“Neolit” qanlı döyüş meydanına çevrilir - Müəmma
Tarix: 25-09-2017 11:57 | Bölmə: Xəbərlər
“Neolit” qanlı döyüş meydanına çevrilir

Tez-tez davaların baş verdiyi restoranın üzdə olan sahibi icra başçılarından birini öz biznesinə ortaq edib

Müğənni İzzət Bağırovun cangüdəni Elçin Cabbarlının "Neolit” restoranındakı davaya görə həbs edilməsi ictimaiyyətə məlumdur. Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 31 avqustda "Neolit” restoranında təşkil edilən məclisdə iştirakçı olan 44 yaşlı Novruz Qərib oğlu Aslanov, onun 16 yaşlı oğlu Vüsal Aslanlı və məclis sahibinin yaxın qohumu Asif Zeynalov müğənni İzzət Bağırovun Elçin adlı cangüdəni və şadlıq evinin Tural adlı mühafizəçisi tərəfindən döyülüblər.

Məlumata görə, məclisdə davaya qonaqlardan bəzilərinin operatordan müğənnini deyil, onları lentə almağı tələb etmələri və İ.Bağırovu söymələri səbəb olub. Bu zaman müğənni etiraz əlaməti olaraq mikrofonu yerə qoyub. Nəticədə restoran işçiləri ilə qonaqlar əlbəyaxa olublar.

Bu məsələnin rəsmi tərəfidir. Bəs, əslində “Neolit”də nə baş verib? Niyə bu şadlıq evi və restoran kompleksinin adı tez-tez adam döyülmələri, güllələnmə, kriminal şəxslərin həbs məkanı kimi gündəmə gəlir?

Restoran kompleksinin sahibi Yaşar Məlikova yaxın şəxslərdən biri Reyting.az-a deyib ki, “Neolit”də belə qanlı davalar çox olsa da, əksəriyyəti gizlədilib. Lakin mətbuata çıxanlar da az olmayıb: “Elə bir neçə il əvvəl Yaşar Məlikovun dayısı oğlu Şahin Hüseynlinin “Neolit”də odlu silahdan atəş açması, daha sonra çənəsinin sındırılması və həbsini xatırlayın. Və yaxud ölkənin nüfuzlu şəxslərindən birinin idmançı qardaşının illər əvvəl restoranın qapıçısının üz-gözünü dağıtması kimi faktlar var”.

İddiaya görə, “Neolit”də adam döymə, kimisə qanına qəltan eləmə halları tez-tez baş verir.

Maraqlı məqamlardan biri də budur ki, “Neolit” həm də kriminal aləmin nüfuzlu şəxslərinin həbs edildiyi məkan kimi diqqəti çəkir:

“İllər əvvəl o restoranda “Masallı Mamed”in həbs edilməsini yada salın. Bir sözlə, Yaşar Məlikov “Neolit”in hazırkı ərazisinin bir hissəsini o vaxtdan qanunsuz zəbt etməklə, həm öz biznesini genişləndirdi, həm də belə hadisələrlə gündəmə gəldi. Çox maraqlıdır ki, baş verən bütün hadisələrdən Yaşar Məlikov həmişə “təmiz” çıxıb və ya çıxarılıb”.

Məlumatı şəxs bildirib ki, Yaşar Məlikov “Neolit”ə görə dayısı, sabiq baş prokuror Edar Həsənovun qudası Rabil Hüseynovla da düşmən olub: “Onarın düşmən olmalarının səbəbinə toxunmayacam. Ancaq onu deyə bilərəm ki, Yaşar dayısından qorunmaq üçün sığınmadığı məmur, kriminallaşmış şəxs qalmadı”.

Məlumatlı şəxsin iddiasına görə, o, son iki ildir icra başçılarından birini öz biznesinə şərik etməklə, bəzi problemlərdən həm obyektini, həm də özünü qoruya bilsə də, ötən ayın sonunda restoranın mühafizəçisinin də qatıldığı dava ona ciddi başağrısı yaradacaq. Yəni istintaq “Neolit”lə bağı daha dərin araşdırma aparmaqla, Məlikovu dalana dirəyə bilər.

Son olaraq qeyd edək ki, media bu restoran şəbəkəsinin Nizami rayonunda nə qədər torpaq sahəsi zəbt etməsini, Bakının əsas kanalizasiya xəttinin üzərində qanunsuz tikinti aparmasını gündəmə gətirsə, Məlikovun bu problemdən yaxa qurtarması çətin olar.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}