Rusiya hökuməti və ziyalılar həyəcan təbili çalır: ölkə russuz qalacaq - Foto
Tarix: 08-09-2019 23:19 | Bölmə: Slayd
Rusiya hökuməti və ziyalılar həyəcan təbili çalır: ölkə russuz qalacaq

Bu ilin ilk beş ayı ərzində Rusiyada ölənlərin sayı doğulanlardan 180,4 min məfər çox olub. Yarım il ərzində isə bu rəqəm 198,8 minə çatıb. Yanvardan iyula qədər Rusiya əhalisinin sayı artıq 209,7 min nəfər azalıb.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Statistika İdarəsi (ROSSTAT) məlumat yayıb.

Rusiya Federasiyası Ümumi Palatasının hazırladığı “Demoqrafiya-2024” məruzəsinin məlumatlarında isə göstərilir ki, doğum səviyyəsi bu şəkildə davam edəcəyi təqdirdə, 2024-cü ildə Rusiya əhalisi hər il 600 min nəfər azalacaq.

“ROSSTAT”ın proqnozlarına görə, 2036-cı ildə hər il Rusiyaya təxminən yarım milyon miqrant gələcək. Odur ki, ruslar iqtisadiyyatın çökməməsinə görə, istər-istəməz “qastarbayterlərə” minnətdar olacaqlar. Azalan əhalinin ruslar olduğunu nəzərə alsaq, bu durum Rusiya hökumətini və rus ziyalılarını ciddi narahat edir. Onlar Rusiyanın russuz qalacağından əndişələnirlər.

Yazıçı Sergey Şarqunov “Komsomolskaya Pravda” qəzetinə verdiyi açıqlamada bildirib ki, Nijeqorod, Rostov, Vorenej, Tula və Saratov vilayətləri ölən regionlara aiddirlər.

Ancaq doğumun ölümü üstələdiyi bölgələr də var: bunlar qeyri-rusların yaşadığı Yakutiya, Tıva, Çeçen, İnquşetiya və Şimali Qafqazın digər respublikalarıdır. Bu məlumatı da “Demoqrafiya və insan kapitalı” laboratoriyasının elmi əməkdaşı Andrey Korotayev verib.

Deyilənlərdən belə bir nəticə hasil olur ki, Rusiyada sürətlə azalmaqda olan rus əhalinin yerini miqrantlar dolduracaq və onların arasında Orta Asiyadan gələnlər üstünlük təşkil edəcək. Hazırda internet bu tipli həyəcanlı xəbərlərlə dolub-daşır. Əgər 2010-cu ildə ruslar Rusiya əhalisinin 80,9 faizini təşkil edirdilərsə, qarşıdakı demoqrafik metamorfozalar nəticəsində bir neçə on ildən sonra onlar azlıqda qalacaq və Rusiya müsəlman ölkəsinə çevriləcək.

Rusiya hökuməti və ziyalılar həyəcan təbili çalır: ölkə russuz qalacaq

“Miqrantlar olmadan biz heç cür keçinə bilmərik”, – bu sözləri Demoqrafiya və ali iqtisadiyyat institutunun direktoru Anatoli Vişnevski söyləyib. Onun sözlərinə görə, “xaricdəki yurddaşlarımızın ölkəyə cəlb olunmasının perspektivi yoxdur. Öz əhalimiz bizə çatmır. Rusiya kimi nəhəng əraziyə malik ölkə üçün bizim sayımız çox azdır. İşçi qüvvəsi çatışmır, ərazimizin böyük hissəsi məskunlaşmayıb və biz ondan faydalı qazıntı anbarı kimi istifadə edirik. Bu isə doğru deyil. Üstəlik, əhali azalmaqla bərabər, həm Sibiri və Uzaq Şərqi tərk edərək ölkənin Avropa hissəsinə köç edir. Əgər miqrantlardan imtina etsək, bu proses daha da sürətlənəcək”.

Bir neçə il əvvəl illik “Rusiya əhalisi” demoqrafik məruzəsində A. Vişnevski və həmkarları həyəcan təbili çalmışdılar:

“Rusiya əhalisini minimal kafi səviyyə sayılan 144 milyon nəfər həddində saxlamaq üçün 2075-ci ildə miqrantlar və onlardan törəmələr 50 faizdən çox olacaq və bu nisbət ilbəil artacaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər