Gəncə hadisələrinin ildönümü – Şəhid polkovnikin qardaşı qaranlıq məqamlara aydınlıq gətirəcək
Tarix: 03-07-2019 16:05 | Bölmə: Cəmiyyət
Gəncə hadisələrinin ildönümü – Şəhid polkovnikin qardaşı qaranlıq məqamlara aydınlıq gətirəcək

Gəncənin icra başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı sui-qəsd və bu hadisədən 7 gün sonra - 10 iyul 2018-ci ildə şəhərdə baş verən hadisələrin bir ili tamam olmaq üzrədir.

Xatırladaq ki, baş verən hadisələr zamanı bəzi qüvvələr yaranmış vəziyyətdən sui-istifadə edərək şəhərdə kriminal durumu gərginləşdirməyə çalışdılar. Bunun qarşısını alarkən iki asayiş keşikçisi - Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov və Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev şəhid oldular.

Bu hadisələrdə şübhəli qismində xeyli şəxs saxlanıldı və hazırda araşdırmalar davam etdirilir.

Reyting.az-a daxil olan məlumata görə, hazırda şəhid polkovniklərin il mərasiminə hazırlıqlar başlayıb.

Gəncə hadisələrinin ildönümü – Şəhid polkovnikin qardaşı qaranlıq məqamlara aydınlıq gətirəcək
Hacı Tahir Abbasov

Onu da qeyd edək ki, o vaxtki icra başçısı Elmar Vəliyevin Gəncədəki bir çox şəxslərlə münasibətləri gərgin olub. Həmin şəxslərdən biri də şəhid polkovnik Səməd Abbasovun qardaşı, QMİ-nin səlahiyyətli nümayəndəsi, İmamzadə ziyarətgahının rəhbəri Hacı Tahir Abbasov idi. Hələ o zamanlar ölkə KİV-ləri bu məsələyə geniş yer ayırırdı. Yəqin həm də bu səbəbdəndir ki, Hacı Tahir Abbasov il mərasimi ərəfəsində müsahibə verib, bəzi qaranlıq məqamlara aydınlıq gətirmək istəyir.

Bildirilir ki, yaxın günlərdə Hacı Tahir Abbasovun baş verən hadisə ilə bağlı geniş müsahibəsi yayımlanacaq və həmin müsahibədə Gəncə hadisələrinin əsl səbəblərinə toxunulacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər