Təhsil nazirinin istefası tələb olunur
Tarix: 10-10-2017 10:55 | Bölmə: Slayd
Təhsil nazirinin istefası tələb olunur

Orta məktəblərimizin 10-cu sinifi üçün nəzərdə tutulmuş tarix dərsliyindəki (rus dilində) xəritədə Azərbaycanın (Türkiyə, İran və Gürcüstan əraziləri də daxil) uydurma "Böyük Ermənistan”ın tərkib hissəsi kimi göstərilməsi ölkədə böyük narazılığa səbəb olub.

Reyting.az xəbər verir ki, artıq bir neçə partiya sədri, ictimai-siyasi fəallar bu məsələyə görə təhsil naziri Mikayıl Cabbarov başda olmaqla, onun komanda üzvlərinin istefasını tələb edirlər. Onlar tarix dərsliyində uydurma xəritənin nəşr edilməsini Azərbaycana qarşı təxribat kimi dəyərləndirirlər.

Nazirin istefasını tələb edənlərdən biri də Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevdir.

H.Hacıyev mia.az-a deyib ki, milli və dövlətçilik məsələlərində heç kimə güzəşt eləmək olmaz.

Onun sözlərinə gör, dərslikdə belə bir biabırçılığın baş verməsi ciddi hadisədir:

"Buna görə, təhsil naziri Mikayıl Cabbarov başda olmaqla, hamısı istefaya getməlidir. Biz tarixi həqiqətləri bütün dünyaya çatdırırıq, amma bunlar dərsliyə salırlar ki, bura "Böyük Ermənistan” ərazisidir. Buna nə ad verək? Başları qarışıb pul qazanmağa, Vətən, Millət, Dövlət yaddan çıxıb”.

Partiya sədri deyib ki, M.Cabbarov kimlərəsə yaxın olduğu üçün nazir vəzifəsində qalır:

"Bu adam İçərişəhər qoruğunun müdiri idi. Orda kiminsə qarşısısına lavaş qoyubsa, bu, o demək deyil ki, onun bütün əməllərinə göz yumulacaq. Qohumluğa, dostluğa, kirvəliyə görə hansısa məmurun əməllərinə göz yummaq olmaz. Mikayıl Cabbarov özünü düşünmürsə, onun təqdimatını verənlərə hörmət eləsin”.

H.Hacıyev M.Cabbarovun diqqətinə çatdırır ki, o, anti-milli əməllərinə görə cavab verməli olacaq:

“Rəsulzadə, Xoyski, Elçibəy, Heydər Əliyev kimi nəhənglərin bizə miras qoyduğu bu Vətənə qarşı sayğılı olmaq lazımdır.

Mikayıl Cabbarov, əgər özünə hörmət edirsənsə, istefa ərizəni yaz. Yoxsa, bu xalq səni lənətləyəcək”.

Partiya sədri qeyd edib ki, erməni siyasətçiləri Qara dənizdən Xəzər dənizi sahillərinə kimi xəyali mövcud olan saxta Böyuk Ermənistan dövlətinin xəritəsini 100 illərdir ki, ciddi-cəhdlə dünya dövlətlərinə sırımaq istəyirlər. Azərbaycanın Təhsil Nazirliyi isə orta məktəblərin rus bölməsinin tarix dərsliyində Azərbaycan ərazisini erməni ərazisi kimi təqdim edir. H.Hacıyev bunu Azərbaycan xalqına qarşı xəyanət kimi qiymətləndirir:

“Ermənilər bu gun həmin dərsliyi müxtəlif dillərə tərcümə edib sübut kimi ortaya qoyurlar. Bu, erməni kəşfiyyatının bizim üzərimizdə qələbəsidir.

Mən dəfələrlə demişəm ki, hakimiyyətdə kifayət qədər erməni əsilli insanlar var və bu insanlar Azərbaycan dövlətçiliyi üçün təhlükə mənbəyidir. Buyurun, cavabını alın. Bu səbəbdən də məsələ araşdırılmalı və qəti tədbir görülməlidir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}