İsazadə: “Əməliyyatlar İranın nüvə texnologiyasının durumundan asılı olacaq”
Tarix: 24-06-2025 16:09 | Bölmə: Slayd
İsazadə: “Əməliyyatlar İranın nüvə texnologiyasının durumundan asılı olacaq”

“Sözsüz ki, ABŞ prezidenti Donald Trampın İran və İsrail arasında atəşkəsin əldə edilməsinə təsiri olub. Ancaq unutmayaq, nə İran, nə də İsrail müharibədə tam qələbə əldə edə bilməzdi. Sözsüz ki, İran daha çox zərbələr aldı. Eyni zamanda anlayırdı ki, bu cür davam edərsə, hansısa mərhələdə ABŞ yenidən prosesə qoşula bilər. Üstəlik, ABŞ nüvə mərkəzlərini bombaladıqdan sonra İran nisbətən ehtiyatlı hərəkət edirdi. Hesab edirəm ki, atəşkəs bu baxımdan həm İran, həm də İsrail üçün vacibdir”.

Bu fikirləri “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə deyib.

Onun sözlərinə görə, bu atəşkəsin uzunmüddətli və ya qısamüddətli olması barədə dəqiq nəsə demək çətindir. Çünki hər şey qarşıda baş verənlərdən asılıdır. “Bu, ilk növbədə İranın nüvə məsələlərindən asılı olacaq. Məsələn, əgər məlumat olsa ki, İran nüvə texnologiyasını inkişaf etdirir, onun belə bir potensialı və imkanları var, üstəlik, qısa müddətə niyyətinə çatacaq, bu halda zərbələr davam edə bilər. Yox, əgər görsələr ki, İran nüvə imkanlarını artıq itirib, yaxın 15-20 ildə buna çata bilməz, bu halda müharibə olmayacaq”,- deyə İsazadə əlavə edib.

Müsahibimizin fikrincə, indi hərbi əməliyyat fazası bitib, diplomatiya önə çıxır və bu mərhələdə hər şey ABŞ və Qərb dünyasının İran qarşısında hansı tələblər irəli sürməsindən asılı olacaq: “Düşünürəm, ilk olaraq İrana təzyiq göstərəcəklər ki, MAQATE ilə əməkdaşlıq etsin, bu qurumun mütəxəssislərini nüvə strukturları olan ərazilərə buraxsın. MAQATE mütəxəssisləri də İranın nüvə texnologiyasının vəziyyətini araşdıracaqlar”.

İsazadə əmindir ki, İran və İsrail arasında düşmənçilik hələ davam edəcək: “Belə çıxır ki, əsas məqsədlərdən biri İrandakı molla rejimini yıxmaq olmayıb. Əgər belədirsə, proseslər səngiyəcək, hərçənd istisna etmirəm ki, İsrail arada bir hansısa kiçik əməliyyatlara getsin. Yox, əgər indi danışılmasa da, məqsəd İranda sistem dəyişikliyinə nail olmaqıdrsa, bu zaman proseslər müərəkkəbləşə bilər”.
Hərbi ekspert sonda əlavə edib ki, diplomatiya masasında İran zəifdir, şərtlər onun xeyrinə deyil. Yəni ondan nələrsə tələb edəcək, eyni zamanda deyəcəklər ki, əgər razılaşmasan zərbələr endirəcəyik.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər