Macarıstanın mövqeyi dəyişir, Slovakiya isə…
Tarix: 09-10-2025 15:28 | Bölmə: Dünya
Macarıstanın mövqeyi dəyişir, Slovakiya isə…

Macarıstan artıq 19-cu sanksiyalar paketi çərçivəsində Rusiya qazının idxalına qoyulan qadağaya qarşı deyil. Bununla belə, Slovakiya hələ də Rusiyaya qarşı yeni enerji məhdudiyyətlərini dəstəkləmir.

Reyting.az
xəbər verir ki, bu barədə “EUObserver” danışıqlarla tanış olan diplomatlara istinadla yazıb.

Mənbələrin bildirdiyinə görə, Macarıstanın Avropa İttifaqındakı (Aİ) səfiri Budapeştin bundan əvvəlkindən fərqli olaraq, Rusiyanın mayeləşdirilmiş təbii qaz tədarükünə qoyulan embarqoya qarşı çıxmayıb.

Nəşr qeyd edir ki, Slovakiyanın Aİ-dəki səfiri yeni anti-Rusiya sanksiyalarını təsdiqləməkdən imtina edib.

“O, AB-nin iqlim dəyişikliyi siyasətinin Slovakiya avtomobil sənayesinə zərər verəcəyini əsas gətirərək Rusiyaya qarşı yeni sanksiyalara razılıq verməyib”,- danışıqlardan xəbəri olan diplomat jurnalistlərə bildirib.

Nəşr yazır ki, Avstriya da potensial olaraq yeni anti-Rusiya sanksiyalar paketini bloklaya bilər. Vyana, Raiffeisen Bankın Rusiya tərəfindən tətbiq etdiyi cəriməyə görə kompensasiya olaraq, 2 milyard avroluq Rusiya aktivlərinin dondurulması üçün icazə istəyir. Bununla belə, digər 26 üzv dövlətdən heç biri bu təklifi dəstəkləməyib.

Bununla yanaşı, mənbələr 19-cu sanksiyalar paketinin digər müddəalarının artıq qeyri-rəsmi şəkildə razılaşdırıldığını vurğulayırlar. Bunlara Rusiyanın hərbi əməliyyatlarında iştirak edən ən azı 31 əlavə fiziki və hüquqi şəxsin, “kölgə donanması”nda 120-dən çox Rusiya neft tankerinin “qara siyahı”ya salınması və Rusiyanın bank sektoruna məhdudiyyətlərin sərtləşdirilməsi daxildir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər