İşsizlikdən sığorta haqlarının artacağı gözlənilir
Tarix: 20-11-2025 15:47 | Bölmə: İqtisadiyyat
İşsizlikdən sığorta haqlarının artacağı gözlənilir

2026-cı ildə işsizlikdən sığorta haqları üzrə yığımlar 2025-ci illə müqayisədə 14,7 faiz çox olacaq.

Reyting.az
xəbər verir ki, bunu deputat Musa Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" qanun və "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, 2026-cı ildə İşsizlikdən Sığorta Fondunun gəlirləri 238,3 milyon manat, fondun gələn ilin yanvarın 1-nə yaradılacaq ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsaitin məbləği isə 28,1 milyon manat nəzərdə tutulur: "Gələn il işsizlikdən sığorta haqlarının 236,6 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq edilmiş müvafiq göstəricisindən 30,3 milyon manat və yaxud 14,7 faiz çoxdur. Sığorta haqları üzrə yığımın 78 faizi və yaxud 184,7 milyon manatı qeyri-büdcə sektorunun payına düşəcək. 2026-cı ildə İşsizlikdən Sığorta Fondunun xərcləri 266,4 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da 2025-ci ilin göstəricilərinə nisbətən 5,7 milyon manat çoxdur. Gələn il də Fondun xərcləri 13 istiqaməti əhatə edəcək".

Deputat qeyd edib ki, 2026-cı ildə işsizliyə görə sığorta ödənişlərinin həcmi 28 milyon manat, yaxud Fondun xərclərinin 10,5 faizi qədər proqnozlaşdırılır: "Bu, cari ildəkindən 11 milyon manat və yaxud 65 faiz çoxdur. İşsizliyə görə sığorta ödənişlərinin artımı "İşsizlikdən sığorta haqqında" Qanunun 13.1-ci maddəsinə edilən mütərəqqi dəyişikliklə bağlıdır".(Report)




Bölməyə aid digər xəbərlər