İcra başçılarına ciddi xəbərdarlıq edilib, bəzilərinə iki ay vaxt verilib - Fotolar
Tarix: 11-03-2022 12:22 | Bölmə: Cəmiyyət
İcra başçılarına ciddi xəbərdarlıq edilib, bəzilərinə iki ay vaxt verilib

Bakı Şəhər İcra Hakimiyyətində şəhər ərazisində qanunsuz tikintilərlə bağlı vəziyyət və bu halların qarşısının alınması müzakirəyə çıxarılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Reyting.az-a bildiriblər ki, müşavirədə paytaxt rayonlarının icra hakimiyyəti başçıları, müvafiq təsərrüfat strukturları rəhbərləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri iştirak ediblər.

Müşavirədə çıxış edən Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov martın 3-də prezident İlham Əliyevin çıxışı zamanı Bakı şəhərində qanunsuz tikintilərlə bağlı tutduğu iradlar və bu neqativ halların qarşısının alınması ilə bağlı tapşırıqları barədə məlumat verib.

Bildirilib ki, son vaxtlar rayon icra hakimiyyəti başçılarına qanunsuz tikililərlə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı dəfələrlə tapşırıqlar verilsə də, icra başçıları, onların aparatının məsul əməkdaşları bu vacib məsələni daimi nəzarətdə saxlamayıb və nəticədə ərazidə qanunsuz tikintilər artıb.

Müşavirədə paytaxt ərazisində aparılan monitorinq zamanı aşkar edilən qanunsuz tikililər barədə video-film də nümayiş etdirilib.

Toplantıda paytaxtın hər bir rayon icra hakimiyyəti başçısının rayon ərazisindəki bütün məsələlərlə bağlı şəxsi məsuliyyət daşıdıqları vurğulanıb və bildirilib ki, RİH-lər qanunsuz tikintilərə qarşı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhərsalma Nəzarəti şöbəsi ilə birgə fəal əməkdaşlıq etməlidir.

Müşavirədə ərazisində daha çox qanunsuz hallara yol verilmiş bəzi icra başçılarına ciddi xəbərdarlıq edilib, qanunsuz tikinti hallarının qarşısının alınması ilə bağlı təcili və təxirəsalınmaz tədbirlərin görülərək 2 ay müddətində hesabat verilmələri tapşırılıb.

Müşavirədə həmçinin yaz mövsümü ilə əlaqədar şəhərdəki park, istirahət bağları, “Abad məhəllə”lərdə cari təmirlərin aparılması, ağac və yaşıllıqlara qulluq göstərilməsinə nəzarətin artırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Onu da qeyd edək ki, BŞİH-nin mətbuat xidməti bəzi qanunsuz tikililərin fotolarını da redaksiyamıza göndərib:







Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər