Bağlanmış 4 bankın əmanətçilərinin pullarını alma müddəti başa çatır
Tarix: 09-04-2025 17:19 | Bölmə: İqtisadiyyat
Bağlanmış 4 bankın əmanətçilərinin pullarını alma müddəti başa çatır

Ləğv prosesində olan "Amrah Bank”, “AGBank”, “Atabank” və “NBC Bank” ASC-lərdə qorunan əmanətləri olan fiziki şəxslərə (sahibkarlar istisna olmaqla) kompensasiya ödənilməsi müddəti başa çatmaq üzrədir.

Reyting.az
xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondundan bildiriblər.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə "Atabank" və "Amrah Bank"ın, 12 may 2020-ci il tarixli qərarı ilə “NBC Bank” və “AGBank” ASC-nin lisenziyaları ləğv edilib. Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” və “Amrah Bank”, 14 may 2020-ci il tarixli qərarı ilə “NBC Bank” və “AGBank” müflis elan edilib, iflas proseduruna başlanılıb, həmin qərarla Fond ləğvedici təyin olunub.

Qorunan əmanətçilərə kompensasiyaların verilməsi barədə ilk bildiriş "Atabank" və "Amrah Bank" üzrə 8 may 2020-ci il tarixdə, “NBC Bank” və “AGBank” üzrə isə 17 may 2020-ci il tarixdə KİV-də dərc edilib.

“Əmanətlərin sığortalanması haqqında” qanunu 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Həmin Qanunun 28.4-cü maddəsində əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

"Atabank" və "Amrah Bank"ın qorunan əmanətçilərinə kompensasiyaların verilməsi və ya kompensasiya vəsaitləri ilə öhdəliklərinin əvəzləşdirilməsi 8 may 2025-ci il tarixdə, “NBC Bank” və “AGBank”da isə bu müddət 17 may 2025-ci tarixdə bitir. Həmin tarixdən sonra əmanətçilərdən müvafiq müraciətlər olmadığı təqdirdə məbləğ “Banklar haqqında” qanunun 82.1.8-ci maddəsinə əsasən sonuncu növbə üzrə təminatsız kreditor tələbi kimi qeydə alınacaq.

Qeyd edilən müddət və tarixləri nəzərə alaraq “Amrah Bank”, “AGBank”, “Atabank” və “NBC Bank”da bugünə qədər qorunan əmanətlər üzrə kompensasiya almayan şəxslərə onların vaxtında müraciət etməsini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlərlə birlikdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən Əmanətlərin Sığortalanması Fonduna müraciət etmələri tövsiyə olunur.




Bölməyə aid digər xəbərlər
8-04-2025, 11:53 Çin ABŞ-a meydan oxuyur