12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Nazir müavini: “Dərsliklər ictimai müzakirəyə təqdim olunub”
Tarix: 29-08-2017 15:20 | Bölmə: Cəmiyyət
Nazir müavini: “Dərsliklər ictimai müzakirəyə təqdim olunub”

"Azəbaycanda ümumtəhsil məktəb dərsliklərinin hazırlanması davamlı şəkildə həyata keçirilən bir prosesdir. 2008/2009-cu tədris ilindən başlayaraq yeni kurrikulumun tətbiqi nəticəsində hər il bir sinfin dərsliklərinin yeni proqramla hazırlanması, nəşr edilməsi və çap edilərək məktəblərə çatdırılması prosesi davam edir. Həmin proqramla tədrisə başlayan şagirdlər 2017/2018-ci tədris ilində artıq X sinifdə təhsil alacaq. Ona görə də bu il X sinif dərsliklərinin hazırlanması üçün tender bir il öncə həyata keçirilib".

Reyting.az saytı APA-ya istinadla xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov bəzi dərslik müəlliflərinin narazılıqlarına cavab olaraq deyib.

Nazir müavini bildirib ki, ötən ilin noyabr ayında həmin dərsliklərin hamısı qiymətləndirilib və müvafiq şöbəyə təqdim edilib.

Onun sözlərinə görə, həmin dərsliklər həm Dərsliyin Qiymətləndirilməsi Şurası, həm də Dövlət İmtahan Mərkəzinin ekspertləri tərəfindən qiymətləndirmədən keçib: "Həmin qiymətləndirmədə bütün nəzərdə tutulan göstəricilərin orta məxrəci əsasında qaliblər elan olunub. Qalib elan olunan dərsliklər yanvardan etibarən xüsusi olaraq bu məqsəd üçün nəzərdə tutulan və yaradılan portalda yerləşdirilib və ictimai müzakirəyə təqdim olunub. İctimai müzakirələrin aparılması ikinci ildir ki, tətbiq olunur. İctimai müzakirələr zamanı Təhsil Nazirliyinə müvafiq qurumlar tərəfindən müxtəlif fikirlər və təkliflər daxil olub. Onların da əksəriyyəti müəlliflərə təqdim olunub. Bir çox halda onlar bu təkliflərlə razılaşıb nəzərə alıblar, bəzi hallarda isə öz mövqelərini ortalığa qoyublar ki, materialın bu və ya digər formada təqdim olunması daha düzgündür".

Nazir müavini vurğulayıb ki, dərslik hazırlanması kifayət qədər mürəkkəb və çox mərhələli bir prosesdir. Onun fikrincə, bu prosesin ictimaiyyətə açıq olması, bütün tərəflərin təkliflərinin nəzərə alınması üçün Təhsil Nazirliyi tərəfindən maksimum şərait yaradılır: "Gələcəkdə də bu prosesin geniş müzakirə vasitəsilə qəbul edilməsi nazirliyin diqqət mərkəzindədir. Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən yaradılan “Təhsilin məzmunu və dərsliklər” üzrə Daimi Şuranın artıq ilk iclası keçirilib. Payız aylarında şuranın növbəti iclası olacaq. Orada müxtəlif ictimai xadimlər, təhsil sahəsində təcrübəsi olan insanlar təmsil olunaraq öz fikirlərini bildirəcəklər".




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər