Tarix: 17-01-2017 15:30 | Bölmə: Siyasət / Xəbərlər
Ermənistan növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədib.
Reyting.az Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, erməni silahlı bölmələri yanvarın 17-də səhər saatlarında Silahlı Qüvvələrimizin bölmələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərini "Şmel" reaktiv odsaçan silahından atəşə tutub. Hərbi qulluqçularımız arasında itki olmasa da, Müdafiə Nazirliyi bir daha bildirir ki, erməni tərəfi bu cür təxribatları davam etdirərsə düşmənə vurulacaq zərbə daha ağır və sərt olacaq.
Bununla yanaşı, digər cəbhəboyu ərazilərdə yerləşən hərbi hissələrimizin minaatan bölmələrinin döyüş hazırlığı yoxlanılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, dağ-meşəlik və düzənlik ərazilərdə keçirilən praktiki məşqlərə cəlb olunan heyətlər 120 millimetrlik özüyeriyən CARDOM minaatan komplekslərindən şərti düşmənin yüngül zirehli texnikası, canlı qüvvəsi və atəş nöqtələrini imitasiya edən, eləcə də təbii maneələrin arxasında yerləşən və müşahidə edilməyən digər hədəfləri məhv etmək tapşırıqlarını yerinə yetirir.
Məşqlərdə şəxsi heyət bölmələrinin döyüş və səfər düzülüşü, hədəflərin aşkarlanaraq təyin edilməsi, atış yerinin seçilməsi, mövqeyin dəyişdirilməsi və xüsusi hazırlıq üzrə normativlər icra edilir.
Reyting.az
Bölməyə aid digər xəbərlər