"91-lər" hərəkatının üzvü Sevil Əliyevaya məktub yazıb
Tarix: 09-02-2021 19:20 | Bölmə: Cəmiyyət
"91-lər" hərəkatının üzvü Sevil Əliyevaya məktub yazıb

"91-lər" ictimai-siyasi hərəkatının üzvü Ariz Abduləliyev Sevil Heydər qızı Əliyevaya açıq məktub yazıb.

Reyting.az
A. Abduləliyevin Sevil xanıma məktubunu təqdim edir:

Hörmətli Sevil xanım!

"Space" TV-nin rəhbəri Vaqif Mustafayevi vəzifəsindən azad etməyiniz barədə məlumatı mediadan oxudum. Çox sevindim. Bu qərarınız şübhə etmirəm ki, milyonlarla tamaşaçının da ürəyincədir. Çünki müasir tamaşaçı "Space" də daxil olmaqla televiziyaların illərlə səngiməyən bayağılığından təngə gəlib. Açığı, Sizdən belə bir qəti, konstruktiv münasibəti və ədalətli qərarı çoxdan, lap çoxdan gözləyirdik. Çünki "Space" ötən illər ərzində nəinki kanalın təsisçisi və sahibi kimi Sizin, həm də tamaşaçıların etimadını və rəğbətini sona qədər doğrultmadı.

Vəziyyət Sizin açıqladığınız kimidir. "Space" cəmiyyətin anbaan artan, dəyişən informasiya tələbatları ilə, daim inkişaf edən tamaşaçı zövqü ilə, sürətlə yeniləşən bədiilik və maarifçilik funksiyalari ilə, müasir şou-əyləncə texnologiyaları və şəffaf PR ilə ayaqlaşa bilmədi. Öz üzərində ciddi işləmədi, peşəkar komanda qura bilmədi, müasir teleinnovasiyalara inteqrasiya etmədi, ölkənin inkişafından geri qaldı.

"Space" dünyanın müasir televiziyalarının tamaşaçıya ünvanlanan aktual mövzularını təhlil edə və öz işinə gətirə bilmədi, tamaşaçının gözlədiyi çoxçeşidli informasiya, bədii və əyləncə proqramlarını professional səviyyədə qura bilmədi. "Xalqa bu lazımdır, onu da veririk" kimi populist tezisi ilə işləyib, bu cılız bəhanə ilə yaxasını əsl işdən, çətinlikdən, böyük telepeşəkarlıqdan kənara çəkdi. Ucuz reytinq ardınca qaçdı, özəl kanal kimi reklam əldə etməyin texnologiyasını qərəzli və qeyri-obyektiv reytinq qurumlarının siyahısında yer almağa qurban verdi, mənfi mənada "kütləşünas" oldu. Kanal əhaliyə hind kinosundakı sadəlövh, gülüş doğuran, yeyib-yatmaqdan savayı bir az da romantik "ədalət aşiqi" olan və həmişə oxuyub-oynayan avam kütlə kimi yanaşdı, sanki tamaşaçısını "doladı". Onun başını ermənilərin musiqimiz barədə təhqiramizcəsinə uydurduğu "üç badam, bir qoz" ifadəsinə qədər endirilmiş "mahnılar" ilə, əl çalıb-çırtıq vurub oynamaqla qatdı. Bəlkə belə "iş metodu" kanal rəhbərlərinin əhaliyə, tamaşaçı tələbatına "yuxarından aşağı", saymazyana, təkəbbürlə, özündənrazılıq psixologiyası ilə yanaşmasından irəli gəlirdi? Bəlkə qeyri-peşəkar səviyyələrindən, bəlkə işlərinin məsuliyyətini lazımınca dərk etməməkdən, bəlkə də intellektual və peşə mədəniyyətinin azlığından irəli gəlirdi? Bəlkə maddi-texniki bazanı gücləndirməyə, müasir kanal qurmağa, peşəkar komanda yaratmağa pulları, büdcə vəsaitləri çatmırdı, ya bəs etmirdi?

Təkcə "Space" televiziyasımı?

Peşəkarlıq - təəssüf ki, ölkə televiziyalarının hələ də çata bilmədiyi yüksəklik olaraq qalır. Buna ən müxtəlif səbəblər göstərilir, müsbət nəticələrə hesablanan əməli iş isə hələ ki yoxdur, yaxud olduqca azdır. Əvəzində daim artan qeyri-peşəkarlıq, aktual olmayan, zövqsüz və mənasız verilişlər, şit, bayağı, əttökən, hətta deyərdim tamaşaçılara və televiziya mütəxəssislərinə utanc gətirən "şou"maniya, lağlağılar, bəsit söhbətlər və intervülər, təhqirli verilişlər, bitib tükənməyən və ikrah doğuran yersiz təriflər, lazımsız mədhiyələr, ağıllı görünmək sindromu, məsləhətçilik adəti...

Hətta televiziyaların etik normalarını aşan görüntülər, hərəkətlər, bədən oynatmaları, şouyana ifadələr, ədabaz sözlər, iri planlı pozalarda gülünc çıxışlar, qondarma artistizm...

Hətta məhəlli danışıqlar və davranışlar, məişət dedi-qoduları və şəxsi həyat təfərrüatları, kimin harada istirahət etməsi, nə yeməsi, hansı maşını sürməsi, hansı toya nə qədər pul salması, necə xörək bişirməsi, hansı ənlik-çirşanı və ətiri bəyənməsi, kimin kimlərin övladı və ya qohumu olması, qarşılıqlı umu-küsülərin tarixçəsi və "məhkəməsi", atmacalar, tərbiyəsiz lağlağılar, yekəxana mənəm-mənəmlik, istedadsızlıq...

Hətta rəhbərliyin şəxsi tanışı olan ayrı-ayrı adamların həddən ziyadə təbliğinə hesablanan kliplər, dialoqlar, verilişlər, reklamlar...

Bir sözlə, müasir televiziya anlayışına və normativlərinə heç cür yaraşmayan və hec vəchlə sığmayan bir iş, bir fəaliyyət, bir durum. Bir sözlə, başdan-ayağa bəsitlik, bayağılıq, istedadsızlıq və qeyri-peşəkarlıq.

Hörmətli Sevil xanım!

Vaqif Mustafayev kifayət qədər peşəkar rejissor təhsili və təcrübəsi olan incəsənət xadimidir. Azərbaycan xalqı ona yaradıcı insan kimi hörmətlə, rəğbətlə yanaşır. Lakin görünür, o, peşəkar və təcrübəli kino rejissoru olsa da, televiziyanın spesifik xüsusiyyətlərini, iş prinsipini, televiziya metodlarını, onları təşkil etməyin mexanizmini, necə deyərlər, televiziyanın "mətbəxini" o qədər mütəxəssis dərinliyi ilə bilmir. (Bu xüsusda vaxtilə "Space" kanalına rəhbərlik etmiş Etibar Babayevi müqayisə üçün xatırlatmaq istəyirəm). Yeri gəlmişkən, mən V. Mustafayevin bədii filmləri haqqında kino tənqidçilərinin və sənətşünasların yüksək rəylərinə zərrə qədər də toxunmadan tələbkar bir tamaşaçı kimi bildirmək istəyirəm ki, çəkdiyi bədii filmlərin heç də hamısını şəxsən bəyənmirəm. Əksəriyyəti hər mənada zəifdir. Mənim üçün V. Mustafayev (və yeri gəlmişkən Ramiz Həsənoğlu da) bədii film çəkə bilməyən rejissorlardır, bu həqiqəti öz kinoları ilə də nümayiş etdiriblər. Lakin onlardan birinicisi sənədli filmlərin, ikincisi isə televiziya komik teatrının əsl ustasıdır, lideridir. Bu sahədəki işləri kifayət qədər maraq, dəstək və rəğbət qazanıb. Xüsusilə, V. Mustafayevin Heydər Əliyevə həsr etdiyi sənədli filmlər istər mövzunun həlli, istər rejissor işi, istər ssenarisi, istərsə də ideya, dokumentalistika və tarixilik baxımdan yüksək dərəcədə peşəkar nümunələrdir.

Hörmətli Sevil xanım!

Təəssüf ki, ölkəmizin televiziya şirkətlərinin böyük əksəriyyəti hazırda qənaətbəxş səviyyədə işləyə bilmir, yenilənə bilmir, tamaşaçı və peşəkarlıq qarşısında məsuliyyət hissi daşıya bilmir, necə deyərlər, "ucundan tutub ucuzluğa gedirlər". Etiraf edək ki, problemlərin əsas səbəbi və səbəbkarı elə telekanalların rəhbərləridir. Ölkədə fəaliyyət göstərən televiziya və radio kanallarının əvvəlki və hazırki başçılarının hamısı vaxtilə Ramiz Mehdiyev, Əli Həsənov və Eldar Mahmudov tərəfindən irəli sürülən yarıtmaz kadrlardır. Nəticəsi də məhz gözlənilən kimidir. Özlərinə professional, işgüzar, intellektual mədəniyyətli, təcrübəli işçi komanda formalaşdırmaq, dünyanın aparıcı televiziyalarının təcrübəsini dərindən öyrənmək, bazarı təhlil etmək, onlardan faydalanmaq və öyrənmək, sağlam yaradıcı kollektiv yaratmaq, cəmiyyətdə olan tələbatları, rəyləri, çatışmazlıqları və sosial sifarişləri müntəzəm təhlil etmək, əlaqələr qurmaq əvəzinə tanışbazlıqla, yerlibazlıqla, şəxsi mənfəətlə, mənsəbpərəstliklə, subyektiv yaşamla, merkantil maraqlarla, daha nələrlə, deyilməsi utanc gətirən işlərlə məşğul olurlar. Təkəbbür, özündən razılıq, əvəzolunmazlıq sindromu, mənəm-mənəmlik, lovğalıq, cəzasızlıq, qeyri-tənqidi və qeyri-sağlam mühit, nəyin bahasına olur-olsun varlanmaq hərisliyi, yaradıcı mənin və istedadın kasadlığı, idarəetmənin və şəxsi mədəni səviyyənin olmaması kimi acınacaqlı və böhranlı mənəvi, peşəkar və fəaliyyət durumu telekanallarda ayaq açıb iri addımlarla cəmiyyətimizin üzərinə yeriyir. Nə "xox" edənləri, nəzarətçiləri var, nə də yoxlayanları və qanun-qayda tələb edənləri, nə tənqidçiləri var, nə də cəza, töhmət və "qulaqburma" verənləri, nə çəkindiklər məmurları, peşəkarlıq və yaxşı maaş tələb edən işçiləri var, nə də iş görə bilən qabiliyyətləri, ideyalı və təşəbbüskar qafaları. Əksinə, R. Mehdiyevin və Ə. Həsənovun təqdimatı ilə vəzifəyə qoyulmuş bu rəhbərlər özlərini hamıdan toxunulmaz, hamıdan ağıllı, hamıdan bacarıqlı, hamıdan vacib insan sayırlar.


S. Əliyeva

Diqqət edin. Mədəni səviyyəsinin, dünyagörüşünün, peşəkarlığının və səmimiliyinin aşağı həddi verilişin elə ilk anından bilinən aparıcılar telekanallarda fironluq edirlər. Biliyi, məlumatı, peşəkar hazırlığı, mədəniyyəti və dünyagörüşü müasir televiziya meyarlarına və tamaşaçı tələbatına cavab verməyən insanlar kanallarda, departamentlərdə, redaksiyalarda, verilişlərdə, şöbələrdə müdirlik, redaktorluq, rejissorluq, müəlliflik, aparıcılıq edirlər. Onlar öz səviyyələrində olan sədrləri, rəhbərləri ilə əl-ələ verib ölkənin aşağı səviyyəli "manıs", "artist", "doxtur", "siyasətşünas", "müdir", "sədr", "kulturoloq", "yazar", "jurnalist", "psixoloq" və "iqtisadçı" cameəsini, bunların sözünü, rəyini, fikrini daimi "ekspert" qismində həmişə tamaşaçılara ötürürlər. Hər kanalın necə deyərlər, öz standart "ekspertləri", "aparıcıları", "şou personalları", "ziyalıları" vardır ki, əhali onları on illərlə kanallarda görməkdən və dinləməkdən artıq bezib və tükənib. Yüzlərlə istedadlı gənc, öz sahələrində nailiyyətlər qazanan mütəxəsisslər, ölkəmizi müxtəlif sahələrdə layiqincə təmsil edən elm, incəsənət adamları, idmançılar, jurnalistlər, ictimai fəallar, QHT-lər, yüzlərlə dəyərli insanlar, alimlər, bəstəkarlar, rəssamlar, dirijorlar, ifaçılar, şairlər, heykəltaraşlar, tədqiqatçılar, mütəxəssislər, vaxtilə xidmətləri olmuş peşə sahibləri, döyüşçülər, müəllimlər, bölgə ziyalıları kanallara çağırılmır, ölkəyə təqdim olunmurlar. Onların fikirləri, rəyləri, baxışları, nailiyyətləri, əməyi heç öyrənilmir, təbliğ olunmur, ictimaiyyətin nəzər-diqqətinə çatdırılmır. Millətə elə hey təbliğ və təlqin edirlər ki, yaxşı alimi, yaxşı sənətkarı, dəyərli gəncləri, vətənsevər məmurları, ağllı düşünən beyinləri, layiqli ziyalıları, öz tarixini və mədəniyyətini tanımaqdansa, bax, bunlarıca tanı, dinlə və öyrən, sonra da bəsit komediyalarımıza, lağlağı şoularımıza, şit zarafatlarımıza, dahimaniyalı aparıcılarımıza baxıb arsız-arsız gül, əl çal və kef elə, vəssalam bu qədər bəsindir. Təsəvvür edin, qeyri-peşəkarlıqdan, anti-sənətdən, lağlağıdan, əttökən "qəmediyadan" savayı bir işi bacarmayan "aktyorlar", istedadsızlar, sıradan manıslar, dələduzlar, toy musiqiçilərinin şəxsi problemləri, rayon toylarının oxuyub-çalanları, rayon və kənd toylarının yeyib-içənləri və oynayan qohum-əqrəbalar, bir-birindən qisas alan arvad və kişilər, düşmənçiliyi olan nəsillər, aliment ala bilməyən qadınlar, atasını tapa bilməyən qızlar, anasından ayrı düşmüş kişilər və s. teleefiri zəbt ediblər, millətə ailə-övlad tərbiyəsindən, mənəvi dəyərlərdən, tarixdən, sənətdən "dərslər" verirlər, öyüd-nəsihət keçirlər, cəmiyyətə və şəxsi rəqibinə mesajlar göndərirlər. Kanallarda şəhər, rayon, kənd camaatının şəxsi ailə münaqişələri, qohumarası ziddiyyətləri, əxlaqsız hərəkətləri müzakirəyə çıxarılır.

Xüsusilə İTV, Space, ATV, Lider, Xəzər, ARB televiziyalarının çox bəsit komediya və şou- əyləncə siyasəti ciddi narahatlıq doğurmaya bilmir. Bəli, ölkədə teatr, kino və televiziya tənqidi, musiqi təniqidi yox dərəcəsindədir. TV-lərə qarşı ictimai qınaq da yoxdur, lakin olsa belə, lazımi qurumlar, televiziyaların özləri bu qınağı veclərinə almırlar. Adı çəkilən kanallarda və vaxtilə ANS-də illərlə yayımlanmış, lağ-lağı, tərbiyəsizlik, qeyri-peşəkarlıq, bəsitlik, təhqir və şitlik ilə yoğrulmuş, əsl komizmdən, aktyorluqdan, bədii mahiyyətdən, peşəkar maraqdan, istedaddan və teleşou standartlarından tam uzaq olmuş "Qulp", "Bozbash picters", "Stand up Baku", "Çal çağır", "Bacanaqlar", "Buğlama", "Fəlidən doğru xəbər", "Şou xəbər", "Külləmə", "Tap qazan", "Ay ev yiyəsi", "Sunayla Sina", "Şou Şu", "Şou ATV", "Maqazin", "Ay Zaur", "Bu şəhərdə", "Planeta parni iz Baku", "Praym-şou", "Dana şou", "Şeş Beş", "Sevimli mahnı", "Ad günü", "5-də 5", "Hər şey daxil", "7 canlı", "Birə bir" və s. bu kimi "komediya" tamaşaları, "teatr" verilişləri, "əyləncəli və şoy verilişlər", qeyri-peşəkar seriallar ötən illərdən üzü bəri tamaçaların zövqünü əməlli-başlı korlamış, gənc nəsillərdə və hətta deyərdim, əhalimizdə komediya, teatr, şou, sənət, bədillik, məzmun, yaradıcılıq, televiziya, millilik, ənənə, müasirlik anlayışlarına çox zövqsüz, lağlağı, şit, qeyri-etik, qeyri-ciddi, meşşan və məişətçi bir münasibət formalaşdırmışdır.

Hörmətli Sevil xanım!

Nə yaxşı ki, Siz bu yolda qətiyyətli addım atdınız. İnanırıq ki, Siz təkcə "Space" kanalının rəhbərini deyil, həm də bu kanalın rejissor, redaktor, departament, rəhbərlik, müəllif kontingentini də mütləq dəyişəcəksiniz. Çünki "Space"də yaranmış durum yalnız Vaqif Mustafayevin deyil, ümumən onun ətrafındakı komanda üzvlərinin də günahı, işləyə bilməməsi, təkəbbürü, qızıl qaydaları öz merkantil maraqlarına qurban verməsi səbəbindən baş veribdir.

Məsələn, xatırladım ki, "qaynarinfo.az" saytı 27.05.2020 tarixli buraxılışında Əməkdar artist T. İmanovun dilindən Rəşid Behbudovun kürəkəninin "Space" kanalına bayağılıq, bayağı musiqi və əyləncə verilişləri gətirdiyini yazmışdı (https://qaynarinfo.az/az/resid-behbudovun-kurekeni-space-tvde-bayailii-tebli-edir-video). Faktın nə qədər doğru olub-olmadığını bilmirəm. Hər halda, TV-də V. Mustafayevin rəhbər ətrafının olması həqiqətdir. Onların keyfiyyətsiz işinə, yararsız fəaliyyətinə isə sədr V. Mustafayev nədənsə illərlə göz yumub, yəqin "öz işinizdə olun" deyib və özü də "öz işində" olub.

Uman yerdən küsərlər. Müasir Azərbaycan tamaşaçısının AzTV, Mədəniyyət kanalı, İTV, ATV, Space, Xəzər, ARB teleradio şirkətlərindən gözləntiləri çoxdur. Səmimi deyirəm, inanın, insanlar 44 günlük Vətən müharibəsində sevinirdilər ki, televiziyaların yararsız, aktual olmayan, qeyri-peşəkar, standart verilişlərindən, eyni məzmunlu, bir-birini təkrarlayan xəbərlərindən, şit, bəsit, əttökən, lağlağı komediya və şou yayımlarından və heç bir sənət, etika əndazəsinə sığmayan bayağı əyləncə verilişlərindən canı qurtartdı. Həqiqətən də Azərbaycan əhalisi bu 44 gündə televiziyaların bayağılığından az da olsa dincəldi. Amma nə edəsən ki, qələbədən sonra yenə öz "axarlarına" davam etdilər. Baxın, hətta Mədəniyyət kanalı da açıq görünən qədər zəifləyib. İş o yerə çatıb ki, youtube kanalının, İnternetin materaillarını yayımlamaqla məşğuldur...

Əgər televiziya kanalları haqqında sosial rəy öyrənilsə, sorğular keçirilsə, o zaman bir daha bəlli olar ki, ölkə əhalisinin bəlkə də yarıdan çoxu mütəmadi olaraq yerli telekanallara qətiyyən baxmır, üstəlik övladlarını, yaxınlarını da baxmaqdan çəkindirirlər. Çünki yüksək dəyərlər, meyarlar, ölçülər, baxışlar və mövqelər televiziya kanalları tərəfindən tapdalanıbdır, onlar əhalimiz üçün sayılmaz və baxılmaz bir vəziyyətə qoyulubdur.

Hörmətli Sevil xanım!

Paytaxt Bakı şəhəri ilbəil böyüyür, durmadan inkişaf edir, sıxlaşır. Dünən qıraq sayılan yerlər, artıq mərkəz sayılır. "Kənar yer - mərkəz yer" münasibətləri dünən olduğu kimi qalmır və həmişə koordinal şəkildə dəyişir. Məsələ də bundadır ki, dünən televiziyaların yerləşdiyi şəhərkənarı məkanlar bu gün əhalinin sıx yaşadığı ünvanlara, kompleks yaşayış məhəllələrinə, məktəblərin, universitetlərin, müəssisələrin yaxınlığına çevrilib. Diqqət etsək, televiziyaların ünvanları paytaxtın mərkəzi hissələrində, əhalinin sıx yaşadığı radiuslarda yerləşir ki, bu da zənnimcə yolverilməzdir. Nümunə olaraq, "Space" TV iki ümumtəhsil orta məktəbin, Milli konservatoriyanın, İncəsənət gimnaziyasının, daim gediş-gəlişli prospektin, küçələrin, Fəxri Xiyabanın, Dövlət Təhlükəsizliyi Xidmətinin, Mərkəzi Klinikanın, parlament binasının, Badamdar qəsəbəsinin, Müdafiə nazirliyinin və FHN-nin lap yaxınlığındadır. Üstəlik də bu sadalanan ünvanların yaxınlığında daha iki televiziya - AzTV və ATV də yerləşir. Sirr deyil ki, televiziyalar öz yaxın əraziləri və yaxın yerlərdə yaşayan əhali, müəssisələr, təhsil ocaqları üçün daimi radiasiya mənbəyidir. Təəssüf ki, TV-lər tərəfindən radiasiya şüalanması üzərində dəqiq araşdırmalar aparılmır, məlumatlar verilmir. Bu, insanların sağlamlığı üçün ciddi və təhlükəli fakt olsa da, barəsində hələ də ciddi tədbirlər görülmür. Sizdən xahiş edirik, yaxın gələcəkdə "Space" TV-nin binasının mərkəzdən uzaq ünvanda yerləşdirilməsi üçün təşəbbüs edəsiniz və bütün digər TV-lərə bu məsələdə vətəndaşlıq nümunəsi göstərəsiniz.

Hörmətli Sevil xanım!

Siz, müasirliyin böyük siyasət və dövlət xadimi, milli qürur və şərəf örnəyimiz Ulu Öndər Heydər Əliyevin layiqli övladısınız. Atanız Heydər Əliyev hər zaman, hər an xalqın yanında idi, onunla görüşürdü, dərdləşirdi, ehtiyaclarını, şikayətlərini dinləyirdi. Milli maraqların, xalqın, cəmiyyətin hərtərəfli inkişaf etməsinin qayğısını çəkirdi. Bütün həyatını, fəaliyyətini, ömrünü, bacarığını və zəhmətini xalqına, doğma Azərbaycan vətəninin inkişafına həsr etmişdi.

Siz ictimai fəaliyyətinizlə, şəxsi keyfiyyətlərinizlə, həyatınızla belə yüksək dəyərlərdən uzaq olmadığınızı, əksinə onları öz geninizdə, əməlinizdə daşıdığınızı xalqımıza açıqlamısınız. Bundan sonra da dahi Heydər Əliyevin vətənə və xalqa olan sevgisini, cəfakeşliyini, səmimi və diqqətli münasibətini, milli və humanist ideyalarını yaşadın, daşıyın, həyata keçirin, insanlarımızın qayğıları ilə bir yerdə olun.

Mən mediadan oxudum ki, Siz uzaq ölkədə yaşadığınızdan indiyə qədər "Space" kanalına ardıcıl baxa bilməmisiniz. Səhv etmirəmsə, ölkəmizin bütün televiziya kanallarını sosial şəbəkələrdən izləmək mümkündür. Xahiş edirik, bu kanalı daim izləyin ki, bir daha belə böhranlı duruma enməsin, hətta imkanınız olarsa, yeni kanal da yaradın ki, cəmiyyətimizin xidmətində layiqincə dayansın.

Çox sağ olun ki, əhalimizin televiziya kanallarından narazı olduğu bir vaxtda, Siz bu narazılıqları, mənfi rəyləri doğuran kanallardan birinin sədrini vəzifəsindən azad etdiniz.

Mən əvvəlki illərdə "Space" televiziyasında baş verənləri, yaradıcı və rəhbər heyətdə yol verilən nöqsanları, işçilərin konfliktlərini, özbaşınalıqlarını, peşəkarların kanalı tərk etməsini media saytlarından həmişə izləyirdim. Hətta bu kimi yazılarda kanalda narazılıq yaradan bəzi rəhbər şəxslərin, bərbad durumun səbəbkarlarının, verilişlərin səviyyəsini öz qazanc maraqlarına qurban verənlərin kimliyi də göstərilirdi, onlardan bəzilərini mən də tanıyıram. Həmişə də təəccüblənirdim ki, Sizin kimi nəcib, mədəniyyətli, təhsilli insan, tanınmış ictimai xadim, xalqını və vətənini böyük məhəbbətlə sevən, ölkəsinin inkişafından və qələbələrindən həmişə vətəndaş qüruru və sevinci yaşayan tanınmış şəxsiyyət, dəyərli ziyalı niyə "Space" TV-nin belə acınacaqlı, böhran duruma qarşı tədbir görmür? Nəhayət, ölkəmiz, əhalimiz və televiziya mədəniyyətimiz üçün bu qətiyyətli və ədalətli qərarınızı verdiniz. Buna görə mən də milyonlarla tamaşaçıya həmrəy olub, Sizə ürəkdən təşəkkür edirəm. Sizə ünvanladığım bu yazını minnətdarlıq məktubu kimi qəbul etmənizi istərdim.

Amma xahiş edirəm, bu telekanalın rəhbərliyini və kontingentini heç olmasa bundan sonra doğru-düz seçməyə çalışın. İkinci səhv də eyni böhranlara, duruma səbəb olacaq. Onsuz da ölkəmizdə televiziya kanallarının rəhbərliyinə təyinatlarda indiyə qədər düz kadr seçimi aparılmayıb. Bu səhvin nəticəsi isə ölkəmizə, mədəniyyətimizə, tərbiyəmizə, televiziya xidmətimizə, əhalinin informasiya, bədii-estetik tələbatlarının təmin olunmasına mənfi təsir göstərib. Bu məsələnin düzgün və vaxtında həlli özlüyündə ölkəmiz, mədəniyyətimiz üçün, saf əqidəli və sağlam düşünə bilən cəmiyyətimiz üçün, intellektual və ədalətli sosiumun formalaşması üçün, milli ideologiyamızın qələbələri üçün, milli-mədəni dəyərlərin təbliği və yaşaması üçün, gənc nəsillərin düzgün tərbiyəsi, mədəni yüksəlişi və vətənpərvərliyi üçün yetərincə vacib məsələdir, olduqca aktual milli problemdir.

"Space" TV amanatı.

Hörmət və ehtiramla, Ariz Abduləliyev,
"91-lər" ictimai-siyasi hərəkatının üzvü
[email protected]
Bakı şəhəri, 8 fevral, 2021.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq