SOCAR təminat verir: “İstiqraz sahibləri maliyyə itkisi ilə üzləşməyəcək”
Tarix: 22-09-2016 16:43 | Bölmə: İqtisadiyyat

İstiqrazlar üzrə öz ödəniş öhdəliklərini yerinə yetirmək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) üçün hansısa maliyyə çətinliyi yarada bilməz.

Reyting.az xəbər verir ki, bu barədə SOCAR-dan bildiriblər.

Şirkətdən deyilib ki, SOCAR 40 milyard manatlıq aktivləri ilə Azərbaycanın ən böyük şirkəti, təqribən 1.5 milyard manatlıq vergi ödənişi ilə ən böyük vergi ödəyicisi, 52.000-dən çox işçisi ilə ən böyük işəgötürəni və ölkənin ən böyük ixracatçısı olaraq, 100% dövlətə məxsus bir şirkətdir:

"Eyni zamanda, 13.5 milyard manatlıq səhm kapitalı, 1.6 milyard manatlıq nizamnamə kapitalı, 18 əməliyyat şirkəti və 36 birgə müəssisəsi ilə Azərbaycanda öz borc öhdəliklərinin ən etibarlı icraçısı mövqeyindədir. Bundan başqa, SOCAR istiqrazları qanunvericiliyə uyğun olaraq SOCAR-ın öhdəliyi hesab edilir və SOCAR Nizamnaməsinin 1.7-ci bəndinə əsasən, SOCAR öz öhdəliklərinə görə sərəncamında olan əmlakla (yəni, sahib olduğu pula dəyər hər şeyin, varın, mal və mülkün toplamı ilə) cavabdehdir".

Qeyd olunub ki, cəmi 100 milyon ABŞ dolları dəyərində olan SOCAR istiqrazları üzrə öz ödəniş öhdəliklərini yerinə yetirmək Dövlət Neft Şirkəti üçün hansısa maliyyə çətinliyi yarada bilməz:

"Sadəcə bir misalı qeyd etmək yerinə düşər ki, "Goldman Sachs və JP Morgan” investisiya bankı SOCAR-ın sahibi olduğu "SOCAR Türkiyə” şirkətini 2015-ci ildə 10 milyard ABŞ dolları məbləğində qiymətləndirərək, 13% hissəsini 1.3 milyard dollara satın alıb. Bundan başqa, SOCAR tərəfindən bu günədək xarici investorlar üçün xarici kapital bazarlarında buraxılan 2.25 milyard dollarlıq avrobondlar və həmin avrobondlara göstərilən böyük maraq SOCAR-a olan yüksək etimadın bariz nümunəsidir".

Şirkətdən istiqraz sahiblərinin istiqrazlarını istədikləri vaxt sata bilib-bilmələri məsələsinə də aydınlıq gətirilib: "İstiqraz sahibləri istiqrazlarını istədikləri vaxt sata və nağda çevirə bilərlər. SOCAR bunun üçün lazım olan bütün sistemi və texniki infrastrukturu qurub və hər zaman bazarda istiqrazlarının alıcısı kimi çıxış edərək, istiqraz sahiblərinin maliyyə itkisi ilə üzləşmələrinin qarşısını alacaq".





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər