Yeni yaradılmış ASC-də dəyişiklik edildi – Sərəncam
Tarix: 02-09-2016 19:09 | Bölmə: Gündəm

Azərbaycan prezidenti İlham Əliyev "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Sərəncam imzalayıb.

Sənəddə deyilir ki, "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 702) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.2.4-cü yarımbənddən "müşahidə şurasının və” sözləri çıxarılsın;

1.2. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

"4. Müəyyən edilsin ki:

4.1. Cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirmək məqsədilə İdarə Heyəti yaradılır;

4.2. Cəmiyyətin İdarə Heyətinin sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir;

4.3. Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.”

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin”.

Sərəncamda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Reyting.az





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər