Radiasiya onkologiyası sahəsində tanınmış alim Azərbaycana gəlir
Tarix: 07-10-2021 18:23 | Bölmə: Cəmiyyət
Radiasiya onkologiyası sahəsində tanınmış alim Azərbaycana gəlir

Türkiyənin radiasiya onkologiyası sahəsində tanınmış mütəxəssisi, onkoloq həkim, prof. dr. Berrin Pehlivan 28-29 oktyabr 2021-ci il tarixlərində Azərbaycana səfər edəcək.

Reyting.az
saytı Aztibb.az-a istinadla xəbər verir ki, B. Pehlivanın səfəri çərçivəsində bir neçə qurumda, o cümlədən AMEA-da görüşlərin keçirilməsi, təlim və seminarların baş tutması planlaşdırılır.

B. Pehlivan Hacettepe Universiteti Tibb fakültəsi məzunudur. O, Boston Universitetinin Radiasiya Onkologiyası Bölməsində tədqiqatlar aparıb və təcrübə keçib. Hacettepe Universitetində "Radiasiya onkologiyası" ixtisası üzrə təhsilini bitirdikdən sonra uzun müddət xaricdə fəaliyyətini davam etdirib.

Alim xərçənglə mübarizədə qlobal texnologiyaların tətbiqi ilə bağlı araşdırmalar aparıb, 2004-2009-cu illərdə Fransa və İsveçrədə bir çox elmi tədqiqat işlərində iştirak edib. Professor uzun müddət Fransız Avropa Xərçəng Proqramı, Lozanna Universiteti Radiasiya Onkologiyası Bölməsi, İsveçrə Villigen Paul Scherrer İnstitutu Proton Terapiya Mərkəzi və Fransa Orsay Proton Terapiya Mərkəzində fəaliyyət göstərib, lakin təcrübələrini bölüşmək üçün yenidən Türkiyəyə qayıdıb.

Başkent Universiteti və Akdeniz Universitetinin Tibb fakültəsində fəaliyyət göstərdikdən bir müddət sonra o, Memorial Sağlamlıq Qrupunun tərkibindəki Medstar Antalya Xəstəxanasında Radiasiya onkologiyası şöbəsini yaradıb.

Bir çox yerli və beynəlxalq məqalələrin müəllifi olan, elmi nəşr və layihələrə imza atan B. Pehlivan fəaliyyətini 2018-ci ilin sonuna qədər Medical Park Bahçelievler Xəstəxanası, Medical Park Göztepe Xəstəxanası və Altınbaş Universitetində davam etdirib.

O, "50 sualda xərçəng" kitabının müəllifidir. Professor hazırda Bahçeşehir Universitetinin Radiasiya Onkologiyası bölməsində müəllim kimi fəaliyyət göstərərək, gələcək elm adamlarını yetişdirir və şəxsi klinikasında fəaliyyətini davam etdirir.

Qeyd edək ki, türkiyəli professor B. Pehlivanın səfəri çərçivəsində informasiya dəstəyini Aztibb.az səhiyyə portalı həyata keçirəcək.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq