Mərkəzi Bank liberal məzənnə siyasətinə keçəcək
Tarix: 09-09-2016 12:46 | Bölmə: İqtisadiyyat

 

"Dünənki hərraca 300 milyon dolların çıxarılması və bu kontekstdən valyuta bazarında proseslərin necə dəyişəcəyi mənə ən çox verilən suallardandır”.

Reyting.az xəbər verir ki, bunu tanınmış iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, o, hələ 1 iyul 2016-cı il tarixində "Facebook"da Mərkəzi Banka məhz hərraca 300 milyon dollar çıxarmağı təklif edib:

"Mərkəzi Bank bunu reallaşdırdı və təklif etdiyim məbləğdə valyutanın hərraca gətirilməsi təmin olundu, amma bunu çox gec etdi. Bu yubanma isə valyuta bazarında ciddi dollar qıtlığı yaratdı.

Əslində, Mərkəzi Bank zamanında təklifləri nəzərə alıb istifadə etsəydi valyuta bazarında son 1 aydakı vəziyyət də müşahidə edilməzdi.

İkincisi, həmin statusumda da qeyd etmişdim ki, kommersiya banklarının sifarişi süni tələbdir. Banklar sifarişi şişirdirdilər ki, Dövlət Neft Fondunun 50 milyon dollarlıq satışından mümkün qədər çox valyuta cəlb edə bilsinlər. Nəticədə, əvvəlki hərraclarda milyard dollara yaxın tələb ilə çıxış edən banklar dünən cəmi 340 milyon dollar istədilər. Niyə?

Çünki öncədən hərraca 50 milyon deyil, 300 milyon dolların gələcəyini bildilər və reala yaxın tələb ilə çıxış etdilər. Halbuki bir neçə gün öncə 700 milyon dollara iddia edirdilər. 50 milyon dollar satılanda 700 milyon dollar istəyən bankların 300 milyon dollar hərraca çıxarılanda sifarişlərini niyə 2 dəfə azaltdılar? Eyni zamanda, kommersiya bankları tələbin ödəniləcəyi halda, marjla daha az spekulyasiya edəcəklərini də bilirlər.


Əvvəlki müsahibələrimdə dediyim kimi, dollar qıtlığının aradan qaldırılması yalnız tələbin ödənilməsi hesabına baş verə bilərdi və əgər tələb ödəniləcəksə, o zaman dollar məhdudiyyətsiz satılacaq".

Bəs mövcud ehtiyatlar hesabına tələb daimi ödənilə bilərmi və eləcə də uzunmüddətli dövrdə buna ehtiyac varmı?

Bu suala da aydınlıq gətirən iqtisadçının fikrincə, ən məqbul yol bazarın özünün yaranan tələbi qarşılamasıdır:

"Mərkəzi Bankın 4 milyard dollarlıq valyuta ehtiyatları var. Bu il üçün ümumi büdcəsi 10 milyard 688 milyon manat olan Dövlət Neft Fondu isə dövlət büdcəsinə 7 milyard 615 milyon manat transfer etməlidir. Fond bu ilin ötən aylarında artıq 3 milyard dollardan artıq valyutanı hərraclar vasitəsi ilə manata çevirib. Neft Fondu büdcə öhədlikləri başa çatanadək hərraclara çıxacaq, Mərkəzi Bank isə valyuta ehtiyatlarını qoruyub saxlamağa çalışacaq. 

Deməli, hər iki qurum orta və uzunmüddətli dövrdə bazarda əsas oyunçu olmaqda maraqlı deyillər. Bu baxımdan, valyuta bazarındakı növbəti dəyişikliklər birbaşa hərraca Dövlət Neft Fondu və Mərkəzi Bankın nə qədər valyuta çıxarmasından asılı olacaq. Böyük həcmdə valyutanın isə hər hərracda təklif edilməsi texniki baxımdan mümkün deyil. Amma dollara olan tələbin yenidən artacağı gözləniləndir. İdxal, borc öhdəlikləri və dollarlaşma prosesi xarici valyutalara tələbi yenə də artıracaq.

Bütün hallarda güman edilir ki, Mərkəzi Bank valyuta bazarında cari tələbi ödəməklə ilin sonuna doğru Rusiya və Qazaxıstanda olduğu kimi liberal məzənnə siyasətinə keçəcək. Əslində, bu da qaçılmazdır. Çünki liberal islahatlar liberal məzənnə siyasəti tələb edir. Mərkəzi Bank bu siyasətə hələ 2015-ci ildə keçməli idi, amma etmədi. İndi isə valyuta bazarını liberal məzənnə siyasətinə hazırlamaqla prosesə başlaya bilər. Proseslərin təhlili onu deməyə əsas verir ki, liberal məzənnə siyasətinə keçidə sadəcə qısa müddət qalıb".





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər