17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ay can, ay can!
Tarix: 19-02-2017 20:23 | Bölmə: Firuz HƏŞİMOV

"Heyf səndən Nikolay hökuməti!” – bu sözləri dəətli aclıq və mərhumiyyət illərində, daha dəqiq desək, ötən əsrin 45-46-cı illərində qocalardan, ahıllardan dəfələrlə eşitmişdim. Səbəbini uşaq sadəlöhvlüyü ilə soruşanda, yaşmaqlı, başına çutqu bağlamış nənələr, bibilər, çubuq çəkən məşədilər, kərbəlayılar belə cavab verərdilər: 

- Balası, o kişinin dövründə beş-üç manatla böyük bir külfətin Novruz bayramını başa vurardıq. İndi isə sənə iki noğul dənəsi tapa bilmirik ki, verək...

Noğulun nə olduğunu bilmirdik, heç rəngini də görməmişdik.

...Yarım əsr keçməmiş bizə də hürriyyət halvası verdilər. Elə təzə-təzə ondan bir loxma yeyib "Oxqay!” demək istəyirdik ki, bir tərəfdən düşmənlərimiz, bir tərəfdən də rəyasət həvəsinə düşmüş siyasi macəraçılar güzəranımızı cəhənnəmə döndərdilər. Sovet hakimiyyəti illərində bir redaksiyanın astanasını keçməyə cürət etməyənlər qəzet sahibi olub jurnalistikanı zənənə hamamına döndərdilər.

Yeri gəldi–gəlmədi türkçülükdən, M.Ə.Rəsulzadədən, şamanlardan, Osmanlı sultanlarından dəm vuranlar beş-altı ilin içində doğma dilimizə elə zərbələr vurdular ki, yaraların sağalmağına şəxsən mən inanmıram.

Qarabağ indi, ancaq dərddən qubar gətirmiş ağbirçəklərin, ağsaqqalların yadına düşür. Heç kimin lənətindən, söyüşündən qorxmadan deyirəm, Qarabağı unutdurmaq həm hakimiyyətdə olan erməni və ruspərəst haramzadalara, həm də müdhiş xəyanətlərini ört-basdır etmək istəyən şərəfsiz "bəylərə” lazım idi. Hər iki cinah da istədiyinə çatdı...

Baş verən tükürpədici hadisələr, mənəvi pozğunluğun hər əndazəni vurub keçməsi, sarsıdıcı, çoxunun etiraf etmək istəmədiyi bir həqiqəti ortaya qoydu: özünü öyməklə deyil, Sovet hökuməti pis-yaxşı bizim əyər-əskiyimizi ört-basdır eləmək bir yana, həm də imkan vermirdi qanımızda, iliyimizdə olan atavistik xüsusiyyətlər üzə çıxsın.

Bu sözləri bir dəfə qələmə almışdım. Bəziləri qəzəbnak olub mənə irad tutdular ki, bu, millətə həqarətdir. Cavabım çox gecikmədi...

...Danabaş kəndinin "dini rəhbəri” Molla Sadıq buyurardı ki, dünyada bir millət varsa, o da müsəlmanlardır, yerdə qalanlar isə heyvan kimi bir şeydilər.

Ondan soruşanda ki, bu harada yazılıb, qayıdardı ki, "Ümdətül əfkar” kitabında. Vəssalam, bununla məsələ bitirdi, kimin daha nə hünəri vardı mübahisə edib, ya da şəkk gətirəydi.

Molla Sadıq avam rəiyyətin rəngini belə görmədiyi, adının da nə olduğunu bilmədiyi kitaba isnad edərək, küllü aləmi heyvana döndərə bilmişdi.

...Bizim bədbəxtliyimiz də onda idi ki, xaki-pakımızda nəinki Molla Sadıqlar, hətta siyasi Şeyx Nəsrullahlar da at oynada biliblər. Cənnət qəbzləri paylayanlar zühur etdilər.

...Böyük ziyalı ordusu beş-on gədə-güdənin qarşısından çəkildi. Məmləkətdə mənəvi cırlaşma elə həddə çatıb ki, bir ziyalı cürət edib açıqdan-açığa nə dədə-baba imanını, nə adət-ənənəsini, nə doğma dilini qoruya bilmir, ... heç istəmir də.

Gözlərimə qara çeşmək geyib qəsdən bütün ətrafı, cəmiyyətimi, vətənimi, iqtidarımı qaralamaq fikrində deyiləm. Amma keçən əsrin birinci yarısında "Nikolay” hökumətinin həsrəti çəkilən kimi , indi bizdə də şikayətlərinə baxılmayan, məmur qapılarında adam yerinə qoyulmayan yaşlı nəslin nümayəndələrinin Sovet hökuməti üçün burunlarının ucu göynəyir.

Neçə vaxtdır ki, həyət-bacada, məhəllədə camaatdan eşitdiyim sözləri qələmə alıram, axşamlar da telekanallardan yayılan vacib xəbərlərə diqqət kəsilirəm.

Zəhmət olmasa oxuyun, yalanım olsa məni məzəmmət edərsiniz. Amma, çox istərdim ki, bu sözləri cənab Prezidentin sayəsində sərvəti-saman, firavan həyat, cah-cəlal yiyəsi olmuş, amma burunlarının ucundan uzağı görməyən, sözün tam mənasında nadan "saray ideoloqları” oxusunlar.

"Şəhərin gözəlliyindən maşallah göz qamaşır, halal olsun Prezidentə! Kişi kimi Bakını Avropanın gözəl şəhərlərindən də gözəl etdi! Allah atasına rəhmət eləsin!”

"Dükanlar, maqazinlər naz-nemətlə doludur, Allaha şükürlər olsun ki, "yoxdur” sözü daha eşidilmir!”

"Hansı idarədə bizi adam kimi qarşılayıb, adam kimi yola salırlar?”

"Az qalıb nəfəs almaq üçün də rüşvət alsınlar!”

" A kişi, bu namərdlər görünür Prezidenti təkləyiblər, ona düzgün məlumat vermirlər!”

"Onun başını qaşımağa vaxtı yoxdur, vəzifələri etibar edib bunlara, onlar da əllərindən gələni beş qaba çəkirlər”

"Bu vəzifəli oliqarxlar var ha, bunlar əvvəl-axır xalqı hökumətə qarşı qaldırmasalar, mənə nə deyirsiniz, deyin!”

"Biz veteranlar bu dövləti qurmuşuq, onu da qoruyacağıq, Prezidenti, qanunları saymayan korrupsionerlər və rüşvətxorlarla hərbi dövrün qanunları əsasında danışmaq lazımdır!”

"Haradasan, ay enkevede, haradasan, ay Mərkəzi Komitə?”.

"Bu hökumət deyil, başımızın bəlasıdır. Dərd budur ki, rüşvətxor dəstə qanmır ki, əməlləri ilə təkcə müstəqilliyimizi yox, övladlarının gələcəyini də təhlükə altına qoyurlar”.

O yer, o məclis yoxdur ku, orada bu cür, hətta bunlardan beşbetər kəskin söhbətlər getməsin, ittihamlar səslənməsin. Axı niyə, nə üçün, müstəqilliyimizin hələ otuz illiyini də bayram etməmişik?

Bir müddət bundan əvvəl korrupsiya ilə mübarizənin başlandığını elan etdilər. İlk həftələr elə bil qurbağa gölünə daş atdılar, amma bir azdan hər şey əvvəlki məcrasına qayıtdı.

Amma, elə də qayıtmadı, əvvəl tutaq ki, min manat alırdılar, indi başladılar on min almağa. Ellik zəmanətlə bir-birinə bağlı olan soyğunçu banda daha da qudurdu.

"Düşdü bütün qəzetlər hörmətdən, ay can, ay can!

Xalqın canı qurtardı töhmətdən, ay can, ay can!”

Dərdlərini ovundura bilməyən yaşlıların bir təsəllisi də tez-tez "vaxt vardı” sözünü işlətməkdir. "Qəzetdən müxbir gəlib!” xəbərinin yayılması ilə müəssisəyə, ya rayona vəlvələ düşərdi. Hamı da bilirdi ki, mərkəzi qəzetlərin birində tənqidi yazının çıxması ilə çoxunun başında turp əkərdilər. Məqalə səhifəyə çıxmamışdan az qala min yoxlamadan keçərdi. Hürriyyət kimi gözəl nemət əməli saleh insanlar üçün səadət, xoşbəxtlik mənbəyi idisə, naqislərin əlində qorxunc silaha çevrildi.

Bir az pulu görüb ağıllarını itirənlər, səmt küləyinə görə flüger kimi istiqamətini dəyişənlər, dünya xəritəsində bir dövlətin yerini dəqiq göstərə bilməyənlər redaktor olmaq eşqinə düşdülər. Mənəvi mühit korlandı... çox keçmədi ki, "müxbirlər” qədim monqol darğaları kimi daraşdılar idarə və müəssisələrin canına. Başı sərvətlərin, vəzifə kreslolarının paylanmasına qarışmış iqtidar bir müddət qəzetlərin cilovlarını boş buraxdı. İdeoloji işin başlı–başına buraxılması ona gətirib çıxartdı ki, hərbgu cahillər daha o cəfəngiyyat qalmadı ki, qəzet səhifələrinə çıxarmasınlar.

Əyalət siyasətbazlarının eqidası altında olan qəzetlərdə bir meyar vardı, əgər iqtidarın bostanına daş atacaqsansa, onda ağzına, xəstə beyninə nə gəldi yaz, çap edəcəyik. Bu tələ idi! Hirsdən, ovunmayan dərdlərdən, məmur qapılarında alçalmaqdan zinhara gələnlər məkrli redaktorların əllərində marionetə döndüklərini başa düşmədilər. Çoxu heç dərk eləmirdi ki, üzdən kasıb-kusubun dərdinə yanan, yeri gəldi-gəlmədi insan haqlarından gəvəzələyən redaktorun özü iqtidarın əlində adi rezindən düzəldilmiş quş fiqurudur. Məhz belə rezindən düzəldilmiş ördək fiqurları ilə mahir ovçular quşları suya endirib sonra da atəşlə məhv edirlər.

Bir yandan çörək dərdi, işsiz qalmaq qorxusu, evsizlik, digər məişət dərdləri ən qeyrətli, ən vicdanlı qələm sahiblərini sındırdı.

Vəziyyətdən sui-istifadə edən oliqarx məmurlar neçə-neçə az-maz nüfuz qazanmış qəzeti satın aldılar. Hər qəzetin də tənqid və tərif çərçivəsi müəyyən edildi. Əməkdaşlarına vaxtlı-vaxtında çörək pulu verə bilməyən bəzi vicdanlı, pak əqidəli redaktorlar başlarına haranın daşlarını salmalı idilər?

Ya yağ-bal içində üzən, heç kimi saymayan məmur–oliqarxın mirzəsinə dönməli, ya da heç bir əks-səda oyatmayan mənasız "tənqidi” məqalələri, şou-biznes həşəratının buduar əhvalatlarını vəsf edən materialları səhifələrə çıxarmalıdır. Nə Prezidenti, nə də qanunları saymayan "iri buynuzlu” məmurlar əlaltılarının ətrafına elə isehkamlar ucaltmayıblar ki, onları iki-üç məqalə ilə yerindən tərpətmək olsun. Onu görürsən ki, qəzet nə qədər əlləşib-vuruşursa, xeyri yoxdur ki, yoxdur.

Hansısa bölgədə, ya da iş sahəsində baş vermiş qanunsuz əməllər barədə qəzet dalbadal yazılar verir, amma nə müvafiq orqanlar bir tədbir görürlər, nə də yuxarılar tərpənir. Bir ay belə, iki ay belə, tədricən xalqda belə fikir formalaşır ki, qəzetlərin yazmasından, tənqidlərin iki qara qəpik xeyri yoxdur, məmurlar hamıya tüpürürlər.

Bu məqalə yazılmamışdan beş gün əvvəl Yeni Əhmədlidə, Qaçaq Nəbi küçəsində ona qədər gözəl ağacı kəsib doğradılar.

Çox arzu edirdim ki, bizim tüfeyli ideoloqlar hadisə yerində olaydılar və iqtidarın üzərinə yağdırılan söyüşləri, lənətləri eşidəydilər.

Cəzasızlıq mühiti, mətbu sözün kəsərdən düşməsi xalqın iqtidara olan inamını çoxdan qırıb. Bunu yuxarıda oturub dünyanı vecinə almayan harınlar bilirlərmi?

Azərbaycanı tarac edən bizim oliqarx-məmurun oturduğu xarabaya, yəni iqamətgaha yaxın düşmək müşkül məsələdir. Qapıda nə qədər desəniz nökər-naib var, mən hələ cangüdənləri, polis nəfərlərini demirəm... Məşuqələrini, qohum-əqrəbasını naz-nemət içində saxlayan azğın məmurla görüşmək isə hər adama müyəssər olmur.

Belələri vicdanla çalışan, dilənçi qonorarı ilə dolanan qələm sahiblərinin qənimləridir. Məhz belələri əyilməyənləri sındırır, ya xətaya salır, ya da başına elə oyunlar gətirirlər ki, analarından əmdikləri süd burunlarından gəlir.

Rus şaxtaçıları və Sabirin şeiri

Sergey Vasiliyev soyadlı bir rus şairi vardı. Ötən əsrin 70-ci illərində o, Sabirin şeirlərini rus dilinə tərcümə etməyə başlamışdı. Vasiliyev üçün sətiraltı tərcümələri kim etmişdi, bunu bilmədim. S.Vasiliyev Sabirin məşhur "Fəhlə” şeirini yüksək səviyyədə olmasa da, alababat tərcümə etmişdi. Şeir 1907-ci ildə yazılsa da rus dilində olduqca kəskin və aktual səslənirdi.

Amma heç vaxt təsəvvür etməzdim ki, həmin şeiri Moskvadan bizim metro inşaatında işləmək üçün gəlmiş rus şaxtaçılarının əllərində görəcəyəm. Rus fəhlələri bizim Sabirin şeirini əsl intibahnamə kimi sevə-sevə oxuyurdular. Şeiri yadınıza salım:

Fəhlə, özünü sən də bir insanmı sanırsan?

Pulsuz kişi insanlığı asanmı sanırsan?

İnsan olanın cahu-cəlalı gərək olsun,

İnsan olanın dövləti, malı gərək olsun,

Alçaq ufacıq daxmanı samanmı sanırsan?

Axmaq kişi, insanlığı asanmı sanırsan?

Bəlkə bir adam tapılaydı və mənə sübut edəydi ki, hal-hazırda bu məmləkətdə fəhləni adam yerinə qoyurlar, sovet dövründə olduğu kimi, o ailəsi ilə, teatra, filarmoniyaya gedir, balalarının sabahı üçün tam arxayındır.

O gün yoxdur ki, qəzetlərdə fəhlələrin başına gətirilən oyunlar barədə oxumayaq: fəhləni gün vurdu, yuxarı mərtəbədən yıxıldı, təhqir edilib döyüldü, şikayətinə baxılmadı, sorğu-suala cavab vermirlər və s.

Hələ indiyə qədər bir jurnalist döşünə döyüb deyə bilməz ki, mən xoşagəlməz hansısa hadisənin baş verdiyi sahədə adi fəhlələrlə əməlli-başlı danışa bilmişəm. Yoxdur belə şey! Heç kim cürət edib ağzını açmır. Ombudsman da, həmkarlar ittifaqlarının rəhbərləri də, belə lap müvafiq orqanlar da bilirlər ki, ölkənin bütün şirkətlərində, sənaye sahələrində, hətta mağazalarda əski Siciliya mafiyasının "Omerta”, yəni, ölü sükutu qanunu hökmfərmadır. Yəni, hamı susmalıdır.

İllər uzunu iqtidarın yazarı sayılmışam, dövlətçilik naminə mübarizəmi bir gün də olsa dayandırmamışam. Peşiman deyiləm, çünki kimlərə qarşı vuruşduğumu əla bilirdim.

Mənfur bir zümrənin millətə divan tutduğunu görəndə susmaq dövlətə, millətə xəyanətdir. Bu zümrənin mənsubları qəsdən, özü də bilə-bilə sadə insanlara acıq verirlər... Bilirsiniz niyə? Ona görə ki, bunların içində kübar xislətli, əsl-nəcabətli bir əməli-saleh adam yoxdur, hamısı gədadır!

...Bir iki cümlə də yazmaq istəyirdim ki, xoş xəbər eşitdim, heç demə 175 manatlıq təqaüdümün üstünə doqquz manat da əlavə ediblər! Novruz qabağı bundan da böyük ənam olarmı? Fikirləşdim, belə savab əməlin müqabilində cənab Prezidentə minnətdarlığımı bildirməliyəm.

Cənab Prezident, iltifatınız artıq olsun!

Bir müddət bundan əvvəl bu gün–sabahlıq olduğumu, pul tapa bilməyəcəyimi nəzərə alıb qəbir yeri üçün iki dəfə Sizə müraciət etdim. Aylar keçdi, Sizdən cavab gəlmədi, düşündüm ki, yəqin it-bat olmuş minlərlə ərizə, şikayət kimi müraciətim də yoxa çıxıb. Amma, doqquz manat söhbətinin ortaya çıxması sübut etdi ki, biz fəqirləri unutmamısınız. Varam belə səxavətə, belə insanpərvərliyə!

Ətrafınızda dolanan, sayənizdə cah-cəlal, milyonlar qazanmış vampir xislətli məddahlar deyəcəklər ki, mən istehza edirəm, bu düşmənçilikdir, nəfəsim kəsilməlidir!

Müstəqilliyimizin, dövlətimizin əsl düşmənləri Sizin şəninizə xaltura "zəfərnamə”lər bağlayan, boğaza yığılmış, dilənçi gününə düşmüş zavallı kütlənin işinə getməkdən qorxaraq telestudiyalarda, qorxaq məmurların yığışdığı bər-bəzəkli salonlarda dil-dil ötən fırıldaqçı "politoloqlar”, bisavad icra başçıları və təyin olunmuş deputatlardır.

Fransanın məşhur kralı XIV Lüdoviq (1638-1715-ci illər) kefinin kök vaxtında üzünü dərbarına tutaraq demişdi: "Dövlət mənəm!”

Bu sözü işlətməkdə o yüz faiz haqlı idi, mütləqiyyət üsul-idarəsi əsl zirvəsinə çatmış, dövlət də Avropada hegemona dönmüşdü, müstəmləkələr də öz yerində.

Cənab Prezident! Sizin sayənizdə bu dəqiqə Azərbaycanda hər bir dılqır vəzifə sahibi, simasız quldur, lampaslı şalvar geymiş ədalı general "Dövlət mənəm!” sözünü cəsarətlə dilinə gətirir.

Bəzisi mənə deyə bilər ki, niyə narazısan, aləmə məşhur Ziya Məmmədov işdən çıxarıldı ki! Çox böyük iş olub! Kişi indi saraylarının birində özü üçün kefə baxacaq, say-seçmə"püştəmal ustası” sayılan nazənin sənəmlər ona qulluq edəcək, oğlu milyonluq ayı kababı yeyirdisə, o zürafə xaşı, Serengetidən gətiriləcək ahu kababı da sifariş edəcək. Yığdığı milyonlar da yeddi arxasına bəsdir.

Mən hesablamışam, cənab Prezidentin mənə əta qıldığı doqquz manatla çar Nikolayın zəmanəsində olan kimi on ailə üçün əla Novruz bayramı keçirib uşaqlara da əyin-baş almaq mümkündür.

 

 


Müəllifin bütün yazıları - Firuz HƏŞİMOV



Bölməyə aid digər xəbərlər
18-09-2017, 17:29 Firuz HƏŞİMOV - Manqurtlar
11-06-2017, 15:04 Firuz HƏŞİMOV - Meydan faciəsi
19-02-2017, 20:23 Firuz HƏŞİMOV - Ay can, ay can!

{sape_links}{sape_article}