“Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb
Tarix: 20-09-2021 15:34 | Bölmə: İqtisadiyyat
“Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə “Bakı Gəmiqayırma Zavodu” MMC-də (BGZ) inşa edilmiş “Akademik Xoşbəxt Yusifzadə” neftdaşıyan tankeri inşasının növbəti mərhələsinə qədəm qoyub.

Reyting.az
ASCO-ya istinadla bildirir ki, bu məqsədlə gəmi zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsilə suya salınıb.

Tədbirdə “Akademik Xoşbəxt Yusifzadə” tankerinin parametrləri və texniki göstəriciləri barədə də ətraflı məlumat verilib. Bildirilib ki, gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb. Volqa-Don MAX layihəsi olan gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don çayından keçmək imkanına malikdir. “Akademik Xoşbəxt Yusifzadə” tankerinin uzunluğu 141, eni 16.9, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 uzel sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kub metr olan 6 yük çəninə malikdir. Dedveyti dənizdə 7,875 T və çayda 5,447 T olan gəmi hər biri 1,200 kW gücə malik iki ədəd “Wartsila” istehsalı mühərriklərlə təchiz edilib.

Çıxışlardan sonra “Akademik Xoşbəxt Yusifzadə” tankeri tikintisinin növbəti mərhələsinin davam etdirilməsi məqsədilə suya salınıb. Suya salınmaq üçün müvafiq düyməni ADDA tələbələri və Zavod əməkdaşları sıxıb.

Tədbir çərçivəsində ADDA tələbələri BGZ-nin fəaliyyəti və burada tikilən yeni gəmilərlə yaxından tanış olublar.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər