Pandemiya 100 milyon insanı yoxsullaşdırıb
Tarix: 14-10-2021 23:28 | Bölmə: İqtisadiyyat
Pandemiya 100 milyon insanı yoxsullaşdırıb

Pandemiya üzündən dünyada 100 milyon adam yoxsulluğa düçar olub. Reyting.az-ın məlumatına görə, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.

Baş katib əlavə edib ki, pandemiyaya görə 4 milyarda yaxın insan sosial dəstəkdən və səhiyyə xidmətindən məhrum olub, habelə ehtiyac duyduğu halda işsiz və gəlirsiz qalıb.

Antonio Quterreş dünyada koronavirus əleyhinə peyvəndlərin qeyri-bərabər bölüşdürüldüyünü də söyləyib. O bildirib ki, vaksin bərabərsizliyi həm dünyada milyonlarla insanı ölümə aparır, həm də trilyonlarla dollara başa gələ biləcək iqtisadi tənəzzülün ömrünü uzadır. Baş katib vurğulayıb ki, iqtisadi tənəzzül xüsusilə ən kasıb ölkələrdə müşahidə olunur.

Quterreş proqnozlara əsaslanaraq deyib ki, dünya qlobal iqtisadi artımın orta mərhələsində, ümumi daxili məhsulun həcminin 5%-dən 6%-dək yüksəldilməsi yolundadır: “Ancaq inkişafda olan ölkələr kateqoriyasına aid bir çox dövlət hələ bu göstəricidən geridə qalır. İqtisadi baxımdan inkişaf etmiş ölkələr öz ümumi daxili məhsulunun 28%-ni iqtisadiyyatın bərpasına xərcləyir. İmkansız ölkələrdə isə bu göstərici 1,8% təşkil edir”.

BMT-nin Baş katibi investisiyaların həcmini artırmağa çağırıb və deyib ki, investisiyalar həm böhranı qısa müddətə aradan qaldırmağa, həm də uzunmüddətli bərpaya yönəldilməlidir.(Novator.az)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər