Yeni nazir Səlim Müslümovun korrupsiyaya uğramış komandasını dağıtmaq istəyir
Tarix: 28-04-2018 23:10 | Bölmə: Slayd
Yeni nazir Səlim Müslümovun korrupsiyaya uğramış komandasını dağıtmaq istəyir

Azərbaycan prezidenti İlham Əliyev aprelin 21-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovu vəzifədən azad edərək, bu posta iqtisadiyyat nazirinin müavini Sahil Babayevi təyin etdi.

“Reytinq”in adıçəkilən nazirlikdən əldə etdiyi məlumata görə, vəzifədən azad olunması ilə bağlı sərəncam Səlim Müslümov üçün gözlənilməz olub. İddia olunur ki, o, eşitdiyi bu xəbərdən sarsılıb. Hətta S. Müslümovun bununla bağlı bir neçə yüksək vəzifə sahibinə zəng etdiyi də bildirilir.

Nazirlik əməkdaşlarından birinin iddiasına görə, S. Müslümov işdən azad olunmasına o qədər qəzəbli yanaşıb ki, hətta işdən çıxarılan digər şəxslərdən fərqli olaraq, indiyədək KİV-lərə hər hansı açıqlama da vermək istəmir:

“Görünür, Müslümov iqtidarın məlum qərarını özü üçün bağışlanmaz hesab edir, incik düşməsini göstərmək istəyir. Lakin bu hərəkəti ona böyük problemlər yarada bilər”.

Məlumatda bildirilir ki, hazırda Bakıdakı evində olan sabiq nazir müxtəlif bəhanələrlə telefon zənglərinə cavab vermir.

Nazirlik rəsmisinin sözlərinə görə, bəzi saytlarda yazıblar ki, guya S. Müslümov işdən çıxarılma xəbərini Ağsu rayonuna yola düşərkən eşidib: “Bu, yalandır. O, sərəncam veriləndə də Bakıdaydı, indi də”.

Yeni nazir Səlim Müslümovun korrupsiyaya uğramış komandasını dağıtmaq istəyir

“Reytinq”in əldə etdiyi məlumatda bildirilir ki, yeni nazir Sahil Babayev Səlim Müslümovun nazirlikdəki 5 əsas adamı – nazir müavini İdris İsayevi, Aparat rəhbəri Əjdər Cəbiyevi, dayısının kürəkəni, Dövlət müfəttişilik xidmətinin rəisi Fuad Əlizadəni, nazirliyin bütün maliyyə, tender və s. əməliyyatlarının aparıldığı İqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovanı və Mətbuat xidmətinin rəhbəri Elman Babayevi təşvişə salıb:

“Çox maraqlıdır ki, bu 5 nəfər və digər bir neçə şəxs Müslümov DSMF sədri olanda vəzifəyə gətirilib, karyerada irəli çəkilib, hansısa yolla var-dövlət sahibinə çevriliblər. Sözüm onadır ki, indi bunların heç biri özündə cəsarət tapıb, Müslümova sədaqət göstərib, ərizələrini yeni nazir Sahil Babayevə təqdim etməyiblər. Əksinə, bütün güclərini işə salıb, vəzifələrini qorumaq istəyirlər. Görünür, bunların komanda və ya sadiqlik anlayışı yalnız vəzifə ilə ölçülür. Məncə, Səlim Müslümov üçün bundan acı həyat dərsi olmamalıdır. Hətta bəziləri Müslümovu satmağa da hazırdır ki, təki vəzifələrini qoruya bilsinlər”.

Mənbə əlavə edib ki, S. Müslümovun illər əvvəl “zibillikdən çıxarıb, adam elədiyi” elə məmurlar var ki, əlində qovluq onun nazirlikdaxili hansısa sirrini satmaq üçün növbəyə durublar: “Belə şəxslər üçün vəzifə hər şeydən üstündür. Maraqlıdır ki, hazırda belələri müəyyən dairələrə çıxıb, vəzifədə qalmaq üçün bütün imkanlarını səfərbər ediblər. Hətta elə rollara giriblər ki, normal insan düşüncəsi bunu qəbul edə bilməz. Bunlardan bəzilərinə “narahat olma”,- vədi verənlər də var. Düşünürəm ki, vəd verənlər Prezidentə ən böyük xəyanət edənlərdir. Əgər Prezident bir naziri yarıtmaz işinə görə vəzifədən çıxarıbsa, məntiqlə bu yarıtmaz fəaliyyətdə “böyük əməyi” olanlar da işdən kənarlaşdırılmalıdır. İnanıram ki, yeni nazir belələrini uzaqlaşdıracaq. Əks halda bu nazirlikdə heç bir irəliləyiş mümkün deyil. Zatən Səlim Müslümov nazirliyi “yanı üstə” qoyub, o, keçmiş nazir Füzuli Ələkbərovdan qalan bəzi mütərəqqi layihələri də məhv eləyib, pensiyaçıların evini yıxıb. Sözsüz ki, o, bunu tək deyil, nazirlikdəki yaxın adamları ilə birlikdə edib”.

Bəzi mətbu orqanlarda nazirliyin Aparat rəhbəri Əjdər Cəbiyevin artıq vəzifədən kənarlaşdırılmaq ərəfəsində olması barədə yazılamlara da toxunan şəxs deyib ki, yaxın müddətdə o və keçmiş nazirin “qara işləri”ni görənlərlə bağlı əmr verilə bilər: “Əjdər Cəbiyev və yuxarıda adları qeyd edilən komandası nazirliklə bağlı bütün narazılıqlarda rol oynayıblar. Görünür, yeni nazir "təmizləmə əməliyyatı"na Aparat rəhbərindən başlamaqla, xalqın ürəyindən keçən ciddi islahatlar həyata keçirmək istəyir”.


Yeni nazir Səlim Müslümovun korrupsiyaya uğramış komandasını dağıtmaq istəyir

Bildirilir ki, nazirliyin bütün strukturlarında Əjdər Cəbiyevin qardaşı başda olmaqla, yaxın ətrafı yüksək vəzifələrdə təmsil olunur. O cümlədən, yuxarıda adıçəkilənlər arasında da belələri var. Nazir S. Babayevin yaxın vaxtlarda onlarla bağlı da qərar verəcəyi ehtimal olunur. Eyni zamanda, onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadəni də “yola salacağı” iddia olunur.


Qeyd olunur ki, bəzi mətbu orqanlarda F. Əlizadənin S. Müslümovun bacısının kürəkəni olması haqqında yazılanlar doğru deyil: “O, keçmiş nazirin dayısının kürəkənidir. Məhz bu əlaqəyə görə, 2000-ci ildə Azərbaycan Dillər Universitetinin filologiya fakültəsini bitirmiş bu şəxsi Müslümov qısa zamanda ən strateji sahələrdən birinin rəhbəri təyin edib. Düzdür, sonradan o, başqa ixtisas sahibinə də çevrilib. Məsələn, şəxsən mənə maraqlıdır ki, 2005-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və strateji araşdırmalar şöbəsindən sürətli karyera qurmağa başlayan Fuad Əlizadə 2005-2007-ci illərdə Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsinə necə qəbul olunub, orada necə, hansı qrupda, kimlərlə bir yerdə oxuyub?! Bəlkə, o zamandan DSMF sədri ilə yanaşı, həmin universitetdə yarımştat vəzifə tutan Səlim Müslümov onun əvəzinə oxuyub?

Yeni nazir Səlim Müslümovun korrupsiyaya uğramış komandasını dağıtmaq istəyir

Baxın, Müslümov 22 oktyabr 2013-də nazir təyin edilib. Bundan 22 gün sonra Fuad Əlizadəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini vəzifəsinə təyin edib. Bunun üstündən 5 ay keçməmiş Müfəttişlik Xidmətinin rəisi vəzifəsinə keçirib və indiyə qədər o vəzifədə çalışır”.

Məlumatlı şəxs deyir ki, yeni nazir böyük ehtimalla adı qeyd edilənlərlə yanaşı, keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun qardaşı, DSMF-də ən böyük debartamentin rəhbəri olan Şiraslan Əsədovla da yollarını ayıracaq: “Çünki bu komanda ilə gerçək islahat aparmaq mümkün deyil. Hesab edirəm ki, yeni nazir Sahil Babayev bir müavin və xeyli şöbə müdiri ilə də vidalaşmaq məcburiyyətindədir”.

Məlumatlı şəxs S. Müslümova yeni vəzifə verilib-verilməyəcəyinə də toxunub. Bildirib ki, belə bir ehtimal inandırıcı saymır: “Artıq Səlim Müslümovun pensiya fonduna daxil olan 2 milyard manatı yoxa çıxarması haqda “Yeni Müsavat” da yazıb. Yəqin ki, belə yeyinti faktları çoxdur. Belə olmasaydı, onun tabeliyindəki adi bir şöbə müdirinin qısa zamanda 300-350 min manat dəyərində mənzil alması mümkün olmazdı.

Digər tərəfdən, Səlim Müslümovla kirvə olan kənd təsərrüfatı naziri Heydər Əsədovun da eyni gündə vəzifədən çıxarılması göstərir ki, onlarla bağlı qərarın “geri dönüşü” çətin ki, mümkün olsun. Söz yox ki, bütün bunlarla bağlı son sözü Prezident deyir. Amma proses göstərir ki, dövlət başçısı yerində və haqlı qərar verməklə milyonlarla pensiyaçının, əlilin, təqaüdçünün qəlbini yenidən fəth edib”.

Yeni nazir Səlim Müslümovun korrupsiyaya uğramış komandasını dağıtmaq istəyir

Bildirilir ki, S. Müslümov nazir işlədiyi dövrdə özünə çox vurğun olub, hətta o, ölkəyə gələn xarici qonaqların yanında özünü az qala dövlət başçısı kimi aparıb, davranışı sanki daha böyük iddialardan xəbər verirmiş: “O, hətta nazirliyə gələn yoxlamaları belə həftələrlə qapısı önündə saxlatdırır, onları bu qapıdan o qapıya göndərməklə, sanki “mən toxunulmaz”, - mesajını verirdi. Hesabala Palatasının bu nazirlikdə yoxlama müddətlərini araşdırsanız o zaman aydın olacaq ki, Müslümov bu Palatanı hansı gərgin durumda qoyub. Bu və ya digər məqamları da nəzərə alsaq, onun Prezidentin nəzərindən düşməsinin ciddi əsasları olduğunu deyə bilərəm. İnanmıram ki, bundan sonra hakim düşərgədə onu dəstəkləyən ciddi fiqurlar olsun”.


Son olaraq qeyd edək ki, bu nazirlik “sosial sifariş” adı ilə müxtəlif QHT-lərlə də əməkdaşlıq edib, hər biri böyük vəsaitlərlə hesablanan çoxsaylı qrant layihələri paylayıb. Həmin layihələrin icrası və s. məsələlərlə bağlı ciddi ittihamlar da səslənir. Məsələn, QHT rəhbəri Sahib Məmmədov ötən gün sosial şəbəkədə bu layihələrin müəyyən “faiz” alınmaqla, özlərinə yaxın olan QHT-lərə verildiyinə işarə vuran şərh yazıb.

“Reytinq”in bu və ya digər məsələlərlə bağlı araşdırması olacaq.

F.ƏHMƏD




Bölməyə aid digər xəbərlər