Əvəz Zeynallının səhhəti pisləşib
Tarix: 20-09-2022 00:10 | Bölmə: Xəbərlər
Əvəz Zeynallının səhhəti pisləşib

“Xural TV” telekanalının redaktoru, həbsdə olan Əvəz Zeynallının vəziyyəti pisləşib. Bu barədə “Turan”a onun qızı Selcan Zeynallı məlumat verib. O, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında atasına baş çəkib.

“Atam şəkər xəstəsidir. Hazırda gözlərində problem yaranıb. Kəskin bel ağrıları atama əziyyət verir. Dərman qəbul edir. Amma ixtisaslı tibbi müalicəyə ehtiyacı var. Onu dar təkadamlıq kamerada saxlayırlar, havasızdır, günəş işığı düşmür”, - S. Zeynallı deyib.

Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətindən şərh almaq mümkün olmayıb.

Qeyd edək ki, sentyabrın 10-da Əvəz Zeynallı və vəkil Elçin Sadıqov prokurorluq tərəfindən saxlanılıb, sentyabrın 11-də isə Binəqədi məhkəməsi onların hər ikisini 4 ay müddətinə həbs edib.

Zeynallıya qarşı Azərbaycan Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma), Sadıqova isə 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almağa kömək etmə) maddələrilə ittiham irəli sürülüb.

Əvəz Zeynallı və Elçin Sadıqov deyilənləri təkzib edərək, həbslərini öz peşə fəaliyyətlərilə əlaqələndiriblər.

Beynəlxalq təşkilatlar vəkil və jurnalistin həbsini pisləyiblər. Onlar Azərbaycan hakimiyyətini adıçəkilən şəxsləri azad etməyə çağırıblar.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi vəkil Elçin Sadıqovu ev dustaqlığına buraxıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}