ATƏT Azərbaycandakı parlament seçkiləri ilə bağlı hesabat yaydı
Tarix: 26-12-2019 16:18 | Bölmə: Siyasət
ATƏT Azərbaycandakı parlament seçkiləri ilə bağlı hesabat yaydı

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı seçkiqabağı mühit və qarşıdakı seçkilərə hazırlıq prosesi ilə bağlı hesabat hazırlayıb.

Hesabat ATƏT/DTİHB-nin Ehtiyacların Qiymətləndirilməsi Missiyası tərəfindən hazırlanıb.

Hesabatda bildirilib ki, Azərbaycanda seçkiqabağı mühiti və qarşıdakı seçkilərə hazırlıq prosesi qiymətləndirmək üçün ATƏT/DTİHB-nin Ehtiyacların Qiymətləndirilməsi Missiyasının üzvləri dekabrın 19-21-də Azərbaycanda səfərdə olublar.

DHTİB-nin Ehtiyacların Qiymətləndirilməsi Missiyasına ali seçki məsləhətçisi Aleksey Qromov və seçki məsləhətçisi Radivoje Qrujiç daxildir.

Həmçinin ATƏT Parlament Assambleyasının proqram və inzibatçı direktoru Tim Knoblau da prosesdə iştirak edib.

Missiyanın məqsədi seçkiqabağı mühiti və seçkilərə hazırlığı qiymətləndirmək olub.

Hesabatda bildirilir ki, səfər zamanı dövlət rəsmiləri, media nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri, siyasi partiyalarla görüşlər keçirilib.

Sənəddə dövlət qurumlarının seçkilərin şəffaf, azad və ədalətli şəraitdə keçirilməsi üçün siyasi iradələrini ifadə etdiyi, DTİHB-nin müşahidəsini müsbət qarşıladığı əksini tapıb.

Hesabatda səfərin və görüşlərin nəticələrə əsasən bir sıra məsələlərə xüsusi diqqət ayrılması tövsiyə olunur.

“Bura seçki qanunvericiliyinin tətbiqi, seçki administrasiyasının səmərəli fəaliyyəti və qərəzsizliyi, namizədlərin qeydiyyatı, təşviqatın aparılması, fundamental azadlıqlara hörmət, medianın seçkiləri işıqlandırması, səslərin sayılması və nəticələrin cədvəli də daxil olmaqla, seçki günü prosedurlarının idarə edilməsi, seçki ilə bağlı qərar və şikayətlər daxildir”, - deyə hesabatda qeyd olunur.

Ehtiyacların Qiymətləndirilməsi Missiyasının hesabatına görə, fundamental azadlıqlara hörmətlə bağlı müəyyən problemlər olsa da, qarşıdan gələn parlament seçkiləri üçün Seçki Müşahidəsi Missiyasının (SMM) Azərbaycana göndərilməsini tövsiyə edilib.

Ehtiyacların Qiymətləndirilməsi Missiyası əsas heyətdən əlavə, ATƏT-ə üzv dövlətlərin 30 uzunmüddətli müşahidəçisinin ölkənin müxtəlif regionlarına göndərilməsini və seçki prosesini izləmək üçün 350 qısamüddətli müşahidəçinin göndərilməsini tövsiyə edib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər