Yeni və daha təhlükəli virus yayılacaq - Xəbərdarlıq
Tarix: 30-10-2021 08:56 | Bölmə: Cəmiyyət
Yeni və daha təhlükəli virus yayılacaq

“Yer kürəsində başqa bir virusun yayılmasının qarşısını almaq qeyri-mümkündür və bioloji baxımdan danılmazdır”.

Reyting.az
xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Romada G20-nin maliyyə və səhiyyə nazirlərinin görüşündə deyib.

Qebreyesus dünya ictimaiyyətini mövcud COVID-19 pandemiyasından dərs almağa və yeni pandemiyaya hazırlaşmağa çağırıb.

ÜST rəhbərinin sözlərinə görə, hazırki pandemiyaya son qoysaq belə, onun bizə öyrətdiyi “dərsləri” öyrənməli və növbəti pandemiyaya hazırlaşmalıyıq:

"Bioloji nöqteyi-nəzərdən nə vaxtsa başqa bir virusun olacağına heç bir şübhə yoxdur, onun qarşısını ala bilməyəcəyik".

Qebreyesus əlavə edib ki, yüksək səviyyəli təhdidlər onlara qarşı mübarizə aparmaq üçün yüksək səviyyəli siyasi iştirak tələb edir. O, bununla əlaqədar G20-ni pandemiyaya hazırlığa, ona cavab tədbirləri ilə bağlı hüquqi cəhətdən məcburi beynəlxalq sazişin bağlanmasını dəstəkləməyə çağırıb. Bu məsələ ilə bağlı qərarın Ümumdünya Səhiyyə Assambleyasının noyabrda keçiriləcək xüsusi sessiyasında qəbul edilməsi planlaşdırılır.

ÜST rəhbəri dünyada vaksinlərə çıxışda bərabərliyin olmamasına da diqqət çəkib. Bildirib ki, hazırda dünya sakinlərinin 36 faizi koronavirusa qarşı tam peyvənd olunub, lakin Afrikada bu rəqəm cəmi 6 faizdir.

Baş direktor vurğulayıb ki, peyvəndlər insanların həyatını xilas etsə də, infeksiyanın ötürülməsini dayandırmır. Ona görə də hər bir ölkə bütün vasitələrdən, o cümlədən səhiyyə və sosial sahədə hazırlanmış tədbirlərdən sınaq, müalicə və vaksinlərlə birgə istifadə etməlidir.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq