Azərbaycandan göndərilən yardımlar... - Qeydlər insanları təsirləndirib - Foto
Tarix: 16-02-2023 16:53 | Bölmə: Cəmiyyət
Azərbaycandan göndərilən yardımlar... - Qeydlər insanları təsirləndirib

Müxtəlif ölkə və şəhərlərdən Türkiyəyə göndərilən yardımlar zəlzələlərdən zərər çəkən bölgələrə çatdırılır. Reyting.az xəbər verir ki, bu çərçivədə Azərbaycandan göndərilən qida, geyim və yataq dəstlərinin olduğu yük maşını Malatyaya çatıb.

Türkiyə KİV-ləri yazır ki, şəhərdəki bir məktəbin anbarında yerləşdirilən və çeşidlənən mallar arasında insanı duyğulandıran məktublar, müxtəlif şirniyyatlar və pullar da aşkar edilib.

Paltarın üzərinə əlavə edilən bir qeyddə yazılıb:

"Salam, uşaqlar, mənim adım Reyhandır. Mən Azərbaycan qızıyam. Ümid edirəm ki, evinizə qayıdacaqsınız. Allah sizi qorusun!".

Başqa bir yardım materialında isə "Allah sizə yar olsun, kömək olsun! Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə şəfalar diləyirik. Canımızla, qanımızla yanındayıq Türkiyəm!",- yazılıb.



Xeyriyyəçi qeydində hisslərini belə bölüşüb:

"Tez sağalın, Azərbaycan olaraq ürəyimiz sizinlədir. Çox, çox gözəl günlərdə kefinizi çəkməyinizi arzu edirik. Qardaşlarımız, Allah sizi qorusun! Biz sizinləyik, dualarımızdasınız".

Yun çəkmələrin üzərinə yapışdırılan qeyddə “Qənimətlər təmizdir, cehizimdən...”,- yazılıb.

Malatyanın milli təhsil müdiri Hatice Özdemir zəlzələ ilə əlaqədar dəstək olan və kömək təklif edən hər kəsə təşəkkür edərək deyib ki, Azərbaycandan öndərilən yardımların arasındakı qeydlər və məktublar onları duyğulandırıb:

“Azərbaycan bizim qardaşımızdır. İnsanlar cehizindəki əşyaları, kiçik bir uşaq şirniyyat göndərdi. Bu, böyük bir işdir”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}