Koreya Azərbaycana səyyar COVID-19 müayinə köşkləri ianə edib - Foto
Tarix: 03-12-2020 16:29 | Bölmə: Cəmiyyət
Koreya Azərbaycana səyyar COVID-19 müayinə köşkləri ianə edib

Koronavirus (COVID-19) pandemiyasının qarşısının alınmasına dəstək məqsədilə Koreya hökuməti Azərbaycana 3 ədəd səyyar COVID – 19 müayinə köşkü ianə edib.

Bu barədə Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Reyting.az-a bildirilib ki, dekabrın 3-ü Heydər Əliyev adına Beynəlxalq Hava Limanında humanitar yardımın qəbulu mərasimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycandakı Nümayəndəliyinin ölkə üzrə direktoru Kumok Park iştirak ediblər.

Nigar Bayramova Koreya hökumətinə öz təşəkkürünü bildirib: “Bu addım Koreya hökumətinin müxtəlif şəraitlərdə, xüsusilə pandemiyaya qarşı mübarizə şəraitində dost ölkələrə dəstəyini nümayiş etdirir. Müayinə köşkləri vasitəsilə tibb işçiləri daha az risk altında olacaqlar”.

Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op öz növbəsində bildirib ki, Koreya hökuməti COVID-19 pandemiyası ilə mübarizə tədbirlərində hər zaman Azərbaycan hökumətinə öz dəstəyini göstərməyə hazırdır. Onun sözlərinə görə müayinə köşkləri xəstə ilə test götürən arasındakı təması sıfıra endirməyə, sosial məsafə normalarına riayət etməyə, fərdi mühafizə vasitələrinə ehtiyacın azaldılmasına və vaxt itkisinin aradan qaldırılmasına kömək olacaq.

Qeyd edək ki, yığcam və daşınma üçün münasib olan müayinə köşkləri Heydər Əliyev adına Beynəlxalq Hava Limanında quraşdırılacaq.

Məlumat üçün bildirək ki, bundan əvvəl Koreya hökuməti tərəfindən COVID-19 pandemiyası ilə mübarizə məqsədilə Azərbaycana 350 min ədəd qoruyucu KF94 maskası təhvil verilib.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər