Akademik: “Elmi tədqiqatların yeni inkişaf strategiyası hazırlanır”
Tarix: 19-11-2021 18:39 | Bölmə: Cəmiyyət
Akademik: “Elmi tədqiqatların yeni inkişaf strategiyası hazırlanır”

“Son illərdə AMEA-da akademiyanın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə elmi fəaliyyətin səmərəliliyini artırmağa imkan verən islahatlar aparılır, dünya elminin əsas inkişaf tendensiyalarını nəzərə almaqla prioritet istiqamətlər yenilənir, ölkə üzrə elmi tədqiqatların yeni inkişaf strategiyası hazırlanır”.

Reyting.az
xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Türkiyənin Dokuz Eylül Universiteti (DEU) və AMEA-nın birgə təşkilatçılığı ilə keçirilən ikitərəfli beynəlxalq onlayn elmi seminarın açılış tədbirində deyib.

İ. Hüseynova qeyd edib ki, yeni prioritetlərin müəyyənləşdirilməsində qlobal problemlərin sayının artması, onların bir çoxunun, o cümlədən qlobal iqlim dəyişikliklərinin, yoluxucu xəstəliklərin və onların yayılma tezliklərinin intensivləşməsi kimi məsələlər xüsusilə mühüm rol oynayır.

Onun sözlərinə görə, COVID-19 pandemiyası dünya ictimaiyyətinin, beynəlxalq qurumların və dövlətlərin diqqətini təbii və antropogen xarakterli təhlükə və təhdidlərə qarşı mübarizə istiqamətində fundamental və tətbiqi elmi tədqiqatların daha intensiv inkişaf etdirilməsinin, eləcə də dünya dövlətləri və alimlərinin bu sahədə səylərinin birləşdirilməsinin vacibliyinə cəlb edib.

AMEA-nın vitse-prezidenti canlı həyatın və ətraf-mühitin öyrənilməsinə ən müasir elmi-texnoloji yanaşmaların tətbiqi, informasiya texnologiyaları, fiziki, kimyəvi və bioloji proseslərin modern riyazi və kompüter modelləşdirmələri, maşınöyrənmə və süni intellekt, molekulyar biologiya, gen redaktəsi, OMİX (o cümlədən, populyasyon genomiks), bio və nanotexnologiyalar, mikro və neyrobiologiya və digər sahələrdə tədqiqatların daha da dərinləşdirilməsinin dövrün tələbi olduğunu söyləyib. O, bütün bu proseslərdə iki qardaş ölkənin alimlərinin fəal iştirakını həm dövlətlərimizin inkişafı, həm də dünya elminə mühüm töhfələr verilməsində birgə fəaliyyətlərin səmərəliliyi baxımından əhəmiyyətini vurğulayıb.

Son illərdə Azərbaycan və Türkiyənin elm və təhsil müəssisələrinin müştərək layihələrdə fəal iştirak etdiyini deyən İ. Hüseynova AMEA ilə TUBİTAK arasında bağlanmış müqavilələr əsasında çoxsaylı ikitərəfli qrant layihələrinin, o cümlədən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun dəstəyi ilə bir sıra layihələrin icra edilməkdə olduğunu diqqətə çatdırıb.

“Düşünürəm ki, Azərbaycanın və Türkiyənin elm və təhsil müəssisələrinin, alim və mütəxəssislərinin ortaq tədbirlər vasitəsilə daha tez-tez bir araya gəlməsi, onlar arasında elmi əlaqələrin daha intensiv xarakter alması ilə bağlı fəaliyyətlərimizi gücləndirməliyik”,- deyə alim əlavə edib.

İ. Hüseynova seminarın bir sıra yeni elmi əməkdaşlıq əlaqələrinin qurulmasına və elm qarşısında duran aktual problemlərin həllinə istiqamətlənmiş birgə tədqiqatların aparılmasına ciddi təkan verəcəyinə inamını ifadə edib, tədbirin işinə uğurlar arzulayıb.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:29 Sabah leysan yağacaq
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq