İnsanabənzər terminatorlar hazırlayırlar - Fotolar
Tarix: 14-06-2024 13:41 | Bölmə: Cəmiyyət
İnsanabənzər terminatorlar hazırlayırlar

Çinin tezliklə öz terminatorları olacaq. Bu fantastik bir film və yaxud da Arnold Şvartsneqqerin yaratdığı fantastik obraz yox, real bir layihədir.

Reyting.az
xəbər verir ki, Çinin "Ex-Robots" şirkəti öz fabrikində üz ifadələri təkmilləşdirilmiş real robotların hazırlanmasına başlayıb. Həmin robotlar o qədər mükəmməldirlər ki, kənardan bu terminatorların quruluş və üz cizgilərinə, necə göründüklərinə baxdıqda, onları insanlardan seçmək çətin olur.

Çinin şimal-şərqindəki Dalyan şəhərindəki “Ex-Robots” fabriki üz ifadələrinə və ən əsası, təbii emosiyaların təzahürünə xüsusi diqqət yetirmək şərti ilə insanabənzər robotlar hazırlayır. Artıq buradakı masaların üzərində çoxlu silikon maskalar, süni qollar, ayaqlar, bədənlərdən ayrılmış başlar nümayiş etdirilir, həmçinin yaxınlıqda müxtəlif hazırlıq səviyyələrindəki humanoid robotlar dayanır.



Süni intellektdən istifadə etməklə proqram təminatı ilə təchiz edilmiş super androidlərin istehsalı sürətlə davam edir.

"Bizim proqram təminatı və alqoritm tərtibatçılarından ibarət olan öz komandamız var", - deyən "Ex-Robots"-un icraçı direktoru Li Boyan əlavə edib ki, insanabənzər robotlar bu məhsulların ən mürəkkəb sinfidir:

"Hər kəsin istifadə etdiyi çox sayda əsas açıq mənbə və həmçinin robot üz ifadəsi modelləri, alqoritmləri var. Bununla belə, biz daha çox süni intellektə üz ifadələrini və emosiyaları müstəqil olaraq tanımaq, dəqiqliklə təkrarlamağı öyrətməyə diqqət yetiririk".

Robotlar üzərində işləyən işçi təlimçi kimi başını tərpətdikdə, yaxud gülümsədikdə və dilini çıxardıqda, insanabənzər robot da başının bir neçə yerində quraşdırılmış kiçik aktuatorlar sayəsində onun etdiyi hərəkətləri təkrarlayır.



"Ex-Robots" nümayəndələrinin sözlərinə görə, insanabənzər bir robotun istehsalı iki həftədən bir aya qədər vaxt aparır və onun qiyməti təxminən 207-275 min dollar arasında dəyişir. Çin şirkətinin nümayəndələri ümid edirlər ki, çox yaxın gələcəkdə onların androidlərinə səhiyyə və təhsildə də tələb yaranacaq.

Bildirilir ki, psixoloji məsləhətlər və həm də səhiyyə sektoru, şübhəsiz ki, çox yaxın gələcəkdə bu cür robotların istifadəsi üçün nəzərdə tutulmuş ən yaxşı ssenarilərdir.

"Hazırda biz psixoterapiya, həmçinin emosional və psixoloji pozğunluqların müəyyən edilməsi kimi çox mürəkkəb sahələrdə çalışacaq robotların effektivliyi ilə bağlı bəzi əlaqəli tədqiqatlar aparırıq", - deyə Li Boyan əlavə edib.



"Ex-Robots" şirkətinə məxsus fabrikin məhsulları olan robotların istehsalı davam etsə də hələ ki, növbəsini gözləyən terminatorlar əsasən ölkədaxili, həmçinin də ölkə xaricindəki muzeylərdə nümayiş üçün nəzərdə tutulub. Belə muzeylərdən biri də "Ex-Robots" robot fabriki ilə eyni binadadır.





Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər