Məhkəmə Rusiyaya casusluq edən hərbçini mühakimə edib
Tarix: 08-10-2025 10:46 | Bölmə: Dünya
Məhkəmə Rusiyaya casusluq edən hərbçini mühakimə edib

Estoniya məhkəməsi ölkə vətəndaşı İvan Dmitriyevi Rusiyanın xeyrinə casusluqda təqsirli bilib.

Reyting.az
xəbər verir ki, İvan Dmitriyev 11 ay müddətinə azadlıqdan məhrum və 2215 avro məbləğində cərimə ödəməyə məhkum edilib.

İstintaqın məlumatına görə, Dmitriyev 2025-ci ilin martından may ayına kimi “FSB” Sərhəd Xidmətinin əməliyyat şöbəsinin zabiti Aleksandr Bobkovla əməkdaşlıq edib və onun vasitəsilə Rusiya kəşfiyyat orqanlarına məlumat ötürüb.

Xüsusilə, Rusiya “FSB”-si Dmitriyevin üzvü olduğu “Kaitselit” üzvləri ilə maraqlanıb. Onlar Narvadakı siyasi vəziyyət və orada yerləşən hərbi qulluqçular haqqında da məlumat toplamağa çalışıblar.

Estoniyanın baş prokuroru Trin Olev-Aas bildirib ki, Dmitriyev “Kaitselit”-in fəal üzvü olub və digər məsələlərlə yanaşı, dron əməliyyatları və bununla bağlı işlərdə də iştirak edib.

“Biz Dmitriyevi ilk fürsətdə, o, hərbi təlimlərdə iştirak etdikdən sonra kəşfiyyat rəhbəri ilə görüş üçün Rusiyaya getməyi planlaşdırarkən saxladıq”, - Estoniya Milli Təhlükəsizlik Agentliyinin direktor müavini Tavi Narits bildirib.

Qeyd olunur ki, Dmitriyevin Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığı davam etdirməsi Estoniyanın təhlükəsizliyinə əhəmiyyətli dərəcədə zərər verə bilərdi. Toplanan sübutlara görə, estoniyalı həbs olunana qədər Rusiya kəşfiyyat xidmətləri ilə cəmi iki ay əməkdaşlıq edib.

Narits bildirib ki, Rusiya “FSB”-si estonları öz sıralarına cəlb etmək üçün şirnikləndirmədən tutmuş təzyiq və ya hədə-qorxuya qədər müxtəlif üsullardan yararlanır.

Onun sözlərinə görə, ruslarla əməkdaşlıqdan qaçmağın iki yolu var: təklif barədə polisə məlumat vermək, ya da məhkəmənin hökmünə əsasən, həmin şəxs əməkdaşlığa razılıq verərsə, həbs cəzası. Təəssüf ki, Dmitriyev sonuncu variantı seçib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər