Tarix: 14-03-2017 15:01 | Bölmə: İqtisadiyyat
2017-ci ilin yanvar ayında Azərbaycan banklarında müştərilərin bank hesablarının ümumi sayı azalıb. Mərkəzi Bankın məlumatına görə, bu il fevralın 1-dək bankların müştəri hesablarının ümumi sayı 15 milyon 12 min 464 olub. Ötən ilin dekabrında isə bu rəqəm 15 milyon 161 min 312 təşkil edib.
Bu azalma bütün növ hesablarda müşahidə edilib. Belə ki, yanvarda banklarda 12 milyon 409 min 66 cari hesab olub. 2016-cı ilin dekabrında isə bu rəqəm 12 milyon 478 min 51 olub.
Ən çox azalma kredit hesablarında baş verib. 2017-ci ilin yanvarında banklarda 2 milyon 226 min 292 kredit hesabı olduğu halda, ötən ilin dekabrında bu rəqəm 2 milyon 304 min 585 olub. 1 ayda 121 min 138 kredit hesabı bağlanıb.
Banklardakı depozit hesabları da ötən ilə nisbətən azalıb. Əgər bu ilin yanvarın sonuna həmin hesabların sayı 377 min 106 olubsa, 2016-cı ilin sonuna bu rəqəm 378 min 676 olub.
Fiziki şəxslərin bank hesablarının sayı da 1 ayda 67 mindən çox azalıb. Əgər ötən ilin dekabrında fiziki şəxslərin banklarda 12 milyon 347 min 299 hesabı olmuşdusa, bu ilin yanvarında onların sayı 12 milyon 279 min 920-ə enib.
Sahibkarlıq hesablarında da 2 mindən çox azalma baş verib. Belə ki, 2017-ci il fevralın 1-ə banklardakı sahibkarlıq hesablarının ümumi sayı 167 min 676 olub. Ötən ilin dekabrında isəbu rəqəm cəmi 169 min 422 idi.
Hüquqi şəxslərə məxsus bank hesabların sayı isə 2016-cı ilin dekabrındakı 130 min 752-dən 129 min 146-ya enib.
Bu il fevralın 1-dək bank müştərilərinin sayı 5 milyon 416 min 222 olub.
2016-cı ilin dekabrında isə bu rəqəm 5 milyon 352 min 456 təşkil edib. Ötən ilin yanvarında isə bankların 5 milyon 403 min 52 müştərisi olub.
Artım həm fiziki şəxslərin sayında, həm də hüquqi şəxslərdə müşahidə edilib. Belə ki, əgər ötən ilin dekabrında banklarda 5 milyon 282 min 463 fizki şəxs müştəri olmuşdusa, 2017-ci ilin ilk ayında bu rəqəm 5 milyon 345 min 213 olub. Həmin tarixdə bank müştərisi olan hüquqi şəxslərin sayı 71 min olub. 2016-cı ilin dekabrında isəbu rəqəm 69 min 993 olub.(Mənbə: Fins.az)
Bölməyə aid digər xəbərlər