MSK seçki bülletenlərinin çapına başlayıb - Məzahir Pənahov
Tarix: 30-11-2019 11:28 | Bölmə: Gündəm
MSK seçki bülletenlərinin çapına başlayıb

Bu ilin 23 dekabr bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) seçki bülletenlərinin çapına başlayıb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, bu gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Komissiya üzvləri bu məqsədlə Milli Məclisin mətbəəsində keçirilən tədbirdə iştirak ediblər.

Mətbəədə yaradılan şərait və proseslə yaxından tanış olan M. Pənahov, seçki bülletenlərinin çapı və aşağı seçki komissiyalarına verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə dəqiqliklə əməl edilməsi üçün öz tövsiyələrini verib.

Bütün seçki subyektləri üçün tamamilə açıq və şəffaf həyata keçirilən çap prosesi barədə media nümayəndələrinə açıqlamasında MSK sədri bildirib ki, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər MSK-nın qərarına əsasən müəyyənləşdirilib. Seçki keçiriləcək 1606 bələdiyyənin hər biri üçün ayrıca olmaqla, ümumilikdə 5 020 287 (beş milyon iyirmi min iki yüz səksən yeddi) ədəd seçki bülleteninin çap olunması nəzərdə tutulub.

Artıq namizədliyin qeydə alınması mərhələsi tamamilə başa çatmış bələdiyyələr üzrə bülletenlərin çapına başlanılıb. Seçki bülletenləri çap olunduqdan sonra qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə MSK-dan dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına verilir.

MSK sədri kütləvi informasiya vasitələri üçün təşkil olunan brifinqdə deyib ki, bələdiyyə seçkiləri yüksək səviyyədə təşkil olunub, azad, ədalətli və şəffaf keçiriləcək. O, son hazırlıq işləri barədə də ətraflı məlumat verib və jurnalistlərin suallarını cavablandırıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}