Samir Şərifov: “2022-ci ilin dövlət büdcəsinin xərclərinin 89,7 %-ni gəlirlər əhatə edəcək"
Tarix: 10-11-2021 13:30 | Bölmə: İqtisadiyyat
Samir Şərifov: “2022-ci ilin dövlət büdcəsinin xərclərinin 89,7 %-ni gəlirlər əhatə edəcək"

"2022-ci ilin dövlət büdcəsinin xərclərinin 89,7 %-nin maliyyələşdirilməsinə təminat yaradacaq dövlət büdcəsinin gəlirləri 26 milyard 816 milyon manat məbləğində nəzərdə tutulur ki, bü da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 1 milyard 389 milyon manat yaxud 5,5 %, gözlənilən icrasına nisbətən isə 739 milyon manat yaxud 2,8 % çoxdur".

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı bildirib.

“Daxilolmaların tərkibində neft gəlirləri 54,8 % yaxud 14 milyard 690 milyon manat, qeyri-neft gəlirləri isə 45,2 % və ya 12 milyard 126 milyon manat təşkil edəcək. Gələn il İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 8 milyard 820 milyon manat daxilolma nəzərdə tutulub ki, bu da cari ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1 milyard 570 milyon manat yaxud 21,7 %, gözlənilən icraya nisbətdə isə 376 milyon manat və ya 4,5 % çoxdur.

Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 4 milyard 260 milyon manat və ya cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 360 milyon manat yaxud 9,2 % çox, gözlənilən icraya nisbətdə isə 95 milyon manat və ya 2,3 % çox daxilolma nəzərdə tutulur.

2022-ci ildə büdcə təşkilatlarının büdcədənkənar daxilolmalar üzrə 760 milyon manat, sair daxilolmalar üzrə isə 266 milyon manat vəsait proqnozlaşdırılır. Xərclərin maliyyələşdirilməsi üçün açıq qalan 3 milyard 63 milyon manat həcmində hissə büdcə kəsirini formalaşdırır və onun ÜDM-ə nisbəti 3,5 % səviyyəsində proqnozlaşdırılır.

Büdcə kəsirinin örtülməsi özəlləşmədən daxilolmalar 114 milyon manat, xarici və daxili borclanmadan 1 milyard 693 milyon manat və vahid xəzinə hesabının qalığı 1 milyard 256 milyon manat hesabına nəzərdə tutulur”, - deyə nazir əlavə edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər