21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Qarabağ Dirçəliş Fondunun filialları və nümayəndəlikləri olacaq - Fərman
Tarix: 19-01-2021 12:42 | Bölmə: Gündəm
Qarabağ Dirçəliş Fondunun filialları və nümayəndəlikləri olacaq

Qarabağ Dirçəliş Fondunun strukturu müəyyənləşib.

Reyting.az
xəbər verir ki, Fərmana əsasən, Qarabağ Dirçəliş Fondunun strukturu aşağıdakı kimidir:

1. Qarabağ Dirçəliş Fondunun Aparatı.

2. Qarabağ Dirçəliş Fondunun filialları və nümayəndəlikləri.

Bundan başqa, Fərmana əsasən, Fondun fəaliyyət istiqamətlərinə müvafiq sahənin inkişafını təmin etmək; müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək; müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; işğaldan azad olunmuş ərazilərdə bərpa, yenidənqurma və dayanıqlı inkişaf işinin həyata keçirilməsinə maliyyə dəstəyi göstərmək; işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və dayanıqlı inkişafı üçün sərmayələrin cəlb olunması, habelə bu istiqamətdə fəaliyyətin effektiv təşkili məqsədilə təbliğat-təşviqat və maarifləndirmə işi aparmaq;  işğaldan azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və dayanıqlı inkişaf məqsədlərinin dövlət-özəl tərəfdaşlığı çərçivəsində təmin edilməsi istiqamətində işləri təşviq etmək və bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək daxildir.

Qarabağ Dirçəliş Fondu öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edəcək.

Nizamnaməyə əsasən, Fondun idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir.

- Fondun Müşahidə Şurası (bundan sonra – Şura) Fonda ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

- Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 9 (doqquz) üzvdən ibarətdir. Şuranın sədri Şuranın iclasında Şura üzvləri sırasından 3 (üç) il müddətinə seçilir.

- Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

- Şura qərar qəbul etməkdə müstəqildir.

- Şuranın vəzifələri aşağıdakılardır:

- təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək və müvafiq sənədlər (o cümlədən Fondun maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

- Fondun inkişaf istiqamətlərini, strateji məqsəd və planlarını müəyyən etmək;

- Fondun fəaliyyətinə nəzarət etmək;

- Fondun strukturuna dair təkliflər vermək, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) məbləğini təsdiq etmək, o cümlədən Fondun əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;

- Fondun İdarə Heyətinin fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq;

- Fondun təsərrüfat cəmiyyətlərinin yaradılması və onlarda iştirak barədə, həmçinin Fondun idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

- Fondun maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;

- Fondun istiqrazlarının və digər növ qiymətli kağızlarının buraxılması, yerləşdirilməsi, dövriyyəsi, ləğvi, habelə onların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası ilə bağlı təkliflər vermək;

- Fondun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;

- Şura üzvlərinin və İdarə Heyətinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

- Fondun fəaliyyətinə dair illik hesabatı dinləmək;

- Fondun kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

- kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

- Fondun daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

- Fondun xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Fondun aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

- bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

- Şuranın sədri ildə 2 (iki) dəfədən az olmayaraq Şuranın iclasını çağırır və iclaslara sədrlik edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya İdarə Heyətinin sədri çıxış edir. Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

- Şuranın üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

- Şuranın iclasında İdarə Heyətinin sədri də iştirak edə bilər.

- İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

- Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

- Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək icra orqanının rəhbərinə göndərir.

- Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.

 Şuranın katibi:

- Şuranın iclaslarını təşkil edir;

- Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt barədə Şura üzvlərinə, habelə İdarə Heyətinin sədrinə və Şuranın iclaslarına dəvət olunan şəxslərə iclasa azı 3 (üç) iş günü qalmış yazılı məlumat verir;

- Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanmaq üçün Şuranın üzvlərinə təqdim edir;

- Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;

- Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.

- Şuranın sədri:

- Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;

- Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;

- öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya İdarə Heyəti sədrinin xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;

- Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

Şuranın üzvləri:

- Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

- Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulan materiallarla əvvəlcədən tanış olurlar;

- Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;

- Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxmaq barədə təklif verirlər;

- Şuranın qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

- Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

- Fondun cari fəaliyyətinə rəhbərliyi İdarə Heyəti həyata keçirir. İdarə Heyəti 3 (üç) üzvdən – Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və onun 2 (iki) müavinindən ibarətdir.

- İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti sədrinin müavinləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.

- İdarə Heyətinin vəzifələri aşağıdakılardır:

- Fondun fəaliyyətini təşkil etmək;

- bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün Şuraya təkliflər vermək və sənədlər təqdim etmək;

- Şuranın qərarlarını icra etmək;

- aidiyyəti şəxslə dəyəri Fondun aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

- Fondun strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

- bu Nizamnamənin 3.1.11-ci və 3.1.18-ci yarımbəndlərində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

- cari və operativ məsələlər barədə Şuranı məlumatlandırmaq;

- İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

- bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

- Şuranın və İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.

- İdarə Heyətinin sədri:

- Fondun cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

- İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;

- öz təşəbbüsü ilə, İdarə Heyətinin digər üzvünün və ya Şuranın təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

- öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

- Fondun fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili əmr və sərəncamlar verir;

- Fondun fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir və buna nəzarəti həyata keçirir;

- Fondun vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

- Fond işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;

- bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun işçilərinin, onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;

- Fondun əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

- Fondun Nizamnaməsi ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Fondun adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

- Fondun fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komissiyalar və işçi qruplar yaradır;

- Fondun fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

- Fondda kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

- Fondda müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin etmək;

- Şuranın və İdarə Heyətinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar qəbul edir.

İdarə Heyətinin üzvləri:

- İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

- İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

- İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

- İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;

- İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

- İdarə Heyətinin iclası ayda azı iki dəfə çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü və ya Şura çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledicidir. İdarə Heyətinin iclasına münasibətdə bu Nizamnamənin 4.9-cu, 4.11-ci və 4.12-ci bəndlərində nəzərdə tutulmuş müddəalar tətbiq edilir.

- İdarə Heyətinin üzvləri iclaslarda baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər