İrakli Qaribaşviliyə qarşı ittiham irəli sürülüb
Tarix: 24-10-2025 11:12 | Bölmə: Xəbərlər
İrakli Qaribaşviliyə qarşı ittiham irəli sürülüb

Gürcüstan prokurorluğu ölkənin sabiq baş naziri İrakli Qaribaşviliyə qarşı rəsmi ittiham irəli sürüb.

Bu barədə məlumat qurumda keçirilən brifinqdə açıqlanıb.

Məlumata görə, ittiham Qaribaşvilinin və digər keçmiş yüksək vəzifəli şəxslərin fəaliyyətinə dair araşdırma çərçivəsində irəli sürülüb. Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin direktoru Emzar Qaqnidze bildirib ki, İrakli Qaribaşvili istintaqla əməkdaşlıq edib və illər ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib.

"Keçmiş baş nazir İrakli Qaribaşvili Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsində müsahibə verib, o, istintaqla tam əməkdaşlıq edib və illər ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib", – Emzar Qaqnidze qeyd edib.

Oktyabrın 17-də Gürcüstanın baş prokuroru Giorgi Qvarakidze bildirib ki, istintaq çərçivəsində İrakli Qaribaşvili, Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili, keçmiş baş prokuror Otar Partsxaladze və onlarla əlaqəli 8 nəfərin evlərində axtarışlar aparılıb. Axtarış zamanı müxtəlif elektron cihazlar, sənədlər və külli miqdarda nağd pul götürülüb.

Əməliyyat Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə və Dövlət Təhlükəsizliyi Departamentlərinin istintaqı çərçivəsində həyata keçirilib(Report).




Bölməyə aid digər xəbərlər
22-10-2025, 14:41 Yeni medal təsis edilib