misrası düşdü. Öz-özümə dedim:

- Sənsiz o dağlara necə gedək, əziz dost?





Bölməyə aid digər xəbərlər