Tarix: 09-02-2016 14:27 | Bölmə: Mahir Qabiloğlu
İndi deyəcəksiniz ki, "cibə girir girir də... Burda qeyri-adi bir şey var? Hamı bir-birinin cibinə girir. Qoy o da girsin”. Tələsməyin başlığa baxıb tez nəticə çıxarmağa. Bir az səbriniz olsun. Araşdıraq, tarixə nəzər salaq. Görək axı, BakuBus niyə cibə girir? Bəlkə elə düz edir girir...
Avropa standartlarına uyğun
İgrənirəm bir ifadədən. Özüm AzTV-nin "Xəbərlər” proqramında işləyəndə o qədər işlətmişəm ki, bu ifadəni. Yeri gəldi-gəlmədi. Bələdiyyə məhəllə yollarına qır basıb, yazmışam: "Avropa standartlarına uyğun”. Yerdən 3 metr hündürlükdə çəkilməli olduğu halda, qaz idarəsi dayaq dəmir boruya qənaət etmək üçün (yemək üçün yox a...) qurşağım hündürlükdə qaz xətti çəkib, demişəm: "Avropa standartlarına uyğun”. Dayanacaq qoyulub, işıq dirəkləri quraşdırılıb – gözəl-göyçək - demişəm: "Avropa standartlarına uyğun”. Altı aydan sonra onu söküb, yenisini quraşdırıblar, bu dəfə demişəm: "Dünya standartlarına uyğun”. Bir il sonra onu da söküb yenisini quraşdırıblar, buna da söz tapmışam: "Dünyada analoqu olmayan”. Hələ asfalt örtüyünü demirəm. "Dünyada asfalt örtüyü ilə bağlı nə yeni dəb çıxıb, onu həmən Azərbaycana gətirib tətbiq edirlər”. Bunu da sözlə bu cür ört-basdır eləmişəm. Bu sök-tiki də bu cür "malalamışam”.
Keçim mövzuya. Yəni ki, avtobus məsələsinə. İlk dəfə müasir avtobusu 1992-ci ildə görmüşəm. AXCP-Musavat hakimiyyətə gələndən bir az sonra. İrandan alınmış "Mersedes” markalı sərnişin tutumu böyük olan avtobus və mikroavtobuslar idi. Çox rahat idi. Avropa standartlarına uyğun. Çox yaraşıq verirdi şəhərə. Lap özünü müstəqil Azərbaycanda hiss etməyə başlayırdın. Amma bir il keçməmiş bu avtobuslar (iri qabaritli) başladı çürüməyə. Biz görmüşük ki, maşın krılodan çürüyər. Bu avtobuslar damından başlandı pas atmağa.
Mikroavtobuslar isə çox dözümlü idi. Deyəsən, həqiqətən təzəsini sırımışdılar məmurlar bizə.
Sonra başladıq Türkiyədən avtobuslar gətirməyə. O da Avropa standartlarına uyğun. Əlbəttə ki, sahibkarların əliylə. Bakı öz sərnişin nəqliyyatına yiyə durmadı. Marşrutları satıb, başladı gələn faizi xımır-xımır yeməyə. Səhər saat 5-əcən işləməli olan avtobuslar, metro rejiminə keçdilər. Gecə saat 12 olan kimi avtobusların əl-ayağı yığışdı küçələrdən. Amma bunun əvəzində sürücülər həqiqətən də başladılar əhaliyə "nümunəvi” xidmət göstərməyə. Sərnişin desəydi ki, "düşürəm, burda saxla!” O saat saxlayırdı. Küçədə dayanan əl edən kimi əyləc basılır, avtobus yerə mıxlanırdı. Avtobuslar bazardan sıxışdırılıb çıxarılan mikroavtobusları da əvəz etməyə başladılar. Beləliklə dayanacaq məfhumu da yavaş-yavaş tarixə dönməyə başladı.
Sürücülər çatmırdı. Onların professionallığına, xəttə buraxılmamışdan qabaq həkim nəzarətindən keçirilməsinə, rəsmi sənədlərdə marşruta dəxli olmayanların xəttə cəlb olunmasına diqqət arxa plana keçdi, göz yumuldu. Yeni avtobusların gətirilməsi isə öz axarında gedirdi. Avtobuslar da gələn kimi başdan-ayağa reklam kağızlarına bürünürdü. Yox, elə bilməyin ki, reklam, əlavə gəlir götürmək xətrinə. Bu öz yerində. Bu avtobusların da bəziləri damından pas atmağa başlayırdı. Ona görə. "Üstü bəzək, içi təzək” atalar sözü öz qiymətini itirmirdi. Hamısı da "Avropa standartlarına uyğun”. Bəs görəsən, Avropa standartı nə mənə şey idi? Bilmirdim.
HAŞİYƏ: Günlərin bir günü İstanbula səyahət etdim. "Sultan Əhməddən Taksim meydanına necə gedim?”-deyə birindən soruşdum. O da dayanacaqda duran avtobusu nişan verdi. Avtobusa yaxınlaşıb təkrarən sürücüdən bir də xəbər aldım. O da təsdiq etdi ki, bəs Taksim meydanına gedir. Minmək istəyəndə nəzakətlə "bir dakka” deyib, "kartınız varmı?” soruşdu. Gözlərimi döydüm. İstədim deyim ki, "ay bala, nə qaçhaqaçdı, düşəndə verəcəyəm də... Yemədim ki, pulunu?” Amma demədim. Cibimdən 2 lirə çıxarıb ona uzatdım. Pulu almadı. Qonaq olduğumu bilib üzünü digər sərnişinlərə tutdu. Onlardan biri durub əlində olan plastik kartı qurğuya yaxınlaşdırdı. Sürücü dedi ki, pulu ona ver. Verdim. Oturdum yerimə. Gəlib çatdım mənzil başına. Düşəndə qabaq qapıya irəlilədim. Gördüm ki, qabaq qapıdan minənlər mənə qəribə-qəribə baxır. Sürücü nəzakətlə dedi ki, arxa ya da orta qapıdan enin mümkünsə. Mən də elə etdim. Onda başa düşdüm ki, demə, 20 il Nəqliyyat Departamentinin biz azərbaycanlılara əməldə yox, dildə sırıdığı Avropa standartı, bu imiş. İstanbulda olduğum müddətdə cəmi bir dəfə avtobusa mindim. Ona görə də nəqliyyatda Avropa standartlarının çox da dərinliyinə vara bilmədim.(SON)
Vaxt dolandı, il keçdi. Avtobuslarda kart sisteminə keçidlə bağlı terminallar quraşdırıldı. Amma yenə də nağd hesablaşma aradan qalxmadı. Avropa standartlarına uyğun avtobusların oturacaqları qartmaq bağladı. Maqnitafondan ucalan bayağı musiqilər, sürücünün qulağında telefon, damağında siqaret, Avropa standartı öz yerində, AZS standartlarına belə uyğun gəlməyən danışıq, davranış.
İnamımı itirmişdim. Nəhayət son cəhd – BakuBus yaradıldı. İlk dəfə bu avtobusa minəndə qarşımı cavan, gülərüz oğlan kəsdi. "Xahiş edirəm, kartınızı bura yaxınlaşdırın”,-dedi. Yaxınlaşdırdım. Qabaq sırada oturdum. Başqaları da qabaqda oturmağa cəhd edirdilər. Oğlan yenə də nəzakətlə qayıdıb dedi ki, "arxa oturacaqlar boşdur, keçin əyləşin. Sizin üçün də belə rahat olar. Çünki BakuBus avtobuslarında qabaq qapıdan girib, orta və arxa qapılardan çıxırlar”. Orta və arxa qapıda da xüsusi geyimli qızlar dayanmışdı. Demə bunlar "Asan xidmət” könüllüləriymiş. İlk günlərdə əhaliyə Avropa standartlarını izah etmək üçün işə cəlb olunublar. Orta və arxa qapıdan minmək istəyənləri ön qapıya dəvət edir, yeni qaydalarla sərnişinləri tanış edirdilər.
Mənim yanımda bir qadın oturmuşdu. Çantasından konserv qabı çıxarıb ağzını açdı. İçində deyəsən çərəz idi. Başladı yeməyə. Bu an həmin cavan oğlan qadına yaxınlaşıb nə desə yaxşıdır: "Xanım, avtobusda yemək olmaz. Baxın... divara işarələr də vurulub”. Qadın pərt oldu: "Yerə atmıram ki, yeyirəm də...” -deyə etirazını bildirdi. Oğlan yenə də nəzakətlə qaydaları izah etdi. Qadın isə buna məhəl qoymadı.
HAŞİYƏ: Uşaqlığım yadıma düşdü.
- Mama, mənə morojnı al da...
- Mahir, alaram. Amma bir şərtlə, evdə yeyəcəksən. Küçədə yeriyə-yeriyə yemək, nəsə içmək mədəniyyətsizlik sayılır. Bir də ki... bəlkə başqasının pulu yoxdur uşağıyçun dondurma alsın. Sənin əlində görəcək, o da istəyəcək. Bildin? (SON)
Bu BakuBus-un qadağası deyildi. Bu, sadəcə mədəni normaların tələbi idi. Belə şeyləri ailədə başa salarlar. Keçmişdə küçədə yeyə-yeyə hərəkət edənləri, dondurma yalayanları "ailə tərbiyəsi görməyib”,- deyə lağa qoyardılar. Hətta qadağalar uşaqlara da aid idi. Uşağı elə körpəlikdən tərbiyə edərlər. İndi küçədə butulkanı ağzına dayayıb qurt-qurtla kola içən gənc qızları görəndə anamın sözləri yadıma düşür.
Qayıtmalıyıq mədəni-etik qaydalara. Və bu yolda deyəsən BakuBus pionerdir. Divara həkk olunmuş qaydalara bir də baxdım. Siqaret çəkmək olmaz, yerə zibil atmaq olmaz, yemək, içmək olmaz, videonəzarətin olmasıyla bağlı bildirişlər. Və ən nəhayət avtobusun hər gün yuyulması, təmizlənməsi öz yerində... dezinfeksiya olunması. Hər dayanacağa çatanda lövhədə həmin yerin adı və xəbərin səslə çatdırılması. Vallah bütün bunlar sovet vaxtı da vardı. Sadəcə "Avropa standartları”na keçmişdik deyə, hamısını unutmuşduq. İnsan faktoru, onun önə çəkilməsi, "hər şey insan üçün” devizi deyəsən geri qayıdır – hələlik BakuBusun timsalında.
Qayıdaq başlığa. Gör mən nəyə sevinirəm? Gör mən nəyə məqalə həsr edirəm? Yəni bugünə qalmışam? Əvvəllər marşrut rəhbərlərinin sərnişinlərin cibinə girməsinə, nəqliyyat qoçularının sürücülərə yox, onların cibinə nəzarət etməsindən yazırdıqsa, indi də növbə BakuBus-a çatdı. BakuBus "cib”ə girir. Əhsən. Axır ki, bunu da gördük. BakuBus avtobusları dayanacaqdan kənarda saxlamır. Onlar üçün ayrılan ciblərə girirlər. Dayanacaq ciblərinə. Sürücünün səsi gəlmir. Sərnişinlərin də cınqırı çıxmır. Heç kim də anormal xahişlər eləmir: "Qardaş, "astanovka”da saxlayarsan da...”.
Bölməyə aid digər xəbərlər