Pərviz Şahbazov: “Neft qarşıdakı onilliklər ərzində əsas enerji mənbəyi olaraq qalacaq”
Tarix: 11-11-2021 11:16 | Bölmə: İqtisadiyyat
Pərviz Şahbazov: “Neft qarşıdakı onilliklər ərzində əsas enerji mənbəyi olaraq qalacaq”

“Neft qarşıdakı onilliklər ərzində əsas enerji mənbəyi olaraq qalacaq”.

Bunu “Asharq Al-Awsat” nəşrinə müsahibəsində energetika naziri Pərviz Şahbazov bildirib.

Bununla belə, onun sözlərinə görə, dünyanın gələcəyi “qarışıq enerji” konsepti çərçivəsində olacaq.

Nazir əlavə edib ki, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və onun müttəfiqlərinin səyləri qlobal enerji bazarlarının tənzimlənməsinə kömək edib.

P.Şahbazov Azərbaycanın Səudiyyə Ərəbistanı ilə strateji əməkdaşlığı gücləndirmək niyyətində olduğunu da deyib və bildirib ki, bu, bir neçə iqtisadi sahəni əhatə edə, iki ölkə arasında iqtisadi əməkdaşlığı, xüsusən də enerji sahəsində əməkdaşlığı gücləndirə bilər:

“Səudiyyə Ərəbistanı və Azərbaycan bərpa olunan enerji ilə bağlı bir sıra layihələrdə iştirak edəcək. Biz Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək elektrik stansiyasının tikintisi üçün müqavilə imzalamışıq. Bu, təkcə Azərbaycanda deyil, həm də bütün region ölkələrində bərpa olunan enerji mənbələrinin inkişafı baxımından vacibdir”.

P.Şahbazov əlavə edib ki, rəsmi Bakı Ər-Riyadla qaz sahəsində də əməkdaşlığa diqqət yetirir: "Bizim qaz sektorunda və qaz enerjisinin istehsalı sahəsində əməkdaşlıq etmək istəyimiz var ki, bu da yaxın vaxtlarda iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün kanallardan biri olacaq”.

Bundan başqa, onun sözlərinə görə, Azərbaycan və Səudiyyə Ərəbistanı əvvəllər müxtəlif ticarət, diplomatik və siyasi sazişlər imzalayıblar ki, əlavə danışıqlar və məsləhətləşmələr vasitəsilə bunları daha gücləndirməyə ehtiyac var: "İki ölkənin neft-qaz sahəsində əməkdaşlığı qlobal neft və qaz bazarlarının sabitliyi üçün həyati əhəmiyyət kəsb edir. Səudiyyə Ərəbistanı qlobal bazar tarazlığının möhkəmləndirilməsində və enerji qiymətlərinin sabitləşdirilməsində onilliklər boyu xüsusi rol oynayıb"




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}