Mikayıl Cabbarov “Uğur yolu” proqramının qalibləri ilə görüşüb
Tarix: 23-11-2021 12:53 | Bölmə: İqtisadiyyat
Mikayıl Cabbarov “Uğur yolu” proqramının qalibləri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibləri ilə görüşüb.

Reyting.az
nazirliyə istinadla xəbər verir ki, nazir qalibləri təbrik edib, müsabiqənin intellektual səviyyəsi, idarəçilik keyfiyyətləri, bilik-bacarıqları yüksək olan şəxslərin müəyyən edilməsi, yeni nəsil idarəçilərin hazırlanması və rəhbər vəzifələr üçün ehtiyat kadrlar bazasının formalaşdırılmasında mühüm rolunu vurğulayıb. O, qeyd edib ki, İqtisadiyyat Nazirliyinin iqtisadi tənzimlənmədə rolu getdikcə artır və bu səlahiyyətlərin səmərəli idarə edilməsi vacibdir. Bunun üçün isə idarəetmənin orta səviyyəsində liderlər, yeni nəsil idarəedicilər gərəkdir.

M.Cabbarov idarəçi rəhbərlər üçün tələblər, idarəçilik bacarıqlarının inkişafı baxımından zəruri olan amillər, idarəetmədə səmərəli nəticələr əldə etmək üçün peşəkar yanaşma tərzinin formalaşması, strateji və taktiki planlaşmanın aparılmasına dair fikirlərini bölüşüb, bilik, təcrübə və komanda işinin vəhdəti ilə göstərilən fəaliyyətin idarəçilikdə uğurun əsası olduğunu qeyd edib. O, “Uğur yolu” Karyera İnkişaf Proqramının qaliblərindən və finalçılarından gözləntilərini ifadə edib, əldə olunmuş təcrübə və bacarıqların gələcəkdə uğurla tətbiq ediləcəyinə əminliyini bildirib.

Tədbirdə “Uğur yolu” Karyera İnkişaf Proqramının təşkilatçıları və layihəyə cəlb olunmuş ekspertlər çıxış edib, layihənin ərsəyə gəlməsi, hər bir mərhələsinin uğurla irəliləməsi üçün görülmüş işlər barədə fikirlərini bölüşüblər.

Sonra nazir görüş iştirakçılarının suallarını cavablandırıb. Tədbirin sonunda “Uğur yolu” Karyera İnkişaf Proqramının qaliblərinə sertifikatlar təqdim olunub.

İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə yaradılan “Uğur yolu” Karyera İnkişaf Proqramı intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsi, onların hərtərəfli inkişafı və peşə hazırlığının dəstəklənməsi, yüksək potensiallı əməkdaşlardan rəhbər vəzifələr üçün kadr ehtiyatı bankının formalaşdırılmasını təmin etmək məqsədilə təsis olunub. Bu il Proqramın ilk müsabiqəsi keçirilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər