Vergi Xidməti bu işçilərə güzəşt hüququndan faydalanmaq imkanı verəcək
Tarix: 18-11-2021 17:24 | Bölmə: İqtisadiyyat
Vergi Xidməti bu işçilərə güzəşt hüququndan faydalanmaq imkanı verəcək

Azərbaycanda Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdən biri sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması istiqamətindədir.

Reyting.az
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, həmin təklif müəssisənin və fərdi sahibkarın fəaliyyətinin ləğvi ilə əlaqədar işdən çıxarılmaya görə, habelə işçinin vəfatı ilə bağlı əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə Əmək Məcəlləsinə müvafiq olaraq ödənilən təminatların gəlir vergisindən azad edilməsini nəzərdə tutur.

Mövcud qanunvericilikdə müəssisənin və fərdi sahibkarın fəaliyyətinin ləğvi ilə əlaqədar işçiyə ödənilən təminat ümumi qaydada gəlir vergisinə cəlb edilir. Təklif olunan dəyişikliyə əsasən, vergi ödəyicisinin ləğvi və işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə Əmək Məcəlləsinə uyğun olaraq ödənilən təminatların fiziki şəxslərin gəlir vergisindən azad olunması nəticəsində həmin məbləğləri vətəndaşlar vergi tutulmadan əldə edəcək.

Gəlir vergisi ilə əlaqədar Vergi Məcəlləsinə təklif edilmiş digər bir dəyişiklik fiziki şəxsin vergi güzəştinin həmin fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi tarixdən hesablanması ilə bağlıdır. Belə ki, bir sıra hallarda fiziki şəxsin güzəşt hüququnu müəyyən edən statusu olmasına baxmayaraq (məsələn, əlilliyi və ya həlak olmuş döyüşçünün övladı olması və s.), əmək müqaviləsi bağladığı anda bu barədə bəzən məlumatsız olması və digər səbəblərdən müvafiq təsdiqedici sənədləri işəgötürənə müəyyən müddətdən sonra təqdim edir. Nəticədə işçinin güzəşt hüququ olsa da həmin hüququndan vaxtında istifadə edə bilmir və əvvəlki dövrlər üzrə də ona ödənilmiş gəlirlər üzrə güzəştlər tətbiq olunmur. Bununla da faktiki olaraq güzəşt hüququ olan şəxsin hüquqları pozulmuş olur.

Təklif edilən dəyişiklik isə müvafiq güzəşt hüququ olan şəxsin bu hüququndan sənədlərin işəgötürənə təqdim edilmə tarixindən asılı olmayaraq əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi tarixdən hesablanmasını nəzərdə tutur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər