Tarix: 26-12-2016 12:40 | Bölmə: Cəmiyyət
Rusiya bazarlarında işləyən azərbaycanlıları "otxod" adlandıran deputat Astan Şahverdiyevlə bağlı Milli Məclisin İntizam Komitəsi toplanacaq.
Reyting.az-ın xəbərinə görə, bu barədə Unikal.org-a komitə sədrisədri Ağacan Əbiyev məlumat verib.
O qeyd edib ki, komissiyasının 9 üzvü yığışacaq:"Parlamentin bu ilki son iclasında Astan Şahverdiyevin dedikləri müzakirə olunacaq. Təhqirə yol verən deputatla bağlı qərar veriləcək. Dediklərinə görə cəzasını alacaq".
Astan Şahverdiyev isə Modern.az-a verdiyi açıqlamasında ehtiyatsızlıq üzündən işlətdiyi ifadəyə görə insanları incitməsindən təəssüfləndiyini bildirib. A.Şahverdiyevin sözlərinə görə, o kobud ifadə səsləndirmək fikrində olmayıb.
"Mən çox təəssüf edirəm ki, ehtiyatsız deyilmiş söz insanları bu qədər incidib. Mən bilməzdim ki, bu ifadə cəmiyyətdə bu qədər rezonans yaradacaq”.
A.Şahverdiyev özünü fikirlərini düzgün ifadə etməməkdə qınayıb: "Fikirlərimi düzgün ifadə etməmişəm. Buna görə də təəssüf hissi keçirirəm ki, ifadəm belə alınıb”.
Deputat xalq artisti Faiq Ağayevin onu ana dilini bilməməkdə suçlamasına da cavab verib:
"Mən müxbirə dedim ki, "yarıy” sözünün mənasını tapa bilmirəm. Amma bu o demək deyil ki, mən ana dilimi bilmirəm. Mən sərbəst şəkildə rus dilində, ingilis dilində də danışıram. Ana dilimdə hamıdan yaxşı danışıram”.
Cəbrayılın keçmiş icra başçısı Mahmud Quliyevin "Astan Şahverdiyevin dediklərinə haqq qazandırmıram. Bu adam danışığını bilmir. Dediklərinə görə cəzasını alacaq” fikrilərinə gəlincə, deputat bunları deyib:
"Sabiq icra başçısının yaxınları mənimlə əlaqə saxladı və and içdilər ki, Mahmud Quliyev elə söz deməyib. Etiraf edək ki, bəzən dediklərimiz təhrif olunur. Amma yenə də deputatın cəzası nə ola bilər? Buna görə nə cəza vermək istəyirlərsə, mən hazıram. İnsanları incitdiyimə görə, təəssüf edirəm”.
Qeyd edək ki, dekabrın 22-də Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlər etiraz aksiyası keçiriblər. Aksiyaya səbəb 20 min nəfərdək cəbrayıllı köçkünün yaşadığı 11 qəsəbəyə verilən elektrik enerjisinin tez-tez kəsilməsi olub. Əraziyə gətirilən polis qüvvələri ilə vətəndaşlar arasında qarşıdurma baş verib. Hadisə zamanı xəsarət alanlarla yanaşı 3 nəfər məcburi köçkün həbs olunub. Onlar barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri əsasında cinayət işi açılıb.
Dekabrın 24-də bir qrup rəsmi Biləsuvarda məskunlaşan məcburi köçkünlərlə görüşüb. Görüşə "Azərişıq” ASC-nin müavinləri, Cəbrayil rayon icra hakimiyyətinin başçısı və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyev də qatılıb.
Görüşdən sonra "Azadlıq” radiosuna müsahibəsində deputat Astan Şahverdiyev aksiyada saxlanılanlar haqda danışarkən aşağıdakı ifadələri səsləndirib:
"O saxlanılanlar ən "yarıy” adamlardır, mən bir az rus təhsilliyəm, Azərbaycan dilində qarşılığını tapa bilmirəm. Bunlar həddən artıq aktivdirlər bu işlərdə, cəmiyyəti dövlətçiliyə qarşı çağırıblar...
…Bu adamlar saxlanılıblar. Onlarla bağlı qaldırılan iş davam edəcək. Dövlətə qarşı şüarlarla çıxış edənlər öz cəzalarını alacaqlar. Dövlətə, dövlətçiliyə qarşı çıxış etmək olmaz. Azərbaycan cəmiyyətinin qüvvəsi bilirsiniz nədədir? Dövlətə xidmət etməkdə”.
Deputat eyni zamanda Rusiyada işləyən azərbaycanlıları "otxod” adlandırıb.
"...onların içində sərxoşlar da var, cəmiyyətin tör-töküntüsü də. Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin "otxodları”dır. Gedib bazarda işləyənlər...".
Reyting.az
Bölməyə aid digər xəbərlər