23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Arif Alışanovun sağlığına... - M. Qabiloğlu yazır
Tarix: 29-01-2019 20:02 | Bölmə: Mahir Qabiloğlu
 Arif Alışanovun sağlığına...

Mən AzTV-də işləmişəm. Düz 11 il. Az müddət deyil. Mən orda püxtələşmişəm. Siyasi savad almışam. Həyat məktəbi keçmişəm. İnsanları tanımışam. AzTV-ylə bağlı yazılarım – xatirələrim də var. Bir çoxunda sədr Alışanov da baş qəhrəmanım olub. İndi isə vəzifədən çıxıb...

Ataların bir misalı var: “Yıxılan ağaca balta vuran çox olur”. Ataların başqa bir misalı da var: “Ölənin dalıyca danışmazlar”. Çox belə fikirlər var: Fikir vermə – uşaqdır, böyüyər düzələr. Fikir vermə, cavandır – beyni qandır. Vəzifəlidir – zirehlidir.

Beləcə, heç nə demirsən, sözün də qalır ürəyində. Mən də yıxılana balta vurulmasının əleyhinəyəm. Daha doğrusu, qurşaqdan aşağı zərbə vuranların əleyhinəyəm. Arif Alışanov vəzifədən çıxandan sonra şəxsi həyatının gündəmə gəlməsininin əleyhinəyəm. Onun haqqında o qədər yazılacaq söz var ki...

Amma bu yazını yazmağı özümə borc bildim. Bilmirəm AzTV rəhbərliyinə kimi sədr qoyacaqlar. Bəlkə də Rövşən Məmmədovu. Niyə də olmasın ki? Cavandır, enerjilidir. Ömrü boyu televiziyada işləyib. Niyə də yox. Bəlkə də başqası layiq görüləcək bu vəzifəyə. Bir də ki, vəzifəyə qoyulanda hamı gözəl, əzəmətli, cazibədar görsənir, çıxarılanda isə çirkin, iyrənc, üfunətli – hamı burnunu tutub, üzünü çevirib səndən yan gəzir ki...

Bu yazımı isə Arif Alışanov yox, yeni sədr və gələcək sədrlər oxusa yaxşıdır. Elə isə başladıq.

2006-cı il

2006-cı ildir. Yay aylarından biridir. Qanım qaradır. Sədrimiz Nizami Xudiyevin “torbasını tikiblər”. Həmin günü “Xəbərlər”də növbətçi olmuşdum. Hər şey qaydasında idi. 20:00 papkasını da həmkarlarıma təhvil verib evə getdim. Bir də təkrar edirəm – hər şey qaydasında idi. Axı necə oldu ki, “Xəbərlər”in 20:00 buraxılışına – iki Prezident qəbulu hazır ola-ola, 17:00 buraxılışında efirə gedə-gedə – BDU-dan çəkilən video ilə başlandı? Yox. Min faiz qurama məsələyə oxşayır. Amma artıq gecdir. Artıq sədrimiz Nizami Xudiyev deyil. Sədr müavini Arif Alışanov icra edir bu vəzifəni. Əksəriyyət sevinir, şadlığından çırtıq çalır nümayişkaranə. Bir-birilərini qucaqlayıb gözaydınlığı verirlər. Bəziləri tort alıb gətirib, paylayır. Sədr təsdiq olunacağı günə qurban deyənlər də var. Mənim isə qanım qaradır. Axı məni AzTV-yə Nizami Xudiyev işə götürüb. Əlbəttə ki, hansısa jurnalistlik biliklərimə görə yox – atam şair Qabilə görə. Yəqin ki, Arif də toxunmaz – 10 il ərzində qazandığım jurnalist biliklərimə görə yox – Xalq şairi Qabilə görə. Düzü, salam-sağoldan başqa bir münasibətim yoxdur onunla. Amma hamı tərifləyir. 17 yaşından bu kollektivdə işlədiyindən onu çox istəyirlər. Hamının dərdinə yarıyıb. Xeyir-şərində iştirak edib. Bir sözlə, yetimə hay yox, həm də pay verib. Yanına ümidlə gələni əliboş, naümid yola salmayıb. Ona görə də kollektiv sevinir. “Gör Arif adi vəzifələrdə beləydisə, sədr olandan sonra necə olacaq e...”,- deyərək.

Enerqoblokun qabağına çıxıram. “Xəbərlər”də bir yerdə işlədiyim Gündüz Əliyev siqaret çəkir burda. Sakit görünür. O, Nizami Xudiyevin tələbəlik dostu, alim, professor, bir vaxtlar “Xəbərlər” proqramında mənim şöbə müdirim olmuş şair Rafiq Yusifoğlunun oğludur. Onun AzTV-yə gəlməsi də məhz mənim təşəbbüsüm olub. Bu başqa bir mövzunun söhbətidir. Siqaretdə son qullabı vurub üzünü mənə çevirir:

– Mahir, gəl gedək sənə qonaqlıq verim.

– Hava istidir.

– Araq istəməsən, pivə içərik.

– Bəs iş?

– Nə iş? Onsuz da növbətçi deyilik. Hamı da yerində oturub ki, birdən işdən çıxararlar. Qorxma. Gedək?

 Arif Alışanovun sağlığına...

“Gedək” deyirəm. Gündüzün qəhveyi rəngli VAZ-2109 markalı “Jiquli”sinə əyləşib işdən uzaqlaşırıq. Xudmani, kölgəliyi olan kababxanalardan birinə gəlirik. Ortalığa “xolodnı” gəlir.

– Araq, yoxsa pivə? – deyə Gündüz soruşur.

– Araq, ay Gündüz. Özümə gətirsə, məni bəlkə araq gətirdi.

Ortaya “xolodnı” gəlir. Manqal üstündə qızdırılmış xırç-xırç zavod çörəyindən kəsib arasına pendir qoyuram. Bir tikə yeyəndən sonra Gündüz arağı badələrə süzür:

– Mahir, Arif Alışanovun sağlığına. O gün olsun ki, sədr kimi təsdiq olunsun.

Heç nə demirəm. Toqquşdurub başıma çəkirəm. Ötən gün baş verənlər yadımdan çıxmır hələ. Bilsəydim evə getməzdim. Qalardım. Bəlkə belə olmazdı. Nizami müəllim yaxşı adamdır. Mənim xeyirxahım olub. İşə götürüb. Kaprizlərimə dözüb. Düzdür, mən də ona dözmüşəm. Amma böyükdür məndən – həm yaşca, həm də mənsəbcə. Ən kritik həddə isə gücüm atama şikayət etməyə çatıb. O da mənim acıdilliyimi, cavab qaytarmaq şakərimi bildiyindən nə desə yaxşıdır? “Eşidəm-biləm Nizamiyə cavab qaytarmısan... canuvu alaram. Bildin?”.

Gündüz isə sakitdir. Ortaya qabırğa kababı gəlir. Hərəmiz birini götürüb dişimizə çəkirik. Birinci badə öz işini görüb. İştahım açılıb, beynim az da olsa dumanlanıb. Gündüz ikincini süzür.

– Mahir, Nizami müəllimin sağlığına. Yaxşı sədr idi. Atamın da dostu idi. Məni işə o götürüb.

– Başa düşmədim? – deyə üzümü bozardıram.

– Yaxşı da... yadımdadır. Sənin təşəbbüsün olub. Vurma da hər dəfə başıma, – deyib gülə-gülə badəsini badəmə toqquşdurur.

Boğuq səs gəlir. Cingilti səsi badə xrustal olanda gəlir. Biz isə Bayılın sürüşmə zonasında yerləşən bir ağacın altında oturub yeyib-içirik. Burda səliqə-səhman yoxdur. Burda qab-qacaq bahalı deyil. Amma yeməyi əla verirlər. Dostum İbrahimin babası demişkən: “Qonaq evinə gələndə qab-qacağın qəşəng və ya bahalı olmasına baxmır, onun içindəkinə baxır”.

AzTV yadıma düşür: hamı bizim “Xəbərlər” proqramını söyür. Amma hamı da bizə baxır. Nəinki baxır, müzakirə də edirlər. Lap söysünlər. İçəridə ki, mühit gözəldir. Hamı can deyib, can eşidir. Bir ailə kimidir.

Andrekotu yeyib qurtarırıq. Keçirik şişin “yabloçka”sına. Onu bir dişdəyə “məhv edirik”. Cavan adamlarıq. Mənim 40, Gündüzün isə 31 yaşı var. O da ailəlidir, mən də... Onun uşağı balacadır, mənim isə iki qızım 11-cini bitirəcək. İş barədə heç nə danışmırıq. Gələcəyimizi fikirləşmirik. Heç xəyalımızdan da keçmir ki, Arif bizi işdən çıxaracaq, ya yox. Bizi ac qoyacaq, yoxsa əvvəlkindən də yaxşı yaşayacağıq. Bu barədə düşünmürük. Amma Gündüzün sakit, sevincək olmağını anlamıram. Qonaqlıq verməyini də... Bəlkə də bu, heç qonaqlıq da deyil. O qədər bu cür yeyib-içmişik ki... Mənim xeyrim olanda mən “şot” vermişəm, onda olanda o. Burda qeyri-adi bir şey görmürəm. Bircə qeyri-adi odur ki, yüz dəfə beləcə oturmuşduq, amma nə təzə, nə də köhnə sədrin şərəfinə badə qaldırmışdıq. Heç ümumiyyətlə sağlıq da deməmişdik. Uzağı, uzağı, ağsaqqalımız Mülatif Adurovsayağı “hop-hop, gup-gup”, - deyib badəni başımıza çəkmişik. İndi isə sağlıq deyirik.

– Mahir, fikir eləmə. Hər şey yaxşı olacaq, – deyə Gündüz sükutu pozur, – Arifin dövründə daha da yaxşı olacaq. Bizim adamdır.

– Hardan sizin adam oldu?

– O vaxt yadındadır işi çətinə düşmüşdü e... Nizami başının üstünü alıb yoxlatdıranda. Onda qohumlarımıza çıxdı. Onlardan atama xahiş elətdirdi. Atam da araya girib barışdırdı Nizamiylə onu. Ən azından yaxşılığı itirməz yəqin. Heç bu da olmasın – pisliyinə heç nə eşitməmişəm. Özü də ki, 30 ildir bu kollektivdə çalışıb. Hamının cikini də bilir, bikini də...

- Nə deyirəm ki, sən deyən olsun. Amma mən istəyirəm ki, işdən çıxartsın məni. Yoxsa AzTV-dən çətin ayrılam. Bəlkə atam onda tərpənib məni bir normal vəzifəyə qoya.

– Götür vuraq. Əliağa Vahid necə deyib?

– “Sabahın qeydinə qallıq sabah inşallah”.

Üçüncü badəni də beləcə aşırırıq. Yenə andrekot gəlir.

– Yoxdur da buranın kababından, – deyib Gündüz ətin üstündə xına kimi qızarmış piyi ehmalca dişləyib yağını sümürür, – Bəh-bəh-bəh. Qış gəlsəydi, gedərdik 28 Mayda qaban “kareyka”sı yeməyə. Ya da ki, “dvatsatı”dakı xəngəlniyə.
– Gedərik inşallah.

Yarım litr boşalır. Doymuşuq. Kefim durulub.

– Mahir, indi də gedək Xanların pivənoyuna.

– Gedək. Yeni sədrimizi pivəylə də yuyaq.

2019-cu il

Evdəyəm. Kompüter açıqdır. Telefon susmur. Cavab vermirəm. Bilirəm ki, 10 il bundan qabaq “Arif sədrlikdən çıxarılan gün qonaqlıq verəcəyəm”,- deyə verdiyim vədləri yadıma salmaq istəyirlər. Mən isə bunu 10 il qabaq demişdim. Mən onu o vaxt çıxartsalar demişdim, day 10 ildən sonra yox. Birdən Gündüz yadıma düşür. İş-güc adamıdır. 200 faiz bilirəm ki, xəbəri yoxdur. Zəng edirəm.

– Gündüz, salam.

– Salam.

– Qonaqlığı nə vaxt verirsən?

– Nə qonaqlıq?

– Söz vermişdin a...

– Mən qonaqlıq-zad söz verməmişəm.

– Vermisən. İstəyirsən yadına salım.

– Sal.

– Yadındadır, demişdin ki, Arifi işdən çıxaranda qonaqlıq verəcəyəm?

– Çıxarıblar? Hələ indi çıxarıblar? Tutmayıblar ki?

– Yox.

– Mahir, vallah yadımda deyil. Amma bu xəbərə qonaqlıq düşür. Mənim gözümüstə.

Axşamdır. Zəng edir. Arxamca gəlib məni evdən götürür. Evlərinin yanında, Mətbuat prospektində qəşəng bir restoran var – “Qruziya”. Müğənnili-çalğıçılı. Ora gedirik. Gözəl yerdir. Ortaya bir litrlik göy etiketli “Banketnı” arağı gəlir. Yanında da “xolodnı”, suluquni, “Dyuşes” limonadı və başqa gürcü təamları. Gündüz sac sifariş verir. Sac hazır olanacan 10 dənə gürcü xingalı da deyir – 5 dənə qızardılmış, 5 dənə qaynadılmış. Araqdan badələrə süzür.

 Arif Alışanovun sağlığına...

– Çoxdandır görüşmürük. Axşamımız xeyir olsun.

– Axşamımız xeyir.

İçirik. Gündüz yaşlaşıb. Yox, saçı ağarmayıb. Çünki saçı yoxdur. Tamam tökülüb. Elə mən özüm də keçəlləşmişəm. Onun 44 yaşı var, mənimsə 53. Onun oğlu 9-cu sinifdə oxuyur, mənimsə beş nəvəmin ilki olan Polad 3-cü sinifdə. Yaşımız çoxalıb. Yaş fərqi isə həmən qalıb. Məndən fərqli olaraq Gündüzün çılğınlığı qalıb. Üfürüb yandırmağa ehtiyac yoxdur. Mənim isə yelpiklənməyə ehtiyacım var. İndi manqalı heç yelpikləmirlər də... saç feniylə alovlandırırlar. Hər şey dəyişib.

– Mahir, nə var, nə yox? Uşaqlardan kimi görürsən? İşim o qədər çoxdur ki, heç kimdən xəbər tuta bilmirəm.

Kiminlə bağlı nə bilirəmsə ona da deyirəm. Gülürük. Köhnə günləri yada salırıq. Xüsusilə də növbətçi qrupumuzun başçısı Mənzərə Sadıqovayla bağlı zarafatlarımızı. Təəssüflənirik. Amma kövrəlmirik. Axı hələ qocalmamışıq. Gündüz badələri doldurur.

– Bunu da içirik sənin sağlığına. Uşaqlar moddan düşüb – nəvələrin sağlığına.

Toqquşdurub içirik. Badələr cingildəyir. Büllur olmasa da bahalı maldır. Ortaya xəngəl gəlir. Yenə də xatirələr, xatirələr. Bütün cümlələrimizin də əvvəli “yadındadı...”, “yadındadı...”, “yadındadı...” xitabıyla.

Hiss edirəm ki, qocalmışam. Xatirələr ümidinə qalmışam. Amma heyfslənmirəm. Görəsən indi AzTV-də işləyən cavanların nəvaxtsa danışmağa xatirəsi olacaqmı? Əlbəttə ki, olacaq. Məsələn: “Arif filankəslərə ev verdi, mənə vermədi. Mənə düşürdü. Yəqin ki, nəsə umdu”. “Arif filankəslərə fəxri ad, medal verdi, mənə vermədi. Amma hamıdan çox mən layiq idim. Gərək “Qulu Məhərrəmli” sənədli filmində baş rolda çəkilməyə razılıq verəydim...”.

Deyiləcək fikirləri davam etmək istəmirəm. Qonaqlıqdayam axı... Kefim də yaxşı. Bəlkə Arif yaxşı sədr olub. Axı mən cəmi bir il işlədim. Sonra öz ərizəmlə çıxdım. Yəqin təzə sədr Arifin adamlarını işdən çıxarandan sonra qələmə sarılıb çörəkverən sədrləri barədə xatirələri hökmən qələmə alacaqlar. Necə ki, mən Nizami Xudiyev haqqında yazıb, məqalənin də adını “Çörəkverən sədr” qoymuşdum. Bir də ki, gül kimi restoran, həzin musiqi, Gəncənin göy etiketli “Banketni” arağı. Məşədi İbad demişkən: “Heç Arifin yeridi?”.

Gündüz badələrə araq süzür. Amma dinmir. Çünki növbənin özünə çatdığını bilir. Özü öz sağlığına necə desin axı?

– Gündüz, sənin sağlığına. O gün olsun Aslanın toyuna gələk.

– Amin.

Badələri toqquşdurub, cingilti səsi bitənə qədər arağı ağız boşluğundan boğaza, ordan isə mədəyə yola salırıq. Kefimiz bir az da durulur.

Gündüz işdən gəlib. Yorğunluğu bilinir. Amma rahatdır. Divana yayxanır. Ara-sıra telefonuna zəng gəlir. Nəsə deyir. Tapşırıq verir. Kimisə harasa yönəldir. Bu zaman sacımız da gəlir. Altına köz qoyublar ki, soyuyub yağı donmasın. Cız-bız kimi yavaş-yavaş cızıldayır. Bu da meyxoş ruhumuzu oxşayır.

– Nuş elə. Buranın sacı əla olur.

– Hər şey yaxşıdır, Gündüz. Çoxdandır görüşmürdük. Əsas budur.

Gündüz yenə də araq süzür. Valideynlərin sağlığına içirik. Nənəsini yada salıram. Bu badələri də gillədirik gedir. Növbəti badədə isə Gündüzü danışmağa qoymuram.

– Gündüz bu nədir? Əsas məsələ yaddan çıxıb. Biz bura niyə yığışmışıq?

– Doğrudan e... – deyə Gündüz ona məxsus tərzdə ağzının sağ tərəfini əyib gülür, – Amma yox, Mahir.

– Niyə?

– Pislik elədi mənə. Mən həftədə bir dəfə “Parlament həftəsi”ni hazırlayırdım. Bilirdin də... Maaşımı, qonorarımı azaldıb, yavaş-yavaş saldı 400 manatdan 250-yə. Bir dəfə Milli Məclisdə qarşılaşanda dedim ki, bəs buxqalteriya kəsib pulumu. Dedi ki, tapşıraram. Beləcə, çıxartdı məni.

– Bu onun metoduydu. Pisikdirirdi ki, özün ərizəni yazıb çıxasan. Mənə bir il ərzində heç vəsiqə də vermədi. Müvəqqəti buraxılış vəsiqəsiylə gedirdik çəkilişə. Amma yox, Gündüz. Bu badələri içirik Arif Alışanovun sağlığına. Odur səbəbkar bu gün görüşməyimizə. Onu işdən çıxartmasaydılar, çətin ki, qonaqlıq verəydin.

– Düz deyirsən. İçək. O gün Sevilin oğlunun kiçik toyundaydıq. Mən oturduğum stolda da hamısı bizim köhnə uşaqlar idi – ictimai-siyasi redaksiyadan. İndiki sədr əvəzi, köhnə həmkarımız Rövşən də ordaydı. Mən də nə sağlıq desəm yaxşıdır? Dedim ki, sağolsun Arif ki, heç olmasa sizi işdən çıxartmayıb və bu gün sizləri görə bildim.

– Gündüz, içək bunu Arif Alışanovun sağlığına.

– İçək.

Toqquşdurmuruq? Niyə ki? Toqquşdururuq badələri. İçirik. Qanunla 5-ci badə bir az ağır gedər. Amma bu çox rahat gedir. Sonra ofisiantı çağırıb, cib telefonunu ona veririk. Badələri bir-birinə yaxınlaşdırıb şəkil çəkdiririk. Birdən Gündüz gülümsəyir. Yenə də “yadındadır” xitabıyla cümləsinə başlayır. Məhz bu “yadındadır” mənə bu yazını yazdırdı.

– Mahir, yadındadır? Arifi təzəcə sədr əvəzi qoymuşdular. Səni apardım, qonaqlıq verdim Bayıl yamacında. Sonra da getdik Xanların pivənoyuna. İndi nə o yamac var, nə də ki Xanların pivənoyu.

– Heç Arif də yoxdur.

– Doğrudan e... Nə qəribədir e... Arif sədr olanda da mən qonaqlıq vermişdim, vəzifədən çıxarılanda da...

– Gündüz 1-ci qonaqlıq əla idi. Allah heç bir AzTV sədrinə ikinci – sonuncu qonaqlıqda içiləcək sağlıq qismət eləməsin.

– Amin.

SON

Artıq qonaqlığımız sona yetir. Sağollaşıb ayrılırıq. Gündüzün qonaqlıq borcuna xitam verirəm. İndi gözləyirəm. İstəyirəm ki, elə olsun ki, Gündüz yenidən qonaqlıq versin. Boynuna qoymadan – könüllü. 2006-cı ildə olduğu kimi. Sevinə-sevinə, ürəkdən. Pivəsi də öz yerində. Bir şərtlə ki, sədrin adı Arif, soyadı da Alışanov olmasın...

Müəllifin bütün yazıları - Mahir QABİLOĞLU



Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}