Şirkət rəhbərliyi bank hesablarına köçürülməli olan 635 min dolları xaricdən qaytarmayıb
Tarix: 18-11-2021 12:08 | Bölmə: İqtisadiyyat
Şirkət rəhbərliyi bank hesablarına köçürülməli olan 635 min dolları xaricdən qaytarmayıb

"Ultra-LTD" MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində pul vəsaitinin müvəkkil bankda olan hesaba köçürülməməsi ilə bağlı n daxil olmuş material üzrə Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Lənkəran Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, həmin MMC-nin rəhbərliyi tərəfindən 2017-ci ilin mayın 8-dən dekabrın 20-dək olan müddət ərzində xarici ölkələrdə qeydiyyatda olan müxtəlif MMC-lərlə aralarında bağlanılan alqı-satqı müqavilələri əsasında 13 gömrük bəyannaməsi əsasında həmin ölkələrə saflaşdırılmış qurğuşun məhsulları konsiqnasiya yolu ilə ixrac edilməklə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilib və ölkəmizin müvəkkil edilən bankların hesablarına məcburi qaydada köçürülməli olan ümumilikdə 635 min ABŞ dolları məbləğində külli miqdarda xarici valyuta vəsaiti xaricdən qaytarılmayıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci (təşkilat rəhbərləri tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan külli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər