Güləşçimiz dünya çempionu olub
Tarix: 08-10-2021 23:46 | Bölmə: İdman
Güləşçimiz dünya çempionu olub
Rafiq Hüseynov

Norveçin paytaxtı Oslo şəhərində güləş üzrə dünya çempionatı davam edir.

Reyting.az
-ın məlumatına görə, çempionatı altıncı günü 55, 72, 77 və 82 kq-da çıxış edən Yunan-Roma güləşçiləri mübarizə aparıblar.

Eldəniz Əzizli ilk görüşdə ukraynalı rəqibindən güclü olub. Dünya və Avropa çempionumuz daha sonra Qırğızıstan güləşçisinə qalib gələrək yarımfinala yüksəlib. Yaponiya güləşçisinə məğlub olan Eldəniz Əzizli oktyabrın 8-də bürünc medal uğrunda mübarizə aparıb. Türkiyəli rəqibindən güclü olan E. Əzizli ardıcıl 2-ci dəfə dünya üçüncüsü olub. Bununla da təcrübəli güləşçimizin DÇ-də qazandığı medalların sayını 3-ə çatdırıb.

Ülvü Qənizadə startda Almaniya güləşçisiylə qarşılaşıb. Hesabda 1:6 geriyə düşən həmyerlimiz möhtəşəm geridönüş edərək əzmkar qələbə qazanıb. Ülvü Gürcüstan pəhləvanıyla gərgin mübarizə şəraitində keçən görüşdə də sevinən tərəf olub. Ancaq 1/4 finalda iranlı rəqibinə uduzub.

Sənan Süleymanov ilk mərhələdə Qırğızıstan idmançısına tam üstünlüklə qalib gəlib. Gənc pəhləvanımız Tacikistandan olan həmkarına da heç bir şans tanımayıb. Süleymanov alman rəqibinə də eyni aqibəti yaşadaraq karyerasında ilk dəfə dünya çempionatının yarımfinalına adlayıb. Bu mərhələdə Belarus təmsilçisiylə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Yekunda minimal hesablı qələbə Sənanı finala daşıyıb. Həlledici görüşdə 2 qat olimpiya, 2 qat dünya və 4 qat Avropa çempionu Roman Vlasovla qarşılaşan Süleymanov rusiyalı rəqibinə minimal fərqlə uduzaraq dünya ikincisi olub.

Rafiq Hüseynov əvvəlcə Estoniya güləşçisini vaxtından əvvəl üstələyib. Qırğızıstan idmançısı da təcrübəli güləşçimiz qarşısında tab gətirməyib. İsveçli dünya ikincisi və Avropa üçüncüsü Aleks Kessidislə görüş dramatik alınıb. Rafiq ilk hissəni 0:6 hesabıyla başa vurub. İkinci yarıda əsl əzmkarlıq nümayiş etdirən Hüseynov güclü rəqibinə minimal fərqlə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında Rusiya pəhləvanıyla gərgin keçən görüşdən də üzüağ çıxan Rafiq ardıcıl 2-ci dəfə dünya çempionatının finalına yüksəlib. Həlledici görüşdə Türkiyə güləşçisinə qalib gələn həmyerlimiz dünya çempionu olub.

55 kq
1/8 final: Eldəniz Əzizli - Koriun Sahradian (Ukrayna) 6:0
1/4 final: Eldəniz Əzizli - Sardarbek Konuşbayev (Qırğızıstan) 10:1
1/2 final: Eldəniz Əzizli - Ken Matsui (Yaponiya) 1:10
Bürünc medal görüşü: Eldəniz Əzizli - Ekrem Öztürk (Türkiyə) 5:2

72 kq
1/16 final: Ülvü Qənizadə - İdris İbayev (Almaniya) 9:6
1/8 final: Ülvü Qənizadə - Şmaqi Bolkvadze (Gürcüstan) 4:3
1/4 final: Ülvü Qənizadə - Məhəmməd Muxtari (İran) 0:9

77 kq

1/16 final: Sənan Süleymanov - Kayratbek Tuqolbayev (Qırğızıstan) 9:0
1/8 final: Sənan Süleymanov - Daler Rzazadə (Tacikistan) 9:0
1/4 final: Sənan Süleymanov - Roland Şvarts (Almaniya) 10:2
1/2 final: Sənan Süleymanov - Timur Berdiyev (Belarus) 5:4
Final: Sənan Süleymanov - Roman Vlasov (Rusiya) 1:2

82 kq
1/16 final: Rafiq Hüseynov - Ranet Kaljola (Estoniya) 9:0
1/8 final: Rafiq Hüseynov - Kalidin Asikayev (Qırğızıstan) 11:1
1/4 final: Rafiq Hüseynov - Aleks Kessidis (İsveç) 7:6
1/2 final: Rafiq Hüseynov - Adlan Akiyev (Rusiya) 2:1
Final: Rafiq Hüseynov - Burhan Akbudak (Türkiyə) 2:1.(apasport)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}