Fidan Qasımova və Şəfiqə Məmmədova Musiqili Teatrda - Fotolar
Tarix: 17-04-2017 17:54 | Bölmə: Mədəniyyət


SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Fidan Qasımova və Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Kinomatorqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova Dövlət Musiqili Teatrında olublar.

Musiqili Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Reyting.az-a bildirib ki, F.Qasımova və Ş.Məmmədova dahi Üzeyir Hacıbəylinin "Arşın mal alan” iki hissəli musiqili komediyasını izləyiblər.

Xalq artistləri tamaşa haqqında təəssüratlarını bölüşərkən Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayevə böyük zövq aldıqlarını, tamaşadan razı qaldıqlarını söyləyiblər:

"Tamaşada bizim tələbələrimiz çıxış edirdi. Onların uğurlu ifası qəlbimizi sevinc hissi ilə doldurdu, bizi qürurlandırdı. Ümumilikdə, tamaşa çox gözəl idi. Bütün kollektiv işinin öhdəsindən uğurla gəldi. Bir daha gözəl tamaşaya görə Azərbaycan Dövlət Musiqili Teatrının bütün kollektivinə təbriklərimizi yetiririk. Teatrınızdan yeni-yeni uğurlu tamaşalar gözləyirik”.

Qeyd edək ki, "Arşın mal alan” tamaşasında iştirak edən Əməkdar artist Almaz Ələsgərli (Cahan xala), gənc aktyorlar Mehriban Zalıyeva (Asya), Atəş Qarayev (Əsgər), Aydan Həsənova (Gülçöhrə) SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Fidan Qasımova və Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Şəfiqə Məmmədovanın tələbələridirlər. Müəllimlərinin xoş sözləri və gül dəstələri tələbələrə əsl hədiyyə olub.







265 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər