Məhkəmə yenidən ANS-in əleyhinə qərar verib
Tarix: 13-04-2017 12:35 | Bölmə: Xəbərlər


Bu gün Bakı Apellyasiya Məhkəməsində "ANS Müstəqil Yayım və Media" Şirkəti Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

Reyting.az xəbər verir ki, MTRŞ-nın nümayəndəsi Toğrul Mirzəzadə "Report"a deyib ki, hakim Vidadi Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, ANS-in apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, 2015-ci ildə MTRŞ "ANS Müstəqil Yayım və Media” Şirkətini məhkəməyə verərək "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edib. Belə ki, MTRŞ ANS TV-nin Şuraya "Abşeron" əvəzinə, "Sevgi naminə" adlı serial təqdim etdiyini bildirib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi MTRŞ-nın iddiasini təmin edib. Həmin qərardan narazı qalan ANS apellyasiya şikayəti verib.

Xatırladaq ki, MTRŞ-nın iyul ayının 18-də keçirdiyi iclasında Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında” qanunun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq "ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, "Televiziya və radio yayımı haqqında” qanunun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq "ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib.

Daha sonra ANS 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib və MTRŞ-nın lisenziyanın ləğv olunması ilə bağlı qərarının ləğv edilməsini istəyib. Hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ANS-in müraciəti təmin edilməyib.

Ali Məhkəmədə ANS-in MTRŞ-nın kanalın fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə qərardan verilən kassasiya şikayətinə də baxılıb. Məhkəmə ANS-in kassasiya şikayətini təmin etməyib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}