Məhkəmə xəstə anasını boğaraq öldürən qadınla bağlı qərar çıxarıb
Tarix: 10-11-2021 15:55 | Bölmə: Cəmiyyət
Məhkəmə xəstə anasını boğaraq öldürən qadınla bağlı qərar çıxarıb

Şəki Apellyasiya Məhkəməsində Mingəçevirdə anasını boğaraq öldürməkdə təqsirləndirilən Sədaqət Əsgərovanın barəsində olan apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Məlumata görə, hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, S.Əsgərovanın apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2020-ci il oktyabrın 9-da Mingəçevir şəhərində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü S.Əsgərova anası, 1936-cı il təvəllüdlü Bənövşə Ələkbərovanı qətlə yetirib.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin qızı S.Əsgərova yataq xəstəliyinə düçar olan anasının yaşa görə aldığı əmək pensiyasını ələ keçirmək məqsədilə yastıqla boğaraq qəsdən öldürüb.

S.Əsgərova Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, S.Əsgərova 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib/Report.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq