Avropa İttifaqı Çin qarşısında şərtlər qoyacaq
Tarix: 15-10-2025 16:36 | Bölmə: Dünya
Avropa İttifaqı Çin qarşısında şərtlər qoyacaq

Avropa İttifaqı çox yaxın vaxtlarda Çinin şirkətlərindən texnologiya ötürülməsini tələb etməyi planlaşdırır.

Reyting.az
-ın "Bloomberg" agentliyinə istinadla verdiyi məlumata görə, Avropa İttifaqı (Aİ) qəbul edəcəyi yeni qərarı müzakirə çıxarıb.

Bildirilir ki, Aİ Çin şirkətlərinin yerli bazarlarda fəaliyyət göstərə bilməsi üçün Asiya nəhənginə məxsus olan son texnologiyaların Avropa şirkətlərinə verməsini şərt kimi qoymağı nəzərdən keçirir.

Belə tədbirlər əsasən avtomobil sənayesi və batareya kimi strateji mallar şamil olunacaq.

Eyni zamanda Aİ-nin şərtlərinə görə, Çin şirkətləri müəyyən miqdarda Avropa İttifaqında istehsal edilən məhsul və işçi qüvvəsindən istifadə etməli, istehsal dəyərinin nəzərdə tutulan bir hissəsini Avropada yaratmalıdırlar.

Digər variant kimi məcburi birgə müəssisələrin yaradılması da müzakirə olunacaq.

Qaydaların bu ilin noyabr ayında "Industrial Accelerator Act" adlı qanun layihəsi çərçivəsində təklif ediləcəyi gözlənilir. Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen irəli sürülən bu təşəbbüsü bəyənib, həm də bunu yeni nəsil Avropa sənayesini dəstəkləməkdən ötrü xeyirli vasitə kimi qiymətləndirib.

Bu layihənin önəmli məqsədlərindən biri də Aİ-nin elektrikli avtomobil sənayesini gücləndirmək və batareya istehsalında Çindən asılılığı azaltmaqdır. Üstəlik, xarici avtomobil istehsalçılarına Aİ bazarlarında satış üçün müəyyən həcmdə yerli məhsul, həmçinin xidmətlərdən istifadə etmək, eləcə də Aİ vətəndaşlarını Çinin müəssisələrində işlə təmin etmək tələbi də qoyula bilər.

Aİ rəsmisi Tomas Qrenye deyib ki, "güclü, rəqabətqabiliyyətli və dekarbonlaşdırılmış" sənaye yaratmaq üçün bir neçə böyük tədbir də nəzərdən keçirilir, lakin onların dəqiq forması hələ müəyyənləşməyib.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər