İrəvan eyni vaxtda iki stulda oturmağa çalışır: həm Vaşinqton, həm də Tehran
Tarix: 21-08-2025 10:04 | Bölmə: Slayd
İrəvan eyni vaxtda iki stulda oturmağa çalışır: həm Vaşinqton, həm də Tehran

Bu ay ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə iki qonşu - Azərbaycan və Ermənistan arasında on illərdir davam edən münaqişəyə son qoymaq məqsədi daşıyan 17 bəndlik bəyannamə imzalanıb. İran və Ermənistan nümayəndələri də iqtisadi inteqrasiyanı dərinləşdirmək istəklərini vurğulayaraq, nəqliyyat və logistika üzrə bir sıra sazişlər imzalayıb və yükdaşıma tariflərinə yenidən baxıblar. İki ölkə Araz çayı üzərində ikinci körpünün tikilməsi və mövcud sərhəd terminallarının təkmilləşdirilməsi barədə də razılığa gəlib.

Reyting.az
xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

ABŞ nəşrinin təhlilində qeyd olunur:

“Ermənistan və Azərbaycan 1990-cı illərin əvvəllərində 30.000-dən çox, 2020-ci ildə isə 44 günlük münaqişə zamanı ən azı 6.000 nəfərin ölümü ilə nəticələnən müharibələr aparıblar. 2023-cü ilin sentyabrında Azərbaycan ildırım sürətli hərbi əməliyyatda Qarabağa tam nəzarəti ələ keçirdi və 100.000-dən çox erməni Ermənistana köçdü.

Vaşinqtonda imzalanmış bəyannamənin mətni müqavilə qüvvəsinə malik olmasa da, o, hər iki tərəfi bir-birinin suverenliyini və sərhədlərini tanımağa, gələcək ərazi iddialarından imtinaya məcbur edir və ortaq sərhədləri boyunca üçüncü tərəflərin olmasını qadağan edir.

ABŞ-nın dəstəklədiyi danışıqlar zamanı “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) adlandırılan və hələ seçilməmiş özəl şirkətlər tərəfindən idarə olunacaq Zəngəzur dəhlizi Azərbaycanın materik hissəsini Ermənistanın cənubundan keçməklə Türkiyə ilə həmsərhəd olan Naxçıvan anklavı ilə birləşdirəcək.

İran Xarici İşlər Nazirliyi Vaşinqtondakı razılaşmanı ümumilikdə alqışlasa da, Ali Rəhbər Ayətullah Əli Xamnəinin köməkçisi (Əli Əkbər Vilayəti-red.) ABŞ-a eksklüziv inkişaf hüququ verməyi təklif edən tranzit marşrutunu pisləyib.

İrəvanda səfərdə olan İran prezidenti (Məsud Pezeşkian-red.) regionda liderliyin Qafqaz dövlətlərinə məxsus olduğunu və regional problemlərin kənar güclərə verilməsinin vəziyyəti daha da çətinləşdirəcəyini bir daha vurğulayıb”.

Xatırlanır ki, hələ danışıqlar Rusiyanın vasitəçiliyi ilə gedəndə də Tehran marşrutun əleyhinə olub.

Bildirilir ki, Rusiya Trampın vasitəçiliyi ilə imzalanmış nəqliyyat sazişini ehtiyatla alqışlayıb, Ermənistana Avrasiya İqtisadi İttifaqı (Aİİ) qarşısında götürdüyü öhdəlikləri xatırladıb. O da qeyd olunub ki, Rusiya sərhədçiləri hazırda Ermənistan qoşunları ilə birlikdə İran-Ermənistan sərhədini qoruyur.

Y. QACAR




Bölməyə aid digər xəbərlər