Göbələk zəhərlənmələrindən necə qorunmalı? - Mütəxəssis rəyi
Tarix: 21-10-2021 16:11 | Bölmə: Cəmiyyət
Göbələk zəhərlənmələrindən necə qorunmalı? - Mütəxəssis rəyi

“Marketlərdə satılan şampinyon göbələkləridir. Onlar Bakı kəndlərində və ya rayonlarda yetişdirilir. O göbələklərdən zəhərlənmə riski sıfra bərabərdir”.

Bunu son günlər təbii halda yetişən göbələklərdən zəhərlənmə və ölüm hallarından danışarkən Reyting.az-a qida mütəxəssisi Ağa Salmanov deyib.

Onun sözlərinə görə, marketlərdə satılan göbələklər evə gətirildikdən sonra yaxşı yuyulmalı, papağının altına baxmaq lazımdır ki, orada torpaq qalmasın: “Göbələk yaxşı yuyulmayanda botulizm bakteriyası yeməyə qarışır. İstifadədən əvvəl göbələkləri sirkəli sudansa, çay sodası ilə yuyulmasını məsləhət görərdim, çünki soda pestisidlərə qarşı daha dözümlüdür, nəinki sirkə. Sirkənin turşuluq nisbəti yüksək olduğundan pestisidlərlə reaksiyaya girə və zəhərlənməni gücləndirə bilər. Pestisidləri nəzərə alaraq göbələklər sirkəli suda deyil, sodalı suda yuyulmalıdır”.

Mütəxəssis əlavə edib ki, zəhərlənmə halları daha çox meşədə və kəndlərdə bitən yabanı göbələklərdən olur:

“Bu göbələkləri tanımırlar. Belə bitən göbələkləri yığarkən onları tanıyanlarla yığmaq lazımdır.

Zəhərlənmələr ən çox yaz və payız aylarında baş verir. Yağışlı havadan sonra göbələklər sporlar vasitəsilə çoxalır, yetişir. Bunları yığırlar və təəssüf ki, arasında zəhərli göbələklər də olur. Məsələn, solğun əzvay göbələyini şampinyonla səhv salırlar.

Göbələklə zəhərlənmə insanın qaraciyərinə, böyrəklərinə təsir edir, hətta komaya salır və ölümlə nəticələnə bilir. Ona görə də, kənd yerlərində göbələkləri xüsusi anlayışı olan, başı çıxan insanlar yığmalıdır”.

A. Salmanov sonda əlavə edib ki, zəhərlənmə simptomları çox vaxt başgicəllənmə, ürəkbulanma, qızdırma, ishal, mədədə köp, ağrı halları ilə müşahidə olunur. 2-6 saat və ya 6-12 saat arasında özünü biruzə verir. Belə hallarda həkimə tez müraciət etmək lazımdır.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq